Fransadan yüksəkriskli qida məhsullarının idxalına məhdudiyyət qoyulacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransada fəaliyyət göstərən və təsdiqdən keçməyən qida obyektlərindən
yüksəkriskli qida məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulacaq.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” qanunun 20.3-cü və 24.5-ci
maddələrinə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli məhsulların
Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin
məhsulların istehsalı və emalı ilə məşğul olan qida obyektləri cavabdeh qida
subyektlərinin müraciəti əsasında agentlik tərəfindən təsdiq edilməlidir.
Müvafiq qanunun icrasını təmin etmək məqsədilə bir sıra dövlətlərdən, o
cümlədən də Fransa Respublikasından ölkəmizə bu cür qida məhsullarının idxalı
ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, onlara
yüksəkriskli qida və yem məhsullarının idxalı sahəsində həyata keçirilən
tədbirlər barədə ətraflı məlumat verilib. Lakin Fransadan onlarla müəssisədən
respublikamıza məhsul idxal olunmasına, eləcə də dəfələrlə xəbərdarlıq
edilməsinə baxmayaraq, agentliyə bu ölkənin istehsalçılarından təsdiqlə bağlı
müraciətlər daxil olmayıb. Bununla əlaqədar, 2023-cü il 1 noyabr tarixindən
etibarən təsdiq üçün müraciət etməyən Fransa müəssisələrindən ölkəmizə
yüksəkriskli qida məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunacaq.