“Fransanın Azərbaycan diplomatlarını “arzuolunmaz şəxs” elan etməsi
zəifliyinin göstəricisidir” – RƏY + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin üzvü, deputat Cavanşir Feyziyev Fransanın Azərbaycan diplomatlarını
“arzuolunmaz şəxs” elan etməsini onun zəifliyinin göstəricisi hesab edir.
O, “Report”a açıqlamasında bildirib ki, Emmanuel Makronun prezidentliyi
dövründə Fransa siyasəti bütün istiqamətlərdə iflasa uğrayıb:
“Fransa qoşunlarının dörd Qərbi Afrika ölkəsindən qovulması, müstəmləkə
ərazilərində Fransa hakimiyyətinə qarşı etirazların güclənməsi, ölkə daxilində
aparılan islahatların uğursuzluğu və daxildə səngimək bilməyən etirazlar Fransa
hökümətini iflic vəziyyətə gətirib. İş o yerə çatıb ki, prezident Makron sosial
təminat sahəsində “islahat” adı altında həyata keçirdiyi qanun dəyişikliklərini
parlamentdə müzakirə edilmədən imzalamağa məcbur olub”.
C.Feyziyev deyib ki, Fransanın beynəlxalq siyasət istiqamətində bütün cəhdləri
uğursuzluqla nəticələnib: “Şərqi Aralıq dənizində Türkiyə-Yunanıstan ixtilafına
uğursuz müdaxilə cəhdi, Liviyada Türkiyə ilə rəqabəti birdəfəlik uduzması,
Rusiya-Ukrayna müharibəsinə birmənalı olmayan dəyişkən münasibəti Fransanı
dəfələrlə beynəlxalq miqyasda biabır edib. Son üç ildə ölkəmizə qarşı
Ermənistanın haqsız mövqeyini BMT Təhlükəsizlik Şurasında dəstəkləmək cəhdləri
də digər üzv dövlətlər tərəfindən dəfələrlə rədd edilib. Bütün bunlar Fransa
siyasətinin bütün istiqamətlərdə yarıtmaz olduğunu göstərir”.
Milli Məclisin üzvü, həmçinin vurğulayıb ki, Makron hökümətinin Azərbaycanın
iki diplomatının ölkədən çıxarılması haqqında qərarı isə bir daha Fransanın
hadisələrin ardınca süründüyünü sübuta yetirir:
“O, bu addımı casusluqda ittiham olunan iki fransalı diplomatın ölkəmizdən
qovulmasına “cavab addımı” kimi atıb. Fransalı diplomatların qeyri-qanuni
fəaliyyəti beynəlxalq səviyyədə sübut olunmuş faktdır. Lakin Fransa hökümətinin
diplomatlarımızı nədəsə günahlandırmağa heç bir əsası və dəlili yoxdur. Ona
görə də Fransa höküməti tərəfindən iki diplomatımızın “arzuolunmaz şəxs” elan
edilməsi onun zəifliyinin və fakt qarşısında acizliyinin göstəricisidir”.