Fransanın azərbaycanofob siyasətinin nümunəsi: Yelisey sarayı beynəlxalq
hüquqa hörmətsizlik edir – ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan bu gün özünün uğurlu diplomatik gedişləri ilə dostlarının sayını
artırır, bir çox dövlətlərlə münasibətlərini gücləndirir. Təsadüfi deyil ki, 30
il ərzində Qarabağ münaqişəsinin həllinə kömək etməyən, əksinə prosesi uzatmağa
çalışan keçmiş Minsk qrupunun iki həmsədri – Rusiya və ABŞ ilə Azərbaycanın
kifayət qədər normal münasibətləri var. Çünki hər iki dövlət rəsmi Bakının
yaratdığı yeni reallıqları qəbul edir. Bundan fərqli olaraq, müxtəlif sahələrdə
həm Rusiyadan, həm də ABŞ-dən geridə olan digər keçmiş həmsədr dövlət Fransa
isə nəinki rəsmi Bakının maraqlarını görməzdən gəlir, həm də zaman-zaman ona
qarşı qərəzli mövqe sərgiləyir.
Yelisey sarayı hər fürsətdə ermənipərəst mövqeyini və Azərbaycana qarşı
qərəzini ortaya qoyur. Məsələn, Fransanın Baş naziri Qabriel Attal martın 20-də
Fransanın Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının illik tədbirində
növbəti dəfə absurd və qərəzli fikirlər səsləndirib. O bildirib ki, Azərbaycan
qoşunlarını Ermənistanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Onun
sözlərinə görə, İrəvana müstəqilliyini, demokratiyanı, suverenliyi və ərazi
bütövlüyünü qorumaq üçün kömək etmək lazımdır.
Azərbaycan Xarici İşlər Nazirliyi martın 21-də rəsmi Parisə cavab verib.
Bəyanatda rəsmi Bakı Fransanı öz tarixindən dərs çıxarmağa, daxili işlərinə
qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırıb.
Öncə onu deyək ki, Qarabağ tarixi Azərbaycan torpaqlarıdır. Rəsmi Bakının
kimsənin torpaqlarında gözü yoxdur. Prezidentİlham Əliyev də bunu dəfələrlə
bildirib. Azərbaycan Qarabağda öz ərazi bütövlüyünü bərpa edib. Bütün dünya, o
cümlədən Ermənistan baş naziri Nikol Paşinyan belə Qarabağı Azərbaycanın
ərazisi kimi tanıyıb. Rəsmi Paris isə bunları görməzdən gəlir. Bu, Azərbaycana
qarşı qərəzin təzahürü olmaqla yanaşı, həm də beynəlxalq hüquqa hörmətsizlik,
laqeydlikdir. Hərçənd Yelisey sarayı ona sərf edəndə beynəlxalq hüquq
“bayrağını” qaldırır. Bu da o deməkdir ki, mövcud Fransa hakimiyyəti ikili
standartlarla hərəkət edir.
İkincisi, rəsmi Parisin neokolonializm siyasəti çoxlarına məlumdur. Fransa
uzun müddətdir ki, ayrı-ayrı Afrika ölkələrini əsarətdə saxlayıb, onların təbii
sərvətlərini mənimsəyib. Özü də bütün dünyanın gözü qarşısında. Məsələn, Sakit
okeanın cənub-qərb hissəsində yerləşən Yeni Kaledoniya 1853-cü ildən Fransanın
işğalı altındadır. Bu ada dövləti illərdir ki, müstəqillik uğrunda mübarizə
aparır.
Göründüyü kimi, bu gün beynəlxalq təşkilatların qətnamələrinə, çağırışlarına
baxmayaraq, Fransa neokolonializm siyasətini davam etdirir. Bu utancverici
səhifənin tamamilə qapadılması üçün dünya birliyi səylərini gücləndirməlidir.
Beləliklə, Prezident Emmanuel Makron hökuməti öz gözündə tiri görməyib
başqasının gözündə çöp axtarır.
Bundan başqa, Qarabağ Azərbaycanın daxili məsələsidir. Fransa Qarabağla bağlı
bəyanatlar səsləndirməklə Azərbaycanın daxili işlərinə qarışır. Bu isə yalnız
Azərbaycanın ərazi bütövlüyünə, həm də beynəlxalq hüquqa hörmətsizlikdir.
Başqa bir məqam ondan ibarətdir ki, Fransa BMT Təhlükəsizlik Şurasının (TŞ)
daimi üzvlərindən biridir. Məlum olduğu kimi, BMT TŞ keçmiş Dağlıq Qarabağ
münaqişəsi ilə dörd qətnamə qəbul etmişdi. Həmin qətnamələr vaxtı ilə icra
olunsa idi, nə İkinci Qarabağ müharibəsinə, nə də antiterror tədbirlərinə
ehtiyac qalardı. Amma BMT TŞ-nin digər daimi üzvləri kimi, Paris də sözügedən
qətnamələrin icrasına kömək etmədi. Beləliklə, Azərbaycan torpaqları həmin
qətnamələrin tələbinə zidd şəkildə uzun illər işğal altında qaldı.
Rəsmi Bakının Fransaya cavab bəyanatında göstərildiyi kimi, Azərbaycanın 8
kəndi hələ də işğal altındadır. Bununla bağlı Azərbaycanla Ermənistan arasında
müntəzəm danışıqlar gedir. Amma Fransa bu məsələyə də səssiz yanaşır.
Hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına
qarşı çıxmayan Fransanın heç bir əsas olmadan Azərbaycanı güc tətbiqində
təqsirləndirməsi absurddur.
Rəsmi Paris başa düşməlidir ki, hazırkı siyasəti ilə regionla bağlı heç bir
məqsədinə çata bilməyəcək. Çünki bu aqressiv, riyakar ritorika Cənubi Qafqazın
əsas siyasi aktoru olan rəsmi Bakı ilə münasibətlərdə ziddiyyətlər yaradır. Bu
isə Makron hökumətinin regionla bağlı planlarının üstündən xətt çəkir.
“Report” İnformasiya Agentliyi