Fransanın çöküşü: Afrikadakı 500 illik ağalığın sonu – ŞƏRH + FOTO

Baxış sayı: 517 dəfə baxılıb.

Fransanın çöküşü: Afrikadakı 500 illik ağalığın sonu – ŞƏRH + FOTO

Dünyaya hökm edən dövlətlərdən olmuş Fransa qlobal miqyasda çöküşünü yaşayır.
Bunun üçün çoxsaylı faktlar və hadisələr sadalamaq olar.

Ötən gün Fransanın 94 senatoru məktub yazaraq Prezident Emmanuel Makronun
Afrika siyasətinin iflasa uğradığını bildiriblər. Onlar Afrikanın Fransa ilə
əlaqələrdən imtina etdiyini və bütün bəlalara görə məsuliyyəti fransalı “Böyük
şeytan”ın daşıdığını vurğulayıblar. Senatorlar qeyd ediblər ki, Mali, Mərkəzi
Afrika Respublikası, Burkina-Faso, indi isə Niger Fransadan, onun
şirkətlərindən və ordusundan imtina edir, ölkədə anti-Fransa nümayişləri
keçirilir. Senatorlar Makrondan Moskva və Pekinin nüfuzunun Afrikada
yüksəlməsinə Parisin imkan verməsinin səbəbini soruşublar: “Dünənki
Franko-Afrikanı Russo-Afrika hərbçiləri, Çin-Afrika iqtisadiyyatı və ABŞ-Afrika
diplomatiyası əvəzləyəcək”. Onlar frankofoniyanın ingilis dili ilə müqayisədə
tənəzzülünün məyusedici olduğunu bildiriblər. Eyni zamanda senatorlar
anti-Fransa nümayişlərinin Parisə dost sayılan Kot-d-İvuarda, yaxud Seneqalda
da keçirildiyini qeyd ediblər.
Fransanın Əlcəzairdə törətdikləri tarixin ən böyük üz qaralarındandır. Bu
ölkədə fransız dili artıq ingiliscə ilə əvəz edilir. Senatorlar Prezident
Əbdülməcid Tebbunun Parisə rəsmi səfərini daima təxirə salmasında da, “Böyük
şeytanı” ittiham ediblər, əlcəzairlilərin bütün məzlumiyyətlərinə görə
məsuliyyəti onun daşıdığını vurğulayıblar. Mərakeşin də Fransadan uzaqlaşdığı
və özünə yeni tərəfkeş axtardığı məsələsi də qeyd edilib.

Nigerdəki çevriliş Fransanın Afrika siyasətinin fiaskoya uğradığını bir daha
təsdiqləyir. Rəsmi Paris vətəndaşlarını ölkədən təxliyə etməyə başlayıb. Fransa
Xarici İşlər Nazirliyi isə bildirib ki, vətəndaşlarına, hərbçi və
diplomatlarına hücumun cavabı təxirə salınmadan veriləcək:

“Prezident Emmanuel Makron Fransa maraqlarına hücuma dözməyəcək”. Bu, Fransa
hərbisi və diplomatiyasının Afrikada iflasının, məğlubiyyətinin etirafıdır. Baş
verənlərə əsasən ehtimal etmək olar ki, Fransa Afrikadan növbəti dəfə qovulur.
Başqa sözlə, bu qitənin vətəndaşları Fransanın yeni müstəmləkəçilik siyasəti
ilə yaşamaq istəmirlər.

Qeyd edək ki, ilk dəfə qitədə Fransa müstəmləkəsi 1524-cü ildə yaradılıb.
Qitənin ərazisinin 35 faizi 300 il onun nəzarəti altında olub. Seneqal,
Kot-d-İvuar və Benin qul ticarəti mərkəzinə çevrilmişdi. Fransa Afrikanın
yeraltı, yerüstü sərvətlərini talayır, insanlarını isə qul kimi satırdı.
Qitənin istənilən bölgəsində onların ağalığına qarşı üsyanın qarşısı sərt
şəkildə alınırdı. Afrika xalqları bu mübarizədə iki milyondan çox qurban
veriblər.

Dünya dəyişsə də, Fransanın Afrika xalqlarına və dövlətlərinə münasibəti
dəyişməyib. Son illər Emmanuel Makronun “yumşaq güc” siyasəti də iflasa
uğrayır. Çünki fransalılar hələ də elə zənn edirlər ki, qitənin əhalisi,
ölkələri Fransanın qulları, müstəmləkə torpaqlarıdır. Buna sübut olaraq 2014-cü
ildə Mali, Burkina-Faso, Mavritaniya, Niger və Çada “islamçı qruplaşmalara
qarşı” mübarizə üçün beş min hərbçinin iştirakı ilə keçirdiyi “Barxan”
əməliyyatını göstərmək olar.
Fransa Asiyadan da sıxışdırılır. Ərəb ölkələrinin çoxu uzun illərdir
əlaqələrdə üstünlüyü ABŞ, Böyük Britaniya, Çin və Türkiyəyə verirlər. Fransanın
Livandakı əməlləri onun ərəb dünyasında da siyasətinin uğursuzluğunu
təsdiqləyir. Vyetnam, Kamboca, Laos kimi keçmiş müstəmləkə əraziləri də
Fransadan imtina ediblər. Bu ölkələr də ABŞ, Avstraliya, Çin və Yaponiya ilə
əməkdaşlığa üstünlük verirlər.

Emmanuel Makron və başçılıq etdiyi komanda Afrikadakı iflası Cənubi Qafqaza
soxulmaqla əvəzləməyə çalışır. Ancaq ənənəvi qərəzli yanaşması onun bölgədən
çıxması ilə nəticələnəcəyini, yaxud yer tuta bilməyəcəyini deməyə əsas verir.
Bəs Fransa niyə iflas olur? İlk növbədə, bu ölkə keçmiş müstəmləkə ölkələrinə
münasibətini dəyişə bilmir. Hələ də onları qul, özünü quldar görür. Fransanın
xarici siyasətində dini ayrı-seçkilik aparıcı ideologiyadır. Ölkə daxilində
belə insanlar dərilərinin rənglərinə görə, irqi ayrı-seçkiliyə məruz qalırlar.

Daim demokratik dəyərləri ilə seçilən ölkə beynəlxalq aləmdə bu sifətini
qoruya bilmir. Azərbaycan-Ermənistan məsələlərinə münasibətdə bunu daha aydın
görmək mümkündür. 30 il işğalçını müdafiə etmiş Yelisey sarayı ədalətli
vasitəçi və münaqişələrə də hakim ola bilməz. Odur ki, Fransa qlobal
münaqişələrdə vasitəçi olmaq kimi missiyadan da məhrum olur.
Ölkə iqtisadiyyatında elə ciddi inkişaf nəzərə çarpmır. Bunun başlıca
səbəblərindən biri kimi onun iqtisadi əməkdaşlığı siyasi ambisiyalarına qurban
verməsi göstərilir. Fransa kimi ölkədə əhalinin on faizi kasıblıq həddindən
aşağı səviyyədə yaşayır. Ehtimal etmək olar ki, sosial-iqtisadi geriləməsi onun
“Böyük Yeddilik”dəki (“G7”) yerinin laxlayacağını ehtimal etməyə əsas verir.

Beləliklə, 500 il Afrikada mövcud olan, Avropa İttifaqının aparıcı dövləti
sayılan Fransanın çöküşü davam edir. Hazırda onun Afrikadan qovulmasının
növbəti dalğası baş verir. Onun dünya gücü kimi səhnədən gedəcəyi gün də uzaqda
deyil. Dünya ictimaiyyəti möhtəşəm imperiyalardan olmuş, demokratiya mərkəzi
olaraq çıxış etmiş Fransanın iflasına tarixi şahidlik edir.

“Report” İnformasiya Agentliyi

Source link