9484dea1-3ff6-4127-9a12-93428823639f.jpg

Fransanın müstəmləkə siyasətinə tərs şillə: “Beş-on il ərzində onun da sonu gələcək”

Baxış sayı: 37 dəfə baxılıb.

“Oktyabrın 15-də Fransa ərazisində panafrikan siyasi fəal Kemi Seba
hüquq-mühafizə orqanları tərəfindən əsassız və qanunsuz şəkildə həbs edilib.
Kemi Seba bir müddət əvvəl Bakıda Afrikada Fransanın neokolonializm siyasətinə
həsr edilən beynəlxalq konfransda iştirak edib. Bundan sonra Kemi Sebanın
rəhbərlik etdiyi qeyri-hökumət təşkilatı və Bakı Təşəbbüs Qrupu (BTQ) arasında
əməkdaşlıq başladı. Yəni Fransa hökumətinin bu ərəfədə belə bir addım atması
heç də təsadüfi hadisə deyil. Bu, Fransa hökumətinin Bakı Təşəbbüs Qrupunun
uğurlu fəaliyyətinə olan və beynəlxalq ictimaiyyətə tanış reaksiyasıdır”.

Bunu Cixisyolu.com-a müsahibəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru
Abbas Abbasov deyib. Onun sözlərinə görə, bu gün azadlığa buraxılan
Kemi Seba panafrikan
qeyri-hökumət təşkilatının rəhbəri olmaqla yanaşı, həm də Niger Respublikası
prezidentinin müşaviridir. Buna görə də o, Fransa ərazisinə diplomatik
pasportla daxil olub:

– Amma bu faktlara baxmayaraq, Fransanın hüquq-mühafizə orqanları onu qanunsuz
şəkildə həbs etdi. Bu isə birbaşa Kemi Sebanın siyasi fəaliyyəti ilə, yəni
Fransa müstəmləkəçiliyinə qarşı apardığı mübarizəsi ilə bağlıdır. Bu bir daha
onu göstərir ki, Fransa Afrikada öz neokolonializm siyasətini yürütməyə davam
edir.

– Fransa tərəfindən Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə hansı maneələr
törədilir?

– Fransa hökumətinin bu kimi addımlarını biz ilk dəfə deyil ki, müşahidə
edirik. Bizimlə əməkdaşlıq edən digər siyasi partiyaların, müqavimət
partiyalarının rəhbərləri və milli müstəqillik hərəkatlarının üzvlərini də bu
formada, yəni öz üsulları ilə sıxışdırmağa davam edirlər. Bu, Bakı Təşəbbüs
Qrupunun son bir ildə neokolonializmlə bağlı apardığı mübarizə müstəvisindəki
uğurlu fəaliyyəti ilə bağlıdır.

– Son illərdə Fransanın müstəmləkəsi olan ölkələr ardıcıl olaraq Parisin bu
fəaliyyətinə qarşı çıxır və etirazlar hər keçən gün böyüyür. Görünən odur ki,
bu addımlar Fransanı daha da aqressivləşdirir və onu neokolonial siyasətə daha
da təhrik edir. Siz necə düşünürsünüz?

Fotoda Kemi Seba

– Təəssüf ki, elədir. Baxmayaraq ki, hazırda müstəmləkə sayılan Yeni
Kaledoniya, Fransız Polineziyası və Martinikdə milli müstəqillik hərəkatları
müqavimət göstərir və BMT-nin 14 və 15 nömrəli qətnamələrinin həyata
keçirilməsini, yəni birbaşa beynəlxalq hüququn tələbinin yerinə yetirilməsini
tələb edirlər, Fransa nəinki bu qətnamələrə əməl edir, hətta Afrikada artıq öz
müstəqilliyini əldə edən ölkələrdə də öz neokolonial siyasətini yürütməyə davam
edir. Bu siyasətini də çox şiddətli şəkildə tətbiq etməyə davam edəcəyi görünür.

– Fransanın özünün dövlət kimi ayaqda qalması istismar etdiyi müstəmləkə
ölkələrinin yeraltı və yerüstü sərvətləri sayəsindədir…

– Bəli! Çünki neokolonializm iqtisadi və maliyyə sektorları üzərində bir
dövləti əsarəti altında saxlamaqdır. O da yaxşı məlumdur ki, Afrika ölkələri
müstəqil olsalar da, neokolonializm siyasətinin təsiri altındadırlar.

– Perspektivdə bu siyasətin sona çatacağı və müstəmləkə altında olan xalqların
heç bir asılılıq olmadan öz müqəddəratlarını həll edəcəyini demək olarmı? Çünki
bu gün neokolonial siyasətlə məşğul olan təkcə Fransa deyil, eləcə də
Niderland, Norveç və başqa bəzi ölkələr də var ki, müstəmləkə siyasəti onların
ayrılmaz hissəsidir. Gözləntiləriniz nədir?

– Bildiyiniz kimi, neokolonializm kolonializmin ikinci mərhələsi hesab olunur.
Düşünürəm ki, neokolonializm siyasətinin də növbəti beş-on il ərzində sonu
gələcək. Çünki hazırda müstəmləkə olan dövlətlərin öz müstəqilliyinə qovuşması
ehtiyacı çox böyük zərurətə çevrilib. Biz ümid edirik ki, beynəlxalq hüquq
çərçivəsində aidiyyəti beynəlxalq təşkilatlar, o cümlədən də bizim tərəfimizdən
aparılan fəaliyyətlər nəzərə alınacaq və kolonializm siyasəti sona çatacaq.

– Bəs Fransanın dənizaşırı ərazilərdəki fəaliyyəti? Bu gün Fransanın
assimilyasiya və zorakı siyasətinə qarşı həmin ərazilərin xalqları aktiv
fəaliyyətlə məşğuldurlar.

– Bu hadisələr 1980-ci illərdən başlayıb və hələ də davam edir. Sadəcə olaraq,
Bakı Təşəbbüs Qrupundan əvvəl heç bir beynəlxalq aidiyyəti təşkilatlar,
qeyri-hökumət təşkilatları bu problemi dünya ictimaiyyətinin diqqətinə
çatdırmayıb və bu istiqamətdə heç bir iş görməyiblər. Ona görə də bu hadisələr
gizli qalırdı. Biz oradakı hadisələri beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırırıq və artıq bir müddət əvvəl Yeni Kaledoniyada başlayan hadisələr
Martinikdə də davam edir.

Yeni Kaledoniyadakı hadisələr keçiriləcək referendumla bağlı idisə, Martinikdə
baş verənlər iqtisadi və maliyyə sektorunda yaranan böhrandan qaynaqlanır.
Çünki Fransa onları həm əsarət altında saxlayır, həm də onlara qarşı
neokolonial siyasət üsullarından istifadə edir. Həmin regionu iqtisadi və
maliyyə baxımından tamamilə özündən asılı saxlayan Fransa hökuməti orada
yaşayan insanların rifahı naminə heç bir addım atmır. Bununla bağlı da artıq
etiraz aksiyaları başlayıb. Fransa isə həmişəki kimi, bu etirazları yatırmaq
üçün komendant saatı tətbiq edir, əraziyə əlavə qoşun göndərir və problemləri
bu yolla həll etməyə çalışır. Təbii ki, biz də Bakı Təşəbbüs Qrupu olaraq,
həmin xalqlara beynəlxalq hüquq çərçivəsində göstərdiyimiz dəstəyimizi
əsirgəməyəcəyik.

Mərahim Nəsib

Source link