Fransanın riyakar və qərəzli siyasəti: Makronun yarıtmazlığı səngimək bilmir –
“Kaspi”nin TƏHLİLİ – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransa prezidentinin Ukraynada gedən müharibə ilə bağlı söylədikləri dünyanı
bir-birinə vurub. Onun NATO qoşunlarının Kiyevə yeridilməsi barədə bəyanatı
qurum daxilində problemlərə yol açıb. Rusiya isə öz növbəsində Makronu
hədələyir və tarixi xatırladır.
“Kaspi
qəzeti mövzu ilə bağlı yazı hazırlayıb.
Fransa Emmanuel Makronun idarəçiliyinin fəsadlarını yaşayır. Xarici və daxili
siyasətdə uğursuzluqlar davam edir. Ölkədaxili gərginlik o həddə çatıb ki,
əksər siyasi qüvvələr hakimiyyəti yarıtmaz siyasət yürütməkdə günahlandırır,
etirazlar artır. İndi isə Avropa Makronun Ukraynaya dair “yeni planları” ilə
çalxalanır.
“Makron Napoleonun aqibətini unutmasın!”
Fransa prezidentinin Ukraynada gedən müharibə ilə bağlı söylədikləri dünyanı
bir-birinə vurub. Onun NATO qoşunlarının Kiyevə yeridilməsi barədə bəyanatı
qurum daxilində problemlərə yol açıb. Rusiya isə öz növbəsində Makronu
hədələyir və tarixi xatırladır. “Fransa prezidentinə xatırlatmaq lazımdır ki,
Napoleonun süqutu Rusiyaya hücumdan sonra başlayıb”, – deyə rusiyalı senator
Aleksey Puşkov deyib. O, Fransa prezidentinə tarix dərsi də keçib: “Emmanuel
Makronun bundan xəbəri var? Yoxsa onun üçün tarix Yelisey sarayına gəlişi ilə
başladı? Ona xatırlatmaq lazımdır: Napoleonun süqutu onun 530-550 min nəfərlik
ordusunun 1812-ci ildə Rusiyaya daxil olması ilə başladı. Sonra Napoleonun
demək olar ki, bütün ordusu məhv edildi. Sahillərində düşmənin ağır itki
verdiyi Berezina çayının adı isə fransız dilində tam bir fəlakətin təcəssümü
olaraq təşəkkül tapdı”.
Ekspertlər hesab edirlər ki, Avropa İttifaqı (Aİ) ölkələrindən Ukraynaya qoşun
göndərilməsi ehtimalından danışan Makron hakimiyyəti əlində saxlamaq istədiyi
üçün belə açıqlama verib.
Yeri gəlmişkən, Makronun Ukraynaya getməyə hazır olan hərbi kontingentin
yaradılmasının mümkünlüyü ilə bağlı açıqlamaları Qərbdə qızğın müzakirələrə
səbəb olub. Onun bu ideyasının Polşa və Baltikyanı ölkələr tərəfindən
dəstəkləndiyi, bəzi ölkələr, xüsusən də Almaniya tərəfindən bəyənilmədiyi qeyd
edilir. Makron vurğulayır ki, Rusiya Fransanın rəqibidir və əgər Putin
Ukraynaya qarşı müharibədə uğur qazanarsa, “fransızların həyatı dəyişəcək.
Avropada artıq təhlükəsizlik olmayacaq”. Bundan əlavə, Fransa prezidenti
vəziyyətin pisləşəcəyi təqdirdə Ukraynaya kömək etmək üçün Aİ-nin yeni
təşəbbüslərini irəli sürür. Makron qeyd edir ki, döyüş meydanındakı vəziyyət
tələb edərsə, Avropa əlavə tədbirlər görməyə hazır olacaq.
Paris Ukraynaya köhnəlmiş silahlar verəcək
Bu bəyanatların ardından Paris Kiyevə yeni hərbi yardım paketini açıqlayıb.
Yeni yardım paketi çərçivəsində Ukraynaya hava hücumundan müdafiə üçün yüzlərlə
zirehli texnika və “Aster” raketləri təhvil veriləcək. “Le Monde” xəbər verir
ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib. Onun
sözlərinə görə, Fransa Ukrayna Silahlı Qüvvələrinə hələ də yaxşı vəziyyətdə
olan köhnə zirehli texnikaları da təhvil verəcək.
S.Lekornu onu da bildirib ki, Fransa Ukraynanın hava hücumundan müdafiəsini
gücləndirməyə kömək etmək istəyir, ona görə də İtaliya tərəfindən əvvəllər
transfer edilmiş SAMP/T hava hücumundan müdafiə sistemi üçün 30 “Aster”
zenit-raket kompleksinin yeni partiyasını hazırlayır. Bununla belə, hərbi
ekspertlər Ukraynaya verilməsi nəzərdə tutulan yüzlərlə hərbi texnikanın
1970-ci illərin istehsalı olduğu, real döyüş şəraitində heç bir nəticə
verməyəcəyi qənaətindədirlər.
Makronu “uşaq kral” adlandırdı
Ölkənin keçmiş müdafiə naziri və Normandiya Regional Şurasının hazırkı
prezidenti Herve Morin “Le Point”a müsahibəsində Makronu tənqid edib. “Bunlar
uşaq kralın hakimiyyətə gələndən bəri müntəzəm olaraq etdiyi təxribatlardır! Bu
mövzunun dövlət və hökumət başçıları arasında konfidensial diplomatik
müzakirələrdə ortaya çıxması təbiidir. Ukraynalılar bizim hər şeydən əvvəl
etibarlı müttəfiq olmağımızı istəyirlər. Hərbi dəstək baxımından biz çox orta
səviyyədəyik: həcm baxımından Litva və Estoniyadan geriyik, ÜDM-in faizinə görə
isə Avropa ölkələri arasında sonuncu yerdəyik. Prezident özünü böyük
sövdələşmələrin müəllifi kimi göstərməkdənsə, Ukraynanı özünü müdafiə etmək
üçün lazım olan hərbi texnika ilə təmin etməlidir”, – deyə Morin bildirib.
Almaniya Fransa liderliyinə qarşı
Fransanın hədəfinə çatmaq uğrunda mübarizəsinə qarşı çıxan əsas dövlət əzəli
və tarixi rəqibi Almaniyadır. Berlin Parisin radikal təşəbbüslərindən razı
deyil. Avropanı vahid siyasi qüvvəyə çevirmək barədə Fransanın təkliflərinə
əvvəllər məhəl qoymayan Berlin indi fərqli düşünür. Çünki iqtisadi və siyasi
vəziyyət indi dəyişib və almanlar artıq Makronun ambisiyalarına alət olmaq
istəmirlər.
Beləliklə, Beşinci Respublikanın Makronun yarıtmazlığı nəticəsində
uğursuzluqları səngimək bilmir. Məhz onun hakimiyyəti illəri Fransanın müasir
tarixinə biabırçı illər kimi düşəcək. Çıxış yolu Fransanın riyakar, qərəzli və
birtərəfli siyasətindən əl çəkməsidir. Əks təqdirdə, bu ölkəni daha ciddi
fəlakətlər gözləyir.