Fransanın “sınanmış” ssenarisi, Ermənistanın Cibutiyə “çevrilmək” həvəsi –
ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən və Azərbaycanın 2023-cü
ildə həyata keçirdiyi bir günlük antiterror tədbirlərindən sonra Cənubi Qafqaz
regionunda sülh və sabitliyin təmin olunması üçün unikal şərait yaranıb.
Ermənistanın Azərbaycanın uzatdığı sülh əlini tutması kifayətdir ki, bölgədə
təhlükəsizlik tam təmin olunsun. Amma İrəvan bu xətti dəyişməkdənsə, pozucu
mövqeyini davam etdirməyə üstünlük verir. İrəvanın belə bir mövqe nümayişi daha
çox Ermənistanın üçüncü güclərin, ilk növbədə isə Fransanın əlində alət olması
ilə müşayiət edilir.
Məsələ ondan ibarətdir ki, rəsmi Paris ənənəvi işğalçılıq siyasətini bu gün
Cənubi Qafqazda təkrarlamaq niyyətindədir.
Fransa xüsusilə, son bir neçə əsrdə müxtəlif regionlarda kolonializm
siyasətini davam etdirməklə, həmin bölgələrdə özünün təsir imkanlarını
artırmağa çalışır. Bu, xüsusilə Afrika ölkələrində çox qabarıq müşahidə olunur.
Ümumiyyətlə, xatırladaq ki, Fransa müstəmləkəçiliyi ən sistemli şəkildə tətbiq
edən ölkələrdən biridir. 1958-ci ildə Afrika qitəsindəki müstəmləkələrinə
müstəqillik verərək geri addım atmağa məcbur olan Fransa özündən asılı gördüyü
bu ölkələrə hələ də mədəni, iqtisadi və siyasi baxımdan nəzarəti nəinki itirmək
istəmir, əksinə, bu nəzarəti tədricən artırmağa çalışır. Afrika qitəsini
qərbdən və şimaldan idarə edən Fransa Aralıq dənizini bütövlükdə “fransız
hövzəsi” kimi görməklə yanaşı, Qırmızı dənizə çıxışa nəzarət edən Cibutidə də
daimi hərbi bazası var. Fransanın hərbi mövcudluğu sayəsində Cibutinin Çad,
Mali və Qabondan Seneqala qədər uzanan Sahel qurşağında bölgəyə hakim olmağa
çalışdığı görünür. Fransa 1524-cü ildə başladığı müstəmləkəçilik fəaliyyəti ilə
Afrikanın qərbində və şimalında yerləşən 20-dən çox ölkədə öz hökmranlığını
qurdu. Konkret desək, Afrikanın ümumi ərazisinin 35 faizi 300 il Fransanın
nəzarəti altında qaldı.
Seneqal, Kot-d`İvuar və Benin kimi ölkələr o illərdə Fransanın qul ticarəti
mərkəzləri kimi istifadə edilib, bölgədəki bütün təbii resurslar istismar və
talan olunub. Bölgədə və xüsusilə İkinci Dünya müharibəsindən sonra müstəqillik
uğrunda mübarizəyə qalxan ölkələrdə beş əsr davam edən müstəmləkəçilik dövründə
baş verən üsyanlar qan içində boğulub, 2 milyondan çox afrikalı həyatını
itirib. Fransanın dünya müharibələrində müstəqillik vədi ilə öz sıralarına
qatdığı ölkələrin xalqlarının başladığı üsyanlar da zorakılıqla yatırıldı.
Bəşər tarixinin ən böyük soyqırımlarından biri sayılan və 800 min insanın həlak
olduğu 1994-cü il Ruanda soyqırımında Fransanın ciddi rolunun olduğu
müəyyənləşib. Ruanda soyqırımından bir qədər əvvəl bölgədəki fransız
əsgərlərinin aldıqları kəşfiyyat məlumatlarına məhəl qoymayaraq bölgəni tərk
etdiyi, bəzi fransız əsgərlərinin isə qətliamları şəxsən dəstəklədiyi
beynəlxalq hesabatlarda öz əksini tapıb.
Bütün bunları xatırlatmağımız əbəs deyil. Belə ki, Yelisey Sarayı oxşar
ssenarini bu gün də Cənubi Qafqaz regionunda təkrarlamağa cəhd göstərir.
Milli Məclisin sədri Sahibə Qafarova aprelin 18-də Azərbaycanda səfərdə olan
Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı
İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri, Kənd Təsərrüfatı
Agentliyinin sədri Omayra Naiselinin başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşdə bu barədə açıq mesajlar verib.
O bildirib ki, Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz
regionunda da davam etdirmək niyyətindədir:
“Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı
dövründə münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun üzvü kimi yarıtmaz
fəaliyyət göstərmiş Fransa təəssüf ki, bu gün də Cənubi Qafqaz sülh səylərini,
sabitliyi pozmağa yönəlmiş siyasət həyata keçirir. Fransa regionda gərginliyi
artırır, militarizmi təhrik edir”.
Parlament sədri Fransanın bu gün bütün müstəvilərdə Azərbaycana qarşı hücuma
keçdiyini, beynəlxalq platformalarda mümkün vasitələrdən istifadə edərək,
ölkəmizə qarşı qarayaxma kampaniyası apardığını diqqətə çatdırıb:
“Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Azərbaycan müstəqil və
güclü ölkədir. Heç kim bizə təzyiq göstərə bilməz. Ölkəmizin siyasəti yalnız
sülhün, əməkdaşlığın təşviqinə, ədalətsizliyə qarşı mübarizəyə yönəlibdir”.
Məsələ ondadır ki, rəsmi Paris xüsusilə, Prezident Emmanuel Makron dövründə
həmişə Azərbaycan həqiqətlərini görməzdən gəlib, Cənubi Qafqazda baş verən
proseslərə qərəzli, Ermənistanın kontekstindən yanaşıb. Fransanın müxtəlif
vaxtlarda Azərbaycanı əsassız ittiham etməsi, Ermənistanı silahlandırması,
habelə Parislə İrəvan arasında ikitərəfli münasibətlərin inkişafı bu fikri
birbaşa təsdiq edir. Təsadüfi deyil ki, son illərdə Fransa ilə Azərbaycan
arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir.
Özünün ambisiyaları naminə müxtəlif vaxtlarda fərqli regionlarda insanlıq
əleyhinə cinayətlər törətməkdən, beynəlxalq hüququ tapdalamaqdan çəkinməyən
Fransa indi eyni ssenarini Ermənistan vasitəsilə Cənubi Qafqazda təkrarlamaq
istəyir. Ermənistan faktiki olaraq hər ötən gün daha çox Fransadan asılı
vəziyyətə düşür, belə demək mümkünsə, sürətlə onun vassalına çevrilir. Rəsmi
Paris İrəvanı şirnikləndirərək öz tərəfinə çəkir, onun digər müttəfiqləri ilə
münasibətlərinə zərbə vurur, sonra da özündən asılı vəziyyətə salır.
Ermənistanın mövcud hakimiyyətinin bu reallığı anlayıb-anlamadığını dəqiq deyə
bilmərik. Amma əminliklə demək olar ki, bu gedişlə Ermənistan gələcəkdə
Cibutinin taleyini yaşaya bilər. Bu təhlükənin qarşısını almaq üçün rəsmi
İrəvanın yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətləri
normallaşdırmaq, regional əməkdaşlıq mühitinin formalaşmasına töhfə verməkdir.
“Report” İnformasiya Agentliyi