Fuad Hüseynəliyev: “Azərbaycanla ilkin mərhələni keçməmiş, Paşinyan ikinci,
üçüncü mərhələdən danışır”
“Azərbaycanla Ermənistan ilkin mərhələni keçməmiş, Nikol Paşinyan ikinci,
üçüncü mərhələdən danışır”.
Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “ARB 24”
televiziya kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən
sonra erməni sakinlər “Laçın” sərhəd-buraxılış məntəqəsində media
nümayəndələrinə müsahibələrində Ermənistan tərəfinin onları məcbur şəkildə
köçürdüklərini bildiriblər:
“Azərbaycan ilk gündən Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinləri öz
vətəndaşları kimi qəbul etməyə hazır olduğunu bildirib. Bununla bağlı hər hansı
bir format olmalıdır, həmin format burada erməni sakinlərə yaşamaq hüququnun
verilməsidir. Onlar 1987-1988-ci illərədək burada yaşayan insanlar, həmçinin
Qarabağda yaşayan ermənilərin doğulan övladları ola bilər”.
Ermənistanın işğal dövründə Qarabağ və ətraf rayonlarda qeyri-qanuni
məskunlaşma siyasəti həyata keçirdiyini xatırladan F.Hüseynəliyev qeyd edib ki,
bir çox ölkələrdən erməniəsilli şəxslər bu ərazilərə köçürülərək qanunsuz
şəkildə yerləşdirilib:
“Bütün bu reallıqlar fonunda Azərbaycan həmin şəxsləri niyə öz suveren
ərazisinə qəbul etməlidir?! Azərbaycan qoyduğu şərtlərə uyğun olan erməni
sakinlərə ölkədə Azərbaycan vətəndaşlarının bütün hüquqlarına sahib olmaqla
yaşamaq hüququ verəcək. Hesab edirəm ki, sözügedən məsələ ilə əlaqədar heç bir
problem yaşanmayacaq. Lakin qeyd-şərtsiz istənilən şəxsi qəbul etmək o deməkdir
ki, terrorçu rejimin nümayəndələri və onları dəstəkləyənlər yenidən bəhsolunan
ərazilərə qayıda bilərlər ki, heç bir dövlət belə bir şeyi qəbul etməz”.
Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin İctimai televiziyasına
müsahibəsində Qranada görüşü barəsində səsləndirdiyi fikirlərini şərh edən
F.Hüseynəliyev əlavə edib ki, istənilən halda Azərbaycanla Ermənistan arasında
delimitasiya və demarkasiya prosesi sülh müqaviləsindən sonra ola bilər:
“Nikol Paşinyan hazırda bir qədər irəli gedərək sülh müqaviləsinin imzalanması
üçün əlavə şərtlər qoymaq istəyir. Ancaq Ermənistanla Azərbaycan arasında
hazırda sülh müqaviləsi imzalanmayıb. Belə olan halda heç bir xəritədən,
sərhəddən söz gedə bilməz. Əvvəla, iki ölkə sülh müqaviləsi imzalamalı və bunun
əsasında növbəti addımlar atılmalıdır. Delimitasiya üçün əsas olaraq hansı
xəritələrin götürüləcəyi isə sonrakı mərhələdir. Biz ilkin mərhələni keçməmiş,
Nikol Paşinyan ikinci, üçüncü mərhələdən danışır. Yaxşı bilirik ki, bu cür
danışıqlar heç bir nəticəyə gətirib çıxarmayacaq”.
Agentlik rəhbəri söyləyib ki, Azərbaycan hansısa şərtləri qəbul etmir və
etməyəcək:
“Bizim sovet dövründən bir neçə kəndimiz anklav olaraq indiki Ermənistan
ərazində qalıb. Fikrimcə, Ermənistan baş naziri özünü bu məsələdən sığortalamaq
istəyir və düşünür ki, həmin kəndlər Ermənistan ərazisində qalmalıdır və s.
Lakin vurğuladığım kimi, bunlar sülh müqaviləsindən sonra müzakirə olunacaq
məsələlərdir. Yəni, ilkin sənəd olmadan ikinci mərhələyə keçmək mümkün deyil”.