Fuad Hüseynəliyev: “Bakı nəinki bir addım geri çəkilir, əksinə, mövqeyini daha
da sərtləşdirir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ermənistan həqiqətən regionda sülh istəyirsə, Azərbaycanın beynəlxalq hüquqa
əsaslanan təkliflərini qəbul edəcəksə, daha doğrusu, sabahkı görüşdə bunu qəbul
etsə, növbəti mərhələdə sülh müqaviləsinin bağlanmasında ciddi problem
qalmayacaq”.
Bu fikirləri “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev
“ARB24”ün efirində səsləndirib.
Onun sözərinə görə, sabahkı görüşdə müsbət nəticələr əldə edilə bilər:
“Çünki son dövrlər Ermənistan tərəfindən müsbət fikirlər eşidirik. Mənə elə
gəlir ki, sabahkı görüş sülh müqaviləsinin bazisi ola bilər. Orada müzakirə
edilən və ortaq məxrəcə gəlinən məsələlər sülh müqaviləsinin tezliklə
imzalanmasına imkan yaradacaq. Bilirik ki, bir neçə məsələnin üzərində hələ
suallar qalıb. Buraya anklavlar, yəni Azərbaycanın Ermənistan ərazisində olan
anklavları sual yaradacaq məsələlərə daxildir. Delimitasiya komissiyasının işi
də sırf bu sahədir. Mənə elə gəlir ki, sabahkı görüşün nəticəsi olaraq sülh
müqaviləsi barəsində daha ümidli danışa bilərik”.
Ekspert qeyd edib ki, sabahkı görüşdə Azərbaycanın Ermənistan ərazisində
səkkiz anklavı da müzakirə edilə bilər:
“Ola bilər ki, tam olaraq sülh müqaviləsində bu məsələ qeyd edilməyə bilər.
Sülh müqaviləsinin əsas prinsipi ölkələrin bir-birilərinin ərazi bütövlüyünü və
suverenliyini təsdiqləməsidir. Paşinyan bundan əvvəl anklavlardan danışarkən
demişdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, buraya anklavlar
da daxildir. Bu, sülh müqaviləsində tam əksini tapmasa da, əlavə razılaşma və
ya şərt kimi iki tərəf arasında razılaşdırılacaq. Delimitasiya və demarkasiya
çərçivəsində bu məsələ öz həllini tapa bilər”.
ABŞ ilə Azərbaycanın son zamankı münasibətlərinə toxunan F.Hüseynəliyev
bildirib ki, Azərbaycana qarşı heç bir təzyiq nəticə vermir:
“ABŞ dövlət katibi Antoni Blinkenlə danışıqda Prezident İlham Əliyev
Azərbaycanın çox sərt və açıq mövqeyini ortaya qoydu. Bildirdi ki, istənilən
halda ABŞ Azərbaycan rəsmilərinin bu ölkəyə səfərlərinin qarşısını alırsa,
rəsmi Bakı da öz tərəfindən bu addımların qarşısını alacaq. Mənə elə gəlir ki,
Vaşinqtonun Azərbaycana təzyiqi hansısa dividentləri əldə etmək məqsədindən
irəli gəlirdi. Amma Azərbaycan sərt mövqeyini ortaya qoymaqla göstərdi ki, heç
bir təzyiqi qəbul etməyəcək. Buna görə də ABŞ özünün səhv siyasətini başa
düşərək öz mövqelərindən geri çəkildi və faktiki olaraq cənab Prezidentin bir
neçə şərtini Blinken də qəbul etdi. Bundan sonra vəziyyət yumşalmaya doğru gedə
bilər. Biri var ki, bu sözlərə etiraf olunur, amma bir çox məsələ atılan
addımlardan asılı olacaq. Dünən ATƏT-də ABŞ-nin nümayəndəsi qeyd etmişdi ki,
Vaşinqton Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyir, sülh danışıqları
tərəflərin istədiyi formatda keçirilə bilər”.
Onun fikrincə, digər ölkələrin Azərbaycan və Ermənistan arasındakı sülh
müqaviləsinin hazırlıq prosesinə müdaxilə etməsi məsələsinə gəlincə, rəsmi
Bakıya qarşı heç bir təzyiq nəticə vermir:
“Bu, əks nəticə verir. İstənilən təzyiq qarşısında Bakı nəinki bir addım geri
çəkilir, əksinə, mövqeyini daha da sərtləşdirir. Beynəlxalq güclər də bunu
qəbul edib. Fransanın Azərbaycana təzyiqləri olan zaman beynəlxalq güclər, ABŞ
bunu susqunluqla qarşılayırdı. Bu məsələyə qarışmırdı. Sonra ABŞ, Avropa
təzyiqləri artırdı, yenə də heç bir nəticə olmadı. Ola bilər ki, Dövlət
Departamentindən və ya başqa xətlərlə həmin qurumlara siqnal gedə bilər ki,
kömək edə bilmədik, gəlin, artıq mane də olmayaq”.
F.Hüseynəliyev qeyd edib ki, Azərbaycan və Ermənistan şərti sərhədində görüş
başa tuta bilər:
“Azərbaycan bir neçə dəfə təklif edib ki, üçüncü tərəf olmadan iki ölkənin
rəsmiləri yüksək səviyyədə danışıqlar aparsınlar. Məkan olaraq Gürcüstan
hökuməti də təklif edib ki, Tbilisi ev sahibliyi etməyə hazırdır. Aydın
məsələdir ki, burada üçüncü tərəf olmayacaq. Yaxud da görüş elə şərti sərhəddə
baş tuta bilər”.
Onun sözlərinə görə, iki ölkə arasında ilkin mərhələdə hər hansı sənədin
imzalanmasını gözləmək düzgün deyil:
“Öncəliklə nəqliyyat yolları açılmalıdır. Biz tərəfdən bu hazır olsa da,
Ermənistan tərəfdən bu yolla bağlı hər hansı infrastruktur yoxdur. Bu məsələdə
Ermənistan tərəfi özünü maraqlı göstərməlidir. İlkin mərhələdən sonra
delimitasiya komissiyasının tez-tez görüşməsi, sərhədin delimitasiyasının
yüksək templə işlənməsini görə bilərik”.