Fuad Hüseynəliyev: “Ermənistan qonşuları ilə əbədi olaraq düşmən qala bilməz”
– VİDEO
“Azərbaycanın Qarabağ bölgəsində baş verən son hadisələr Rusiya sülhməramlı
kontingentinin funksiyalarını yerinə yetirə bilmədiyini göstərir”.
Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC
telekanalının “Aktualno seqodnya” (“Bu gün aktualdır”) verilişində bildirib.
Onun sözlərinə görə, regionda gərginliyin davam etməsi Rusiya sülhməramlı
kontingentinə belə bir iddia sürməyə imkan verəcək ki, onların burada olması
həyati əhəmiyyət kəsb edir və cəmi 5 il müddətinə nəzərdə tutulan qalma
müddətinin uzadılmasına ehtiyac var.
F.Hüseynəliyev hesab edir ki, Qarabağa davamlı şəkildə qeyri-qanuni olaraq
silahlar, hərbçilər və yaraqlılar daşınır. Bunda Rusiya sülhməramlılarının
qabiliyyətsizliyi, bacarıqsızlığı və ya belə halların qarşısının alınmasına
istəkli olmamasının heç bir əhəmiyyəti yoxdur:
“Burada silahlı birləşmələr var və bura silahlar, şəxsi heyət göndərilir.
Bütün bunlar isə Rusiya hərbçilərinin səhlənkarlığı və bəlkə də köməyi ilə
həyata keçirilir”.
Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingenti ona həvalə edilən
funksiyanı yerinə yetirə bilsəydi, Qarabağda atışmalar, sabitliyin pozulması
baş verməzdi:
“Bundan başqa, sülhməramlıların regionda yerləşdirilməsi ilə bağlı əsas hədəfə
çatmaq mümkün olmur. Söhbət yaxınlaşma, gələcəkdə isə Azərbaycanın Qarabağ
bölgəsinin erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün şəraitin
yaradılmasından gedir”.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından danışan
F.Hüseynəliyev qeyd edib ki, bu, ilk növbədə, İrəvan üçün faydalıdır:
“Qonşularla düşmənçilik şəraitində yaşamaq normal deyil. Ermənistan isə iki
qonşusu – Azərbaycan və Türkiyə ilə düşmənçilik edir”.