AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun sosial şəbəkədə atası barədə yazdığı status böyük əks-səda doğurub.
ÇıxışYolu.Com xəbər verir ki, o, anası və bacısı ilə birlikdə atasından gördüyü şiddətləri qeydə alıb:
“Bu yazını AXCP sədr müavini Fuad Qəhrəmanlının qızı kimi yox, bir insan kimi yazıram. Çünki “Facebook”u ancaq məzələnmək üçün istifadə edən mən həmişə düşünmüşəm ki, “kimə nə axı mənim şəxsi fikrimdən?” Amma müəyyən sosial məsələlər mənə elə toxunur ki, onlara Selcan kimi yox, bir insan kimi fikir bildirməyi özümə görəv bilirəm.
Onsuz da əgər bu yazını özümü ələ alaraq yazsam, dəhşətli emosional, qəzəbli bir şey çıxacağını bilirəm, çünki içində böyüdüyüm kimi qorxulu bir ailədə böyümək, insanın içinə ifadə etməkdə çətinlik çəkdiyim duyğular yükləyir.
Bir də onu bilirəm ki, bu yazıya görə hətta proqressiv insanlar tərəfindən də qınanacam, “çünki o sənin atandır”. Çünki atam olan adamı, anamın barmaqlarını sındırdığı xatirələri bağışlamalıyam. Çünki o evə çörək gətirib, məni böyüdüb.
Amma məncə, Azərbaycan siyasətində yetərli bir yeri olan, ana müxalifət partiyasının sədr müavini, tribunalarda insan haqlarından danışan, hətta qadın haqları mövzusunda belə aman verməyən Fuad Qəhrəmanlının da evində qızının dizini, arvadının barmaqlarını sındırmış, şiddətin də xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə elə gəlir ki, sosial borcdur, mənim şəxsi ailəvi problemim deyil.
Anamın boşanma çabalarının (ki, bunun şiddətdən kənar ayrıca iyrənc səbəbləri var, sadəcə, bu səbəblər insanın şəxsi məsələsidir, mənim mövzuma heç bir dəxli yoxdur) qarşısını müəyyən əlaqələri sayəsində, yüz cür təhdidlə, şantajla alması, azadlıqdan danışan adamın evində qəribə bir şəkildə təsvir etməyə gücüm yetməyən bir cəhənnəm mühitinin olması, şiddətin ağılalmaz və kreativ dozu, anamın və bacımın bədənindən zamanla silinmiş izlər və bütün bunların üzərinə, “mənimlə şəkil yayın “Facebook”da” deyə gələn tamam ayrı kateqoriyadakı zorakılıq dalğası… – bunlar bir siyasətçinin ailəsi barədə bilinməli olan şeylərdir.
Bütün bunlar sirr deyil, əslində, əsassız nə qədər adam “ailəmizdə” olanları bilir. Anama qırx dəfə qolundakı, üzündəki izlərin nə olduğunu soruşan adamlar da, tipik “qapıya dəymişəm” cavabını üçüncü dəfədən artıq eşidəndə mövzunun nə olduğunu anlayıblar. Hətta bəziləri birbaşa mövzunun içində olub, Səadət, Cahangir kimiləri və onlar da anama ağıllı qadın olmaqla susub siyasi prosesi düşünüb boşanaraq, Qəhrəmanlının reputasiyasını korlamamaqla bağlı gözəl məsləhətlər veriblər, anamın adını psixoloji xəstəyə qədər çıxarıblar.
Onun qolunda hələ də izi qalan, yenə necə yarandığını başa salmağa psixoloji gücümün yetmədiyi o yaranı görəndə “sən də az deyilsən də, Zümrüd, dilinə yiyə dur” kimi bir şey dediyini özü də danmaz.
Hətta Əli Kərimli ailə psixoloqluğuna soyunub bu mövzuda! Anama başa salıb ki, kişilər belə olur, dözmək, gələcəyi düşünmək lazımdır, uşaqlarınız var, “onsuz da 40 yaşından sonra boşanıb nə edəcəksiniz ki?” Bəs siz Əli Kərimlinin “qonşu arvad” rolunda bu qədər bacarıqlı olduğunu bilirdiniz? Adam az qalırdı desin ki, “az, çörəyini verir? Sus otur da”.
Belə gördüm ki, bu cəbhə bütünlüklə ikiüzlü, iyrənc bir yerdir. Əli Kərimli evdə necə bir vəhşilik etdiyini hərfbəhərf bildiyi adamı, sağ yanında saxlayır, – bunu başa düşdüm, kadr yoxdur – amma adam canini yox, qurbanı qınayır ki, “siz düz etmirsiniz”. Qalan üzvlər də anama necə “yaxşı at özünı qamçı vurdurmaz” olduğunu öyrədir, sonra da yığışıb hakimiyyətin insanları əzməyindən, ədalətdən danışırlar, hələ bütün bunları bilən adamlar “Niyə uşaqlar “Yağmur” soyadını istifadə edir?” – deyə gileylənir, müavinlərinin qəzəbini itiləyib, “hamı deyir ki o evdə Fuadı saymırlar” başlıqlı motivasiya çıxışı edərək, növbəti zorakılıq dalğası üçün Qəhrəmanlını evimizə göndərir, həyatımızı bir gün daha qorxu filminə çevirirlər. Adam bu qədər necə iyrənc olar axı? Siz bir partiyada necə bir araya gəlibsiniz? Ortadakı bu əxlaqsızlıq potensialı gözümü yaşardır.
Uzun sözün qısası, 2009-dan bəri bu cür tükürpərdən bir durumun içindəyik. Hər gün, hər gün şiddət, qan, təhdidlər, sınan sümüklər… Bütün bunlar ona görə idi ki, anam bu adamın iki kateqoriyadakı iyrənc əməllərinə göz yumsun və boşanmasın. Amma indi durum dəyişib, ikimiz də elə yaşdayıq ki, “uşaqları səndən alacam” mövzusu işləmir, adam də elə vəziyyətdədir ki, unikal təhdidləri bu dəqiqə işə yaramır. Boşanma ərizəsi də verilib, bir neçə aya boşanma baş tutacaq.
Amma bütün bunlardan əvvəl, açıqlamaq istəyirəm ki, mən atamdan imtina edirəm.
Qan bağları primal, heyvani şeylərdir. Başqasında bağışlamayacağım şeyi, “Sırf eyni müqəddəs qana filan sahibik”, – deyə öz atama bağışlamayacam. Bəlkə də, “tipik şərq ailəsi” dozundakı zorakılıq, şəxsi travmam olaraq qalardı. Amma bu fərqlidir. Hər şey ola bilər, amma ailəsinə şiddət tətbiq edən, qızını dizini sındırıb sonra “anan danışmasaydı, mən belə əsəbi olmazdım” deyə heç bir şəkildə peşmanlıq yaşamayan, hələ ailəsindən kənarda necə iyrənc əməllərə imza atmış bir adamın adı mənim adımın üzərinə ola bilməz. “Fuad Qəhrəmanlının qızı” kimi anılmaq istəmirəm, dirəşib məni “Qəhrəmanlı” çağırmalarını da istəmirəm”.
Sonda o, profilinin oğurlanmadığını qeyd edib.
Fuad Qəhrəmanlı isə “Facebook” hesabında qızının profilinin oğurlandığını, onun adından yazılanların övladına aid olmadığını bildirib.
F.Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur “Qafqazinfo”ya açıqlamasında qızının arxasında olduğunu və yaxın vaxtlarda bununla bağlı açıqlama veriləcəyini deyib.