Bu gün Avro-2020-nin seçmə mərhələsində millimiz Bakıda son görüşünə çıxacaq.
ÇıxışYolu.Com xəbər verir ki, yığmamız daha əvvəl yeddi dəfə qarşılaşdığı və heç vaxt qalib gələ bilmədiyi (cəmi bir dəfə Bakıda 1:1-lik heç-heçəyə nail olmuşuq – S.M.) Uelsi qəbul edəcək.
Bu matç həm də yığmamız üçün 2019-cu ilin Bakıda son matçı olacaq. Komandamız yer aldığı E qrupunda bir xalla sonuncudur və dörd oyunu Bakıda keçiriləcək Avro-2020-yə çıxmaq imkanından məhrumdur. Üstəlik, komandamızın qrupda sonuncu olacağı da dəqiqləşib.
Millimizin indiki rəqibini vaxtı ilə yığmamıza qarşı oynamış, hətta 2005-ci ilin oktyabrın 12-də dubl etmiş sabiq “Mançester Yunayted”in üzvü Rayan Qiqz çalışdırır. Uels səkkiz xalla qrupda dördüncü olsa da, hələ də Avro-2020 şanslarını saxlayır.
Böyük Britaniya təmsilçisi Bakıda heç-heçə etsə, digər görüşün – saat 23:45-də başlayacaq Xorvatiya – Slovakiya matçının nəticəsindən taleyi asılı olacaq. Uels Bakıda millimizə uduzsa, Avro-2020 xəyallarının üstündən xətt çəkəcək. Bu səbəbdən qalliyalılar Bakıya yalnız qələbə üçün gəlib.
8-ci km qəsəbəsində yerləşən “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq görüşün baş hakimi Almaniyanın məşhur türk hakimi Dəniz Aytəkindir. 41 yaşlı Aytəkin millimizin oyununda iş başında olmasa da, iki il əvvəl “Qarabağ”ın Madriddə “Atletiko” ilə Çempionlar Liqasındakı matçını idarə edib.
1:1 hesabı ilə başa çatan həmin görüşdə hər iki komandanın futbolçuları qırmızı vərəqə ilə meydandan qovulub. Əvvəl “Qarabağ”dan braziliyalı Pedro Enrike, daha sonra “Atletiko”dan monteneqrolu Stefan Saviç cəzalandırılıb. Həmçinin, Ağdam komandasının mərkəz müdafiəçiləri – Rəşad Sadıqovla polşalı Yakub Jezniçak sarı vərəqə alıb.
Dəniz Aytəkin artıq bir dəfə Uelsin oyununu idarə edib. Bu, ötən il Millətlər Liqası çərçivəsində keçirilən Danimarka – Uels matçında olub. Həmin görüşdə Danimarka 2:0 qalib gəlib.
Səbuhi Musayev