AÇ-2020-nin seçmə mərhələsində martın 21-də Zaqrebin “Maksimir” stadionunda Xorvatiya ilə qarşılaşacaq millimizin hazırlıq planı bəlli olub.
ÇıxışYolu.Com xəbər verir ki, millimizin yeni baş məşqçisi Nikola Yurçeviç sabah yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00-da) adıçəkilən stadionda mətbuat konfransı keçirəcək.
Bundan yarım saat sonra yerli və azərbaycanlı jurnalistlər üçün ilk 15 dəqiqəsi açıq olan məşq baş tutacaq.
Xorvatiya millisi isə bundan əvvəl oyundan öncəki son məşqinə çıxacaq. Belə ki, Zlatko Daliçin saat 17:15-də (bizim vaxtla 20:15) mətbuat konfransından sonra 18:00-da (21:00) ilk 15 dəqiqəsi KİV üçün açıq olan məşqi olacaq.
Xatırladaq ki, millimizin Xorvatiya ilə görüşü yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə 23:45) başlayacaq.
Səbuhi MUSAYEV