Füzuli Musayev: Güləş və boks kimi idman növləri qadınlara yaraşmaz

Baxış sayı: 2. 632 dəfə baxılıb.

Füzuli Musayev: Güləş və boks kimi idman növləri qadınlara yaraşmaz

Son rəsmi statistikaya əsasən, Azərbaycanda ümumi əhalinin 20 faizdən çoxu idman etməyi sevir. Yaş qrupları üzrə təsnifatlandırdıqda isə 15-19 yaş arasındakı əhalinin təxminən 41.4 faizi idmanla məşğul olur.

20-44 yaş arasında olanların 28.2, 45-64 yaş qruplarında olanların 11.1 faizi, yaşı 65-dən yuxarı olanların isə 4.7 faizi idmana üstünlük verir. Əhalinin kişi qrupunun 31.1 faizi idmanla məşğul olur. Qadınlarda isə bu rəqəm 10.9 faizdir.

Lakin Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev ÇıxışYolu.Com-a açıqlamasında 10.9 faiz qadının idmanla məşğul olmasına dair statistika ilə razılaşmadığını bildirib:

“Bu gün daha çox qadın idmana meyillidir. İdman zallarında qadınlar üstünlük təşkil edir. Düzdür, qadınlar peşəkar idman növü ilə məşğul olmasa da, özlərinin xarici görünüşünü yaxşı saxlamaq, formada qalmaq üçün tranejor zallarına üz tuturlar. Həmçinin aerobika və müxtəlif idman növləri ilə məşğul olurlar. Şərt deyil ki, onlar peşəkar idmançı olsunlar. Əsas odur ki, özlərinə baxmaq üçün idmana gedirlər.

Bu gün idmançılarımız arasında kişilərlə yanaşı, qadınlar da gözəl nəticələr əldə edirlər. Avropa, dünya çempionatlarından qızıl medallar qazanırlar. Düzdür, idmanla məşğul olan qadınların sayı çox deyil. Ola bilər ki, burada kişilər üstünlük təşkil edir. Amma aralarında böyük fərq yoxdur. Yəni idmana gedən qadınların sayı elə də az deyil”.

F.Musayev qadınlar üçün voleybol, gimnastika və üzgüçülüyün daha uyğun olduğunu qeyd edib:

“Hər zaman deyirəm ki, qadınlara uyğun olan idman növləri var. Məsələn, mən qadınların güləşlə məşğul olmasının tərəfdarı deyiləm. Bu idman növü qadınlara yaraşmaz. Cüdo idman növü isə xanımlara yaraşar. Boks və ya kikboksla məşğul olanları isə alqışlamıram.

Karate, taekvando kimi idman növlərində qadınlar xarici görünüşlərini və qadın gözəlliklərini itirmirlər. Digər idman növlərində isə neqativ hallar baş verə bilir. Məsələn, güləşdə istər-istəməz qulaq qırılır və ya başqa zədələr olur. Voleybol, gimnastika, üzgüçülük isə qadınlara daha yaxın olan idman növləridir. Mən belə görürəm. Xanımları ancaq belə idman növlərinə cəlb eləmək lazımdır”.

Federasiyanın birinci vitse-prezidenti deyib ki, ümumiyyətlə, idmanı buraxdıqdan sonra yenidən çəki alma ilə bağlı deyilənlər yalandır:

“Bunun idmanla heç bir əlaqəsi yoxdur. Əgər genində varsa, idmanla məşğul olub-olmamasından asılı olmayaraq, bu, baş verəcək. Təbii ki, adi insanlardan az da olsa, fərqli olur. Məsələn, mənim nəslimdə, demək olar, hamının saçı normaldır. Amma mənim saçımda seyrəklik var. Bunun idmanla əlaqəsi olduğuna inanmıram”.

Sevinc Yasinqızı