Füzuli sakini: “Köçkünlük həyatını unudub yalnız gələcəyə baxmaq istəyirəm”
“O günləri xatırlamaq istəmirəm”.
Bu sözləri Cixisyolu.com-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş
məcburi köçkünSeymur Hüseynov deyib.
O bildirib ki, köçkünlük həyatını unudub yalnız gələcəyə baxmaq istəyir:
“Füzulidən köçkün düşəndə 11 yaşım var idi. Böyük travma idi o yaşda elə bir
taleni yaşamaq. Çox çətin, ağrılı-acılı günlər idi. Şükür ki, həmin günlər
keçmişdə qaldı, artıq gələcəyə baxmaq istəyirəm. Öz doğma torpağıma qovuşuram
bu gün, çox sevincliyəm. Ailəmlə, sevdiklərimlə öz yurduma qayıdıram.
Prezidentimizə öz təşəkkürümü bildirirəm ki, bizə bu günləri yaşatdı. Allah
şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.
Xatırladaq ki, bu gün Bakıdan daha 21 ailə (88 nəfər) Füzuli şəhərinə yola
salınıb. İndiyədək Füzuli şəhərində 187 ailə, yəni 661 nəfərin daimi
məskunlaşması təmin edilib.
Aytac Qasımova