Füzuli sakini: “Yurdumuza qovuşmaq bizlər üçün həyatımızın ən gözəl
hədiyyəsidir”
“Otuz ildən sonra yurdumuza qovuşmaq bizlər üçün həyatımızın ən gözəl
hədiyyəsi oldu. Ötən bu illərdə bu torpağın havası, suyu üçün çox həsrət
çəkdik. Amma bir an olsun belə ümidimizi itirmədik”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Füzulidə məskunlaşan Sara Salmanova
bildirib.
“Doğma yerlərə qayıdacağımıza inanırdıq. İndi həmin günlərin reallaşdığının
şahidi oluruq. Bu məhəllə bizim ata-baba məhəlləmiz olub, arzularımız,
xəyallarımız yarımçıq qalan həmin məhəllədə məskunlaşdıq. Bizlər üçün bundan
böyük ərməğan ola bilməz. Bu günləri bizə yaşadan Ali Baş Komandanİlham Əliyevə
və rəşadətli Ordumuza təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət eləsin,
qazilərimizə şəfa versin, onların qanı, canı bahasına biz doğma yurdumuza
qovuşduq”.
Qeyd edək ki, bu gün Füzuli şəhərinə növbəti köç reallaşıb, 21 ailə olmaqla 88
Füzuli sakini doğma yurduna qovuşub. Bununla da Füzulidə 602 nəfər olmaqla 165
ailənin məskunlaşması təmin edilib.