Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub – YENİLƏNİB +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti
köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim
olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 35 ailə olmaqla, 138 nəfər Füzuli
sakini doğma yurduna qovuşub.
Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış
silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalar və
cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman müvafiq
qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar
Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
əməkdaşı Tural Qasımov və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə mənzilllərinin açarlarını təhvil alaraq, yeni
evlərində məskunlaşıblar.
12:06
Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç
karvanı Füzuliyə çatıb.
“Report” xəbər verir ki, şəhərdə doğma yurduna çatan sakinlərin qarşılanma
mərasimi keçirilib.
06:32
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç
karvanı yola salınıb.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi,
yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən
ibarət növbəti köç karvanı martın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola
salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə – 138 nəfər köçürülür.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən
sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan
yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə
əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan
qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 666 ailənin, yəni 2 517 nəfərin daimi
məskunlaşması təmin edilib.
Daha çox foto burada: PhotoStock.az
Aytac Qasımova