Füzulidə uşaq bağçasının inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Prezident İlham Əliyevin oktyabrın 16-da Füzuli şəhərində təməlini qoyduğu 240
yerlik uşaq bağçasının inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılıb.
“Report” xəbər verir ki, bunu şəhərə təşkil olunmuş mediaturda Prezidentin
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov
bildirib.
O qeyd edib ki, layihəyə əsasən, uşaq bağçası üçün əsas bina, oyun zonası,
avtodayanacaq və texniki zona yaradılacaq.
Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati,
texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx olacaq. Burada
uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür
şərait təmin ediləcək. Uşaq bağçasının həyətində oyun meydançaları salınacaq və
digər zəruri infrastruktur yaradılacaq.
Azərbaycanda uşaqların təlim-tərbiyəsinə, sosial müdafiəsinin
gücləndirilməsinə, vətənpərvərlik ruhunda və sağlam yetişmələrinə daim xüsusi
diqqət yetirilir. Bu məsələ işğaldan azad olunan ərazilərdə də diqqət
mərkəzində saxlanılır.