Füzuliyə qayıdan keçmiş məcburi köçkün: “Çox ağrılı, dəhşətli günlər idi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Doğma yurdumuza öz ailəmlə, övladlarımla qayıdıram, çox xoşbəxtəm”.
Bunu Cixisyolu.com-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi
köçkünGülnarə Talıbova deyib.
O bildirib ki, ən böyük arzusu Füzulidə şəhid olan qardaşının məzarını ziyarət
etməkdir:
“Füzulinin Qacar kəndindənəm, yoldaşım isə şəhərin özündən. 10 yaşım var idi
Füzulidən çıxanda. Çox ağrılı, dəhşətli günlər idi, qardaşım, əmim qızı, yaxın
qohumlarım şəhid oldular. O günləri xatırlamaq mənim üçün çox ağırdır.
Şükürlər olsun bu günə ki, torpaqlarımız işğaldan azad olundu. Qısa müddətdə
bərpa olundu, hələ də Füzulidə və digər azad olunmuş torpaqlarımızda quruculuq
işləri gedir.
Ən böyük arzum Füzulidə şəhid qardaşımın və digər qohumlarımın məzarlarını
ziyarət etməkdir.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza
minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu
mərhələdə daha 35 ailə (138 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 666 ailənin, yəni 2 517 nəfərin daimi
məskunlaşması təmin edilib.
Aytac Qasımova