Füzuliyə qayıdan sakin: “Diz çöküb anamın ayaqlarından öpdüm” – FOTOREPORTAJ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
44 günlük Vətən müharibəsindən sonra ilk dəfə işğaldan azad olunmuş ərazilərə
ayaq basanda yaşadığım sarsıntını yəqin uzun illər keçsə də, unutmaram.
Kirlənmiş, məhv olmuşdu Qafqazın incisi Qarabağ… Torpağın dili olsa, başına
gətirilən müsibətlərdən ağı deyərdi, görünür, demişdi də…
Müharibədən keçən üç ilə yaxın müddətdə aparılan quruculuq işləri bu diyara
yeni nəfəs, yeni həyat bəxş edir, gələcəyə ümidləri artırır. Böyük qayıdışın
astanasında üç il bundan əvvəl hiss etdiklərimiz, danışdığımız, yazdığımız
misraların, sözlərin məğzi də yavaş-yavaş dəyişir. İndi bu ərazilərə
vandallıqdan, məhv olmaqdan yox, həyat əlamətlərindən, dirilişdən yazmaq üçün
gedirik.
Saat 14:30… Füzulidə yeni salınmış şəhərciyə daxil olaraq ətrafa boylanıram.
Uşaqların gülüş səslərini eşidib avtomobildən enirəm. Fotoqrafımız isə əlində
tutduğu fotokameranın obyektivini onlara tuşlayır və bu anı ölümsüzləşdirmək
üçün işə başlayırıq.
Şəhərciyin girişindəki parkda söhbətləşən xanımlara yaxınlaşıram.
– Necəsiniz, xala?
– Öz yurdumuzda necə ola bilərik, qızım? Əla! Bakıda hava necədir?
– Küləkli, soyuq…
– Xoş gəlmişsiniz, Füzuliyə…
– Xoş gününüzə gələk.
Onlardan bir qədər ayrılıb bizi Füzulinin “yeni” sakinləri ilə tanış etmək
üçün gözləyən Məftun bəyə yaxınlaşırıq. Burada 30 ildən sonra yeni həyata
başlayan ailələrlə danışmaq, söhbətləşmək üçün səbirsizlənirəm. Bu illər
ərzində yaşadıqları çətinliklərdən sonra, nəhayət, üzügülən, sevinən, yurd
nisgilinə son qoyulmuş insanların sevincini bölüşmək istəyirəm.
Hüseynovlar ailəsinin qonağıyıq. Qapıda bizi Anar Hüseynov qarşılayır. Evdə
qonaqlar var, süfrə azərbaycanlılara məxsus təamlarla bəzədilib. Bizə də ikram
etdikdən sonra söhbətə başlayırıq…
Ailə Füzulidən 1992-ci ildən qaçqın düşüb.
A.Hüseynov qaçqınlıq dövrünü – 30 il davam edən o çətin günləri təfərrüatı ilə
danışır:
“Ömrümboyu Füzulidən necə getdiyimi unutmayacağam. Ev-eşiyimiz bir kənara,
uşaqlıq və gəncliyimizi burada qoyub getməyə məcbur qaldıq. Kimi məcburi
köçkün, kimi qaçqın dedi. Bu damğanı alın yazısı kimi daşımağa məhkum idik. 25
il qarajda yaşadım, dövlət tərəfindən Bakıda qaçqınlar üçün salınan
şəhərciklərdən ev verilsə də, qəbul etmədim. “Füzuliyə qayıda bilməsəm, elə bu
qarajda öləcəyəm”, – deyə and içmişdim. Elə də oldu, qayıtdıq”.
O, Füzulinin işğaldan azad edilməsi xəbərini necə eşitməsindən və bununla
bağlı əhdindən də bəhs edir:
“Füzulinin işğaldan azad olunması xəbərini mənə kim versə, qarşısında diz
çöküb ayaqlarından öpəcəyəm demişdim. Bu şad xəbəri anamdan eşitmək qismət
oldu. Heç vaxt elə ağlamamışdım. Anamın qarşısında diz çöküb ayaqlarından
öpdüm. Füzuliyə qayıdacaq ilk ailələrdən olacağımızı eşidəndə də çox sevindim.
Ali Baş Komandanımız başda olmaqla bizə bu sevinci yaşadan Azərbaycan Ordusuna,
əsgərlərimizə minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, bu yolda
sağlamlığından keçən qazilərimizə şəfa versin”.
Bir qədər söhbət etdikdən sonra Hüseynovlar ailəsi ilə sağollaşıb Vəliyevlər
ailəsinin qapısını döyürük. Qapıda bizi 4 yaşlı Fərəh qarşılayır. Atası İsa
Vəliyevin dəvəti ilə evə keçirik.
İsa bəy deyir ki, Füzulidən qızı ilə eyni yaşda olarkən, yəni 4 yaşında qaçqın
düşüb:
“Yaşım çox kiçik olduğu üçün Füzuli xatirələrimdə ancaq valideynlərimin və
digər böyüklərimizin danışdığı qədər qalmışdı. Müharibədən sonra bura gələndə
çox pis oldum. Çünki ailəmin mənə Füzuli barədə danışdıqları ilə onun hazırkı
siması çox fərqli idi. Cənnət kimi bir yer barbarcasına məhv edilmişdi”.
O, övladlarını məhz burada böyütmək istəyindən və Füzulidə tikilmiş yeni
təhsil ocağından bəhs edir: “İşğaldan azad olunduğu gündən bura gəlmək üçün can
atırdıq. Əhalinin siyahıyaalınması zamanı dəfələrlə Füzuliyə köçmək istəyimlə
bağlı müvafiq yerlərə müraciət etmişdim və xoşbəxtlikdən doğma yurda köçən ilk
ailələrdən olduq. Böyük qızım burada məktəbə gedir və məktəbi, evimizi çox
sevir. Hərdən Bakıya gedəndə uşaqları özümlə aparmaq istəsəm də, Füzulidən
ayrılmırlar”.
Füzulidə olarkan oranın yeni sakini, şair Qənbər Hüseynovla da həmsöhbət
oluruq. Füzuli ilə bağlı yazdığı şeirlərindən danışır, bir də atasının qəbri
üçün düzəltdiyi baş daşından:
“Atamın qəbrini burada qoyub getmək məni sarsıtmışdı. İllərdir bunu özümə dərd
eləmişdim. Bu, bizim üçün olduqca ağrılı idi. Atamın qəbri olan yerlərdə hələ
də minalar olduğu üçün başdaşını evdə saxlayıram. Həmin qəbiristanlıqda mina
təhlükəsi aradan qalxan kimi atamın qəbrini ziyarət edib, əllərimlə düzəltdiyim
həmin başdaşını qəbrinə yerləşdirəcəyəm.
Arzularım getdi bada,
Tənha qaldım bu dünyada,
İndi arzum yoxdur mənim,
Bu dünyadan köçəcəyəm,
Elə budur arzum mənim…
Bütün arzularım puç olmuşdu, özümə sadəcə ölüm arzulayırdım. Füzulinin havası,
suyu, torpağı üçün darıxırdım. Bu gün həmin doğmalıqla birgə yaşamaq eşqim də
mənə qayıdıb. Bu uğurda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
Qənbər kişinin Füzuli barədə xatirələrini də dinlədikdən sonra həyətə çıxırıq.
Hava qaralıb, lakin uşaqlar hələ də məhəllədə oynayırlar.
Otuz ildir sinəsinə dağlar çəkilən Füzulinin bu gün üzü gülür, siması
gözəlləşir. Biz isə bu mənzərədən ruhən dincəlib yolumuza davam edirik…