Gədəbəydə 8-ci sinif şagirdi məktəbdən qayıdarkən qaçırılıb.
ÇıxışYolu.Com “xezerxeber.az”a istinadən xəbər verir ki, hadisə Gədəbəyin Arıqdam kəndində baş verib.
Kənd sakini 14 yaşlı Səbinə İsgəndərova martın 27-də günorta saatlarında dərsdən evə qayıdarkən 3 nəfər oğlan tərəfindən “Niva” markalı avtomobilə oturdularaq qaçırdılıb.
Anası Mətanət İsgəndərovanın dediyinə görə, Səbinəni Əli Qurbanov adlı 19 yaşlarında olan həmkəndlisi zorla qaçırıb və bu işdə onun dostları Vüqar Sadıqov və Elyar Sadıqov da yaxından iştirak ediblər.
Qızın valideynləri bildirir ki, əvvəllər Əli Qurbanovun ailəsi qızları üçün elçi düşməyiblər. Ancaq oğlan özü hər gün qızı məktəbdən evlərinə kimi təqib edirmiş. Övladlarının taleyindən narahat olan valideynlər qızın hara qaçırıldığından xəbərsizdirlər.
Kənd sakinləri bu cür halın kənddə ilk dəfə olmadığını deyirlər. Əvvəllər də yetkinlik yaşına çatmayanların qaçırılması faktına rast gəlinib.
Gədəbəy Rayon Polis Şöbəsindən bildirildi ki, məktəblinin qaçırılması ilə bağlı xəbər daxil olandan sonra təxirəsalınmaz axtarışlara başlayıblar. Qızı qaçıranların yuxarda adları çəkilən şəxslər olduğu da müəyyənləşib. Yaxın zamanda cinayəti törəndən şəxs və ya şəxslər tapılaraq istintaqa cəlb olunacaqlar.