d88fed79-f18b-4525-8f88-d9231d179d8b..jpg

Gələn il əmlak qiymətlərində hansı dəyişikliklər olacaq? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 643 dəfə baxılıb.

Gələn il əmlak qiymətlərində hansı dəyişikliklər olacaq? – “Kaspi”nin
ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü illə vidalaşırıq. Bu il yaddaşımızda həm də bahalaşma ilə qalacaq.
İnflyasiyanın ən çox zərbə vurduğu sahələrdən biri də daşınmaz əmlak bazarı və
mənzil kirayəsi sektorudur. Vətəndaşlar da, ekspertlər də mənzil qiymətlərindən
şikayətçidirlər.

Bəs 2024-cü ildə bu sahədə bizi nə gözləyir? Ev sahibi olmaq istəyən şəxslərin
bu il üzü güləcəkmi?

“Kaspi” qəzeti
mövzu ilə bağlı məqalə dərc edib.

“Gələn il kirayələr ucuzlaşacaq”

Əmlakçı Samir Rüstəmov bildirib ki, gələn il bu sektorda ciddi qiymət
artımları gözlənilmir:

“2023-cü ildə qiymətlər onsuz da qalxıb. Amma 2024-cü ildə yenitikililərdə çox
da artım olacağını gözləmirəm. Köhnə tikililərin qiymətində az da olsa artım
var. Hazırda bazarda durğunluqdur. Bu zaman çox da böyük artımlar olmur. Kirayə
bazarında isə qiymətlər fantastik həddədir. Əvvəl 450-500 manata olan evlərin
qiyməti indi 700 manata qalxıb. Amma gələn il kirayə bazarında da elə böyük
qiymət artımları olacağını düşünmürəm. Əksinə, gələn il üçün kirayə bazarında
ucuzlaşma gözləyirik”.

10 faizə qədər yüksəlmə qaçılmazdır

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə düşünür ki, gələn il də
bahalaşma davam edəcək:

“Sıçrayışlı artım gözləməsək də, ən azı 10 faizə qədər yüksəlmə qaçılmazdır.
Bunu deməyə əsas verən səbəblər var. Məsələn, artıq bazarda ucuz mənzillər
qıtlaşır, təklif tədricən azalır. Tələb isə həmişə yüksək olaraq qalır. Digər
əsas səbəblərdən biri bu il Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
tələbləri sərtləşdirməsindən sonra çoxmənzilli binaların tikintisi ilə məşğul
olan şirkətlərin tikintiyə sərf etdikləri maya dəyərinin artmasıdır. Qiymətin
qalxmasının digər səbəblərindən biri də torpaq sahələrinin məhdudlaşması və
torpaq bazarında olan bahalaşmadır. Bu gedişlə qiymətlər gələn il də artacaq”.

Ekspert qeyd edib ki, regionda baş verən proseslər də daşınmaz əmlak bazarına
birbaşa təsir göstərir:

“Rusiya-Ukrayna müharibəsi, İsrail-Fələstin münaqişəsi daşınmaz əmlak
bazarımıza təsirsiz ötüşmür. Xüsusən də qonşu ölkələrdən daşınmaz əmlak almaq
üçün insanların ölkəmizə gəlməsi həm kirayə bazarı, həm də mənzillərin
qiymətlərini bahalaşdırır”.

Qiymətlər üç min manatdan yüksəkdir

R.Qasımzadə bildirib ki, artıq kənar ərazilərdə belə bir kvadratmetrini 1000
manatdan aşağı mənzil tapmaq mümkün olmayacaq:

“Keçən il deyirdik ki, bi kvadratmetrini 1500 manata ev görməyəcəyik. Amma
gələcəkdə 2000 manata da tapa bilməyəcəyik. Çünki bir kvadratmetr üzrə
qiymətlər üç min manata doğru inkişaf edir. Paytaxtın mərkəz hissələrində
əvvəllər çoxmənzilli binalardan bir kvadratmetri 1500 manata ev tapmaq
olurdusa, indi artıq mümkün deyil. Çünki qiymətlər 2000-2500 manat
aralığındadır. Bir qədər kənarlarda – Qaradağ, Suraxanı, Sabunçu kimi
rayonlarda əvvəl bir kvadratmetri 800-900 manata mənzil tapmaq mümkün idisə,
artıq orada da qiymətlər 1200-1500 manat aralığında dəyişir. Tam mərkəz
hissələrdə isə evlərin bir kvadratmetri 3000 manat və ondan daha yuxarı təklif
olunur”.

“Tökülən” binalarda evlər 100 min manatdır

Ekspertin fikrincə, çoxmənzilli binalarda qiymətlər qalxdıqca, bu, təkrar
mənzil bazarına da təsir göstərir:

“Əgər yenitikililərdə bir kvadrat 3000 manata təklif olunursa, təkrar mənzil
bazarında bir kvadratmetrini 1500-2000 manata satan da ona baxıb qiyməti ən azı
2500 manat edir. Nərimanov ərazisində təkrar mənzil bazarında “xruşşovka”
layihəli binaların bir kvadratmetrinin qiyməti üç min manata çatıb. “Xruşşovka”
layihəli bir otaqlı mənzillər 100 min manat və daha artıq qiymətə təklif
olunur. “Kiyev”, “Leninqrad”, “xruşşovka”, “Minsk” layihəli köhnə binalar
sökülür, yerinə çoxmənzilli yeni tikililər inşa edilir. Yenisi tikildikdən
sonra daha baha qiymətə təklif olunur. Bu da qiymətlərə təsirini göstərir. Bir
sözlə, ucuz mənzillərlə vidalaşmalı olacağıq”.

Fərdi yaşayış evləri də bahalaşacaq

O qeyd edib ki, gələn il hətta fərdi yaşayış evləri də bahalaşacaq:

“Həyət evlərində torpaq sahələrinin qiymətinin artması, oktyabrın 1-dən
etibarən sənədi olmayan fərdi həyət evlərinin inşasına məhdudiyyətlərin tətbiq
edilməsi və kommunalla təminatın həyata keçirilməməsi onu deməyə əsas verir ki,
onlarda da bahalaşmanı müşahidə edəcəyik. Fərdi yaşayış evlərinin qiymətinə
birbaşa təsir göstərən əsas amil torpaq sahələri ilə bağlıdır. Bir neçə ildir
ki, Bakıda torpaq sahələrinin qiyməti artır. Tikinti materialları qiymətlərə o
qədər də təsir göstərmir, amma torpaq sahələrinin qiymətinin artması fərdi
yaşayış evlərini bahalaşdırır”.

Bu evlərin kirayə qiyməti dəyişmir

R.Qasımzadə kirayə mənzil bazarından da danışıb: “Həm çoxmənzilli binalarda,
həm də təkrar mənzil bazarında qiymətlərin artması kirayə mənzil bazarına da
təsir göstərir. Bu il kirayə mənzil bazarında qiymətlər stabildir. Keçən il
kirayə qiymətlərdə 20-25 faizə qədər artımın şahidi olduq. Amma gələn il üçün
ən azı yaya qədər qiymətlərin sabit qalacağını düşünürəm. Yayda qiymətlərdə
azalma da ola bilər. Hər il tələbələrin regionlara üz tutması ilə əlaqədar
kirayə qiymətlərində enmə müşahidə edilir. Amma cari il bu da yaşanmadı”.

Ekspert bildirib ki, həyət evləri kirayə üçün ən stabil variantlardandır:
“Çünki həyət evlərində 150 manatdan beş min manata qədər istənilən qiymətə
kirayə evlərə rast gəlmək mümkündür. Qiymətlər həyət evinin təchizatına,
rahatlıq imkanlarına, şəraitinə görə dəyişir”.

Günlük kirayə mənzillər

2024-cü ildə ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərin əmlak qiymətlərinə
təsirinə gəlincə, ekspert bildirib ki, günlük kirayə mənzillərin qiymətlərində
artımlar ola bilər:

“Formula 1″, COP29 kimi tədbirlər əsasən sutkalıq mənzil bazarına təsir
göstərir. Aylıq kirayə bazarına bir qarışacağı yoxdur. Məsələn, günü 50 manata
kirayə verilən mənzillər belə tədbirlər olan ərəfələrdə 80-150 manata olur”.

Source link