Gələn il qızıl bahalaşacaq?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanın zərgərlik bazarı kifayət qədər inkişaf edib və bu günə qədər
dinamikanı saxlamaqda davam edir. 2022-ci ildə bazarın illik dövriyyəsi 153
milyon manat təşkil edirdisə, cari ildə bu həcmin 220 milyon manatdan çox
olacağı proqnozlaşdırılır”.
Bu sözləri Bizim.media-ya açıqlamasında “Azərbaycan Zərgərlər
Assosiasiyası”nın (AZA) sədri Toğrul Abbasquliyev bildirib:
“İdxal olunan qızılın miqdarı da artıb
2023-cü ilin sonuna qədər bu həcmin yenidən artırılacağı proqnozlaşdırılır.
Eyni zamanda Azərbaycanın ixrac etdiyi zərgərlik məmulatlarının dəyəri 19
milyon manatdan çox olub. Onların böyük hissəsi dünyanın bir çox ölkəsinə, o
cümlədən Türkiyəyə, Özbəkistana, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə
göndərilir”.
Qiymətlər necədir?
Müsahibimiz hazır məmulatların qiymətlərinin üç əsas amillə bağlı olduğunu
diqqətə çatdırıb:
“İlk məsələ qiymətli daşlarla bağlıdır. Əsasən də brilyantın qiyməti “rapoport
hesabatı”na əsasən formalaşır. Qızıl isə birjaya uyğun tənzimlənir. Qızılın bir
qramının qiyməti bu il payız aylarına qədər 60-62 dollar arasında dəyişirdi.
Ancaq hazırda 1,99 əyyarlı qızılın qiyməti 64-65 dollara yaxındır.
Sonuncu amil isə işçiliklə bağlıdır. İşçilik qiymətləri istər ölkəmizdə,
istərsə də Avropa, Rusiya və Türkiyədə ciddi dəyişikliyə məruz qalmayıb. Bu,
birqramlıq zərgərlik məmulatı üçün 5 dollardan başlayır və 25 dollara qədər
dəyişir. Ümumilikdə 2024-cü ildə isə zərgərlik bazarının dövriyyəsinin 300
milyon manatadək artacağı proqnozlaşdırılır”.
Bəs cari dövrdə zərgərlik bazarında hansı çətinliklər baş verib?
Onun sözlərinə görə, bu gün bazarda ən aktual məsələlərdən biri, 2019-cu ildə
Qiymətli daşlara və metallara nəzarət Dövlət Xidmətinin bağlanmasından sonra
yaranıb:
“Hazırda bu sahəyə nəzarət edən bir dövlət qurumu yoxdur. Bu da bəzən həm
alıcılar, həm də sahibkarlar arasında narazılıqlara səbəb olur. İllərdir sağlam
şəkildə fəaliyyət göstərən sahibkarlar bu gün həmin xidmətin olmamasından
əziyyət çəkirlər. Bizim gözləntilərimizə görə, Azərbaycanda belə bir qurum
yaradılacaq”.