Gəncə-Qazax-Gürcüstan yolunun tikintisi yekunlaşmaq üzrədir – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan
Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik
Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin dörd hərəkət zolağına
genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilərək yekunlaşdırılır.
Layihəyə əsasən, torpaq yatağının ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75
metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü olacaq.
Magistralın Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsində tikinti işləri üç lot
üzrə icra olunur. 1-ci və 2-ci lotlar, həmçinin 3-cü lotun bir hissəsi üzrə
tikinti işləri artıq yekunlaşıb və 2023-cü ilin avqust ayının 7-də Azərbaycan
Respublikasının Prezidentiİlham Əliyev yolun ümumi uzunluğu 102 kilometr olan
sözügedən Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”na əsasən, yenidən qurulan 1b texniki dərəcəli yolun
bu hissəsində 67 alt keçid, 19 qovşaq və 17 (36 ədəd) körpünün tikintisi də
başa çatdırılıb.
Hazırda tikinti işləri magistralın 28 km-lik Qazaxbəyli-Gürcüstan sərhədi
hissəsində, yəni layihənin 102,2-130,15-ci km-lik hissəsində davam etdirilir.
Ümumilikdə layihəyə əsasən, torpaq yatağının tikintisi yekunlaşır, bundan
başqa hazırda dənəvər tərkibli əsasın tikintisi, suötürücü boruların, alt
keçidlərin və körpülərin inşası işləri davam etdirilir. Buna paralel olaraq
qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də
görülür.
Ümumilikdə sözügedən hissə boyu dörd yol qovşağı və ötürücüsü, iki çay
körpüsü, 14 yeraltı keçid, 13 düzbucaqlı su keçidi, 68 dairəvi suötürücü boru
inşa edilir. Layihəyə uyğun olaraq, zəruri yerlərdə 28 avtobus dayanacağı
quraşdırılır. Artıq sözügedən hissədə süni qurğuların tikintisi 74% yerinə
yetirilib. Ümumi tikinti işlərinin yerinə yetirilmə faizi isə 90% təşkil edir.
Tikinti işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz
hərəkəti dayandırılmadan, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun və
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında
keyfiyyətlə aparılır.
Uzunluğu 130,15 kilometr olan Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun
dörd hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların
rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa, yolun iri
yaşayış məntəqələrindən kənar keçməsi əhalinin və yoldan istifadə edən
sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.
Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq
nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya
və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə
əlaqələrin inkişafında mühüm rol oynayır.
Layihə tam reallaşdırıldıqdan sonra Şərqdən Qərbə və əks istiqamətdə “Böyük
İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan bu yol Avropa ilə Asiya arasında
avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.