Gəncə şəhərinin ilk raket hücumuna məruz qalmasından üç il ötür – VİDEO
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı
qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından üç il ötür.
Cixisyolu.com xatırladır ki, 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində
ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki
yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya,
həmçinin fərdi yaşayış evlərinə düşüb.
Düşmən tərəfindən Gəncənin bombalaması nəticəsində bir mülki şəxs – Əliyev
Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə
yanaşı, mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.
Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda
edilən ilk ciddi hücum idi.
Hadisədən sonra Azərbaycanın baş prokuroru Kamran Əliyev bəyanat yayıb.
Bəyanatda bildirib ki, ilkin araşdırma ilə qeyd olunan fakt üzrə Qarabağdakı
separatçı rejimin rəhbəri Arayik Arutunyan tərəfindən Cenevrə Konvensiyasının
tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında
vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar
toplanıb.
“Buna görə də tərəfimdən Arayik Arutunyanın barəsində Azərbaycan Cinayət
Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə
zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə
zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adamöldürmə),
186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3
(Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb
və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb”, –
deyə baş prokuror bəyanatında vurğulayıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri
tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket
və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər
yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat
vasitələrinə külli miqdarda ziyan dəyib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi
təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub,
454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış
sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə
zərər faktı aşkar edilib.