Gəncədə iki qardaşı bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı
Gəncədə iki qardaşı bıçaqlamaqda təqsirləndirilən Nicat Qurbanova hökm oxunub,
o, məhkəmə zalından azadlığa buraxılıb.
“Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər
Məhkəməsinin hakimi Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, N.Qurbanova şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində
seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə
getməmək haqqında iltizam tədbiri ilə əvəz edilib. O, dərhal məhkəmə iclas
zalından həbsdən azad olunub.
Qeyd edək ki, hadisə 2021-ci il martın 25-də axşam saatlarında Gəncə şəhərinin
Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakinləri – 28 yaşlı Osman Dadaşov və qardaşı, 30 yaşlı Salman
Dadaşovun bıçaq yaraları ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım
Xəstəxanasına gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon
Polis İdarəsinə (RPİ) məlumat daxil olub.
Araşdırma zamanı məlum olub ki, Gəncə şəhər sakini, 1994-ci il təvəllüdlü
N.Qurbanov ailə münaqişəsi zamanı bacısının həyat yoldaşı O.Dadaşovu və onun
qardaşı S.Dadaşovu bıçaqlayaraq xəsarət yetirib.
Daha sonra N.Qurbanov saxlanılaraq istintaqa təqdim edilib.