7cad9a6e-ea9d-4850-86ca-cf2727c659b3..jpg

Gəncədə məktəblinin qətli ilə bağlı YENİ DETALLAR: “Son zəng”də… – YENİLƏNİB + FOTO

Baxış sayı: 554 dəfə baxılıb.

Gəncədə məktəblinin qətli ilə bağlı YENİ DETALLAR: “Son zəng”də… – YENİLƏNİB
+ FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul
Bəxtiyar oğlu Rəhimovun qətlə yetirilməsi ilə bağlı bəzi detallar üzə çıxıb.

Mərhumun yaxın qohumları bizim.media-nın yerli bürosuna bildiriblər ki, Raulla
ona bıçaq zərbəsi endirən həmyaşıdı Fərid Şabanov arasında əvvəllər də mübahisə
olub.

Məlumata görə, F. Şabanov Bağmanlar qəsəbəsində babasının evində yaşayır. F.
Şabanovun anası, Raulun isə babası həmin məktəbdə müəllimdir. Ötən il keçirilən
“Son zəng” mərasimində onlar arasında bir dəfə də mübahisə olub.

“Raul çox sakit və mehriban uşaq idi. Böyük-kiçiyin yerini bilən idi. Uzaqdan
bir az qohumluqları da çatır. Onu niyə bıçaqla vurduğunu biz də hələ bilmirik.
Bildiyimiz odur ki, səhər məktəbə gedib və bu hadisə baş verib”, – deyə Raulun
qohumu əlavə edib.

Gəncə Şəhər Regional Təhsil İdarəsinin məlumatına görə, qətli törədən F.
Şabanov məktəbin şagirdi deyil.

13:10

“Raulla hadisədən 10 dəqiqə əvvəl telefonla danışmışdım. Dedi ki, “qardaş
yoldayam, məktəbə gedirəm. Narahat qalma”. 10 dəqiqədən sonra mənə zəng edib
dedilər ki, qardaşın bıçaqlanıb”.

Bunu azvision.az-a açıqlamasında bu gün Gəncədə məktəbin qarşısında
bıçaqlanaraq öldürülən Raul Rəhimovun qardaşı Ramal Rəhimov deyib.

“Raul məktəbdə dava salan, pis davranan şagird olmayıb. Sadəcə tündxasiyyətli
idi. Olduğu ortamda münasibət qurana qədər danışmazdı. Onu bıçaqlayan Fərid də
eyni məktəbin 11-ci sinif şagirdidir, paralel siniflərdə oxuyurlar. Onlar
arasında problemlər əvvəldən olub, lakin bu dərəcədə deyildi. Raulla Fərid
başqa dünyaların insanları idi, bir-birlərinə danışıqları, davranışları,
hərəkətləri xoş gəlmirdi.

Aralarında olan münasibət bura qədər gəlməmişdi. Ötən il oturub hətta söhbət
edirdilər, gülürdülər, ortam mülayimləşmişdi. Amma bu tədris ilindən
münasibətləri yenidən gərginləşmişdi”.

Ramalın sözlərinə görə hər iki şagirdlə bağlı məktəb rəhbərliyinə dəfələrlə
xəbərdarlıq edilmişdi: “Hər şey onların yaxşılığı üçün edilirdi, onlar
nəzarətdə saxlanılırdı. Hətta ailələr də görüşmüşdü, uşaqlar qarşılaşmışdı və
onlara ciddi xəbərdarlıq olmuşdu.

Raulun universitetlə bağlı xəyalları olmasa da, işləmək, səyahət etmək
arzuları var idi. Onun arzuları yarımçıq qaldı”.

Qeyd edək ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8
nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 17
yaşlı məktəbli F.Şabanov tərəfindən bıçaqlanaraq öldürülüb. Faktla bağlı Gəncə
Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)
maddəsilə cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən,
2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib.

12:36

Bu gün Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif
şagirdi Raul Rəhimovun məktəbin qarşısında qətlə yetirilməsi ilə bağlı bəzi
detallar məlum olub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gəncə-Daşkəsən Regional
Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Azər İbrahimov
“Qafqazinfo”ya bildirib ki, qətl törətməkdə şübhəli bilinərək saxlanılan
2007-ci il təvəllüdlü F,Şabanov hadisədən əvvəl məktəbə daxil olmağa çalışıb:
“Lakin məktəbin məsul şəxsləri onun məktəb binasına daxil olmasına icazə
verməyiblər.

O, məktəbdən çıxarılarkən əsəbi halda şagirdlərlə mübahisə edib. Həmin vaxt
dərsə gələn şagird Rəhimov Raul Bəxtiyar oğlu ilə də arasında münaqişə yaranıb.
Mübahisə zamanı kənar şəxs Raul Rəhimova bıçaq xəsarəti yetirib”.

İdarə rəsmisi bildirib ki, F.Şabanov 10-cu sinifdə təhsilini yarımçıq
dayandırıb: “O, valideynin ərizəsi əsasında orta məktəbdəki təhsilini
dayandırıb və ondan sonra heç bir məktəbdə təhsilinə davam etməyib”.

Qeyd edək ki, 2022-ci ilin aprel ayında da Gəncə şəhəri M.P.Vaqif adına 8
nömrəli tam orta məktəbdə şagird qızlardan biri sinif yoldaşını bıçaqlayıb.

11:21

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R.
Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə
məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis
kapitanıEşqin Qasımov Cixisyolu.com-a açıqlamasında bildirib ki, məlumatla bağlı Gəncə
Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə
gələrək müvafiq araşdırmalar həyata keçiriblər. Polis əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli
bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

11:10

Gəncədə bıçaqlanaraq qətlə yetirilən 11-ci sinif şagirdi Raul Rəhimovun dərsə
davamiyyəti yaxşı olub.

“Report”un Qərb bürosunun məlumatına görə, o, səhər saatlarında dərsə gedən
zaman məktəbin qarşısında bir bıçaq zərbəsi ilə ağır xəsarət alıb.

Məktəbli ağır halda Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım
Xəstəxanasına aparılıb. Həkimlərin göstərdikləri yardımlara baxmayaraq, o ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Fərid adlı şəxsin yaxınlarından biri 8
nömrəli məktəbin əməkdaşı olub, sonradan yaşla əlaqədar işindən çıxıb. Hadisəni
törədən şəxsin digər məktəblərdən birində oxuduğu bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat xidməti sözügedən hadisə ilə bağlı
rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, Gəncədə məktəbin önündə şagirdin
bıçaqlanması faktı ilə əlaqədar cinayət işi açılıb:

“Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək
saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən
təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.

Nəticəsi barədə əlavə məlumat veriləcək”.

10:00

Yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam
orta məktəbin XI sinif şagirdi Raul Rəhimov təhsil müəssisəsinin önündə kənar
şəxs tərəfindən bıçaqlanıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Cixisyolu.com-a bildirilib ki,
şagird dərhal xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma
aparılır.

Source link