Gəncədə narkotik satmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər
ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa
olunması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan
“Report”a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri
nəticəsində müxtəlif yollarla ölkə ərazisinə o cümlədən Gəncə şəhərinə
gətirilmiş narkotik vasitələri satmaqda və yaymaqda şübhəli bilinən 20-ə yaxın
şəxs saxlanılıb.
Saxlanılmış hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə o
cümlədən digər yerlərə axtarış aparılan zaman müxtəlif çeşidli narkotik
vasitələr və güclü təsir edici gücə malik narkotik maddələr aşkar edilərək
götürülüb.
Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə
vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı Gəncə şəhəri
ərazisində satmaq və yaymaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Aralarında əvvəllər də törətdikləri analoji cinayətlərə görə məhkum olunmuş bir
neçə şəxsin yaşadığı evə baxış keçirilən zaman narkotik maddələrlə yanaşı odlu
silahlar da aşkarlanaraq götürülüb. Bu şəxslərin hər biri barəsində cinayət
işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən
edilməsi, həmçinin Gəncə şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi
ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində Gəncə Şəhər Baş Polis
İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.