Gəncədə piyadanın ölümündə təqsirləndirilən sürücüyə hökm oxunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə
təqsirləndirilən Xəyal Yolçuyevə hökm oxunub.
“Report” xəbər verir ki, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin
hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, X.Yolçuyev 5 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin martında Gəncə şəhərində qeydə alınıb.
Belə ki, Samux rayon sakini X.Yolçuyev idarə etdiyi VAZ-2107 markalı
avtomobillə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü Şəhriyar
Məmmədovu vurub və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
X.Yolçuyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti və ya nəqliyyat
vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini
idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, X.Yolçuyev Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər Dəmir
yolu Xətt Polis Şöbəsinin əməkdaşı, hadisədə dünyasını dəyişən Ş.Məmmədov isə
Vətən müharibəsinin iştirakçısı olub.