Gəncədə sənədsiz fərdi evlərlə əlaqədar problemin həlli mexanizmi açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gəncə şəhərinin genişləndirilməsi ilə bağlı qonşu rayonlardan, o cümlədən
Daşkəsən və Göygöl rayonlarından torpaq sahələri Gəncə şəhərinin inzibati
ərazisinə daxil edilərkən kənd təsərrüfatı təyinatlı torpaqlarda qeyri-qanuni
fərdi evlərin inşa edildiyi müəyyən olunub.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti
haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli
qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların
bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən
torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsi torpaq mülkiyyətçilərinin vəsatəti əsasında müvafiq dövlət
orqanlarından rəy alındıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarı ilə həyata keçirilir.
Gəncə şəhəri ərazisində 2011-2018-ci illərdə inşa edilmiş fərdi yaşayış
evləri, o cümlədən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata
alınmamasının səbəbi həmin ərazilərin torpaq sahələrinin dövlət mülkiyyətinə
aid olmasıdır. Bildirilib ki, bununla əlaqədar, yerli ekspert komissiyaları
tərəfindən həmin torpaq sahələrinin ekspertizası keçirilib və tərtib edilmiş
siyahı İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə göndərilib. Torpaq
sahələrinin mülkiyyət növü və təyinatı dəyişdirildikdən sonra qeyd edilən
problem öz həllini tapacaq.