9de2cbc9-04ad-4a9f-9281-cc2968e48bd6..jpg

Gəncədə şagirdi məktəbin önündə bıçaqlayan şəxs saxlanılıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 366 dəfə baxılıb.

Gəncədə şagirdi məktəbin önündə bıçaqlayan şəxs saxlanılıb – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R.
Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə
məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis
kapitanıEşqin Qasımov Cixisyolu.com-a açıqlamasında bildirib ki, məlumatla bağlı Gəncə
Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə
gələrək müvafiq araşdırmalar həyata keçiriblər. Polis əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli
bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

11:10

Gəncədə bıçaqlanaraq qətlə yetirilən 11-ci sinif şagirdi Raul Rəhimovun dərsə
davamiyyəti yaxşı olub.

“Report”un Qərb bürosunun məlumatına görə, o, səhər saatlarında dərsə gedən
zaman məktəbin qarşısında bir bıçaq zərbəsi ilə ağır xəsarət alıb.

Məktəbli ağır halda Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım
Xəstəxanasına aparılıb. Həkimlərin göstərdikləri yardımlara baxmayaraq, o ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Fərid adlı şəxsin yaxınlarından biri 8
nömrəli məktəbin əməkdaşı olub, sonradan yaşla əlaqədar işindən çıxıb. Hadisəni
törədən şəxsin digər məktəblərdən birində oxuduğu bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat xidməti sözügedən hadisə ilə bağlı
rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, Gəncədə məktəbin önündə şagirdin
bıçaqlanması faktı ilə əlaqədar cinayət işi açılıb:

“Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək
saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən
təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.

Nəticəsi barədə əlavə məlumat veriləcək”.

10:00

Yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam
orta məktəbin XI sinif şagirdi Raul Rəhimov təhsil müəssisəsinin önündə kənar
şəxs tərəfindən bıçaqlanıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Cixisyolu.com-a bildirilib ki,
şagird dərhal xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma
aparılır.

Source link