“Gəncə”nin türkiyəli baş məşqçisi: “Sabah”la matçda sürpriz etmək istəyirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Sabah”a qarşı matçda sürpriz etmək istəyirik”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasının X turunda
“Sabah”la üz-üzə gələcək “Gəncə”nin baş məşqçisi Bedri Meriç klubun mətbuat
xidmətinə açıqlamasında deyib.
Mütəxəssis matça səylə hazırlaşdıqlarını söyləyib: “Qış istirahəti ilə bağlı
düşərgəni tərk edən basketbolçular kluba dönüblər. Bazar gününə qədər matça
hazır olacağıq”.
Türkiyəli baş məşqçi bütün diqqətin həftəsonu reallaşacaq görüşə yönəldiyini
bildirib: “Rəqibimiz liqanın səviyyəsindən üstün olan bir kollektivdir.
Avrokubok yarışları üçün yığılmış heyətləri var. Bizim təqvimlə bağlı
şanssızlığımız var. Startda ard-arda iddialılarla oynayırıq. Çempionatın üç ən
yaxşı klubu ilə indi də evdə qarşılaşacağıq. Liqanın əvvəlində tam olaraq hazır
deyildik, zaman irəlilədikcə uyğunlaşma yarandı. Uşaqlar bir-birilərinə
inanırlar. Öz meydanımızda oynamağın üstünlüyü də var. “Sabah”a qarşı matçda
sürpriz etmək istəyirik. Gəncədəki oyunlarda rəqibləri çətin vəziyyətə salmağa
çalışacağıq. Onları asan mübarizə gözləmir. Pley-off yolunda üstünlük qazanmaq
istəyirik”.
Basketbolçuların fasilə müddətindəki fərdi hazırlığından da danışan Bedri
Meriç oyunçuların çəki ilə bağlı probleminin yaranmadığını vurğulayıb: “Tətilə
gedən oyunçuların məşq proqramını özüm izlədim. Hamısı tapşırıqlara uyğun
çalışdılar. Fiziki cəhətdən hər hansı problem yoxdur. Məşqdən də geri
qalmayıblar. Kluba yaxşı durumda qayıdıblar”.yd edək ki, noyabrın 14-də
reallaşacaq “Gəncə” – “Sabah” qarşılaşması saat 18:00-da başlayacaq.