5d71b0de-bdcd-4ff7-aaed-1e7979ed1515..jpg

Gəncəyə dördüncü raket atəşindən üç il keçir – VİDEO

Baxış sayı: 507 dəfə baxılıb.

Gəncəyə dördüncü raket atəşindən üç il keçir – VİDEO

Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri
Gəncəni dördüncü dəfə raket atəşinə tutmasından üç il keçir.

Cixisyolu.com xatırladır ki, 44 Günlük Vətən müharibəsində cəbhədəki
məğlubiyyətlərini həzm edə bilməyən Ermənistan qisası mülki əhalidən alırdı.
Bunun üçün Gəncəni intensiv atəşə məruz qoyurdu.

Oktyabrın 4-də, 5-də, 8-də Gəncəni atəşə tutan Ermənistan Azərbaycan xalqının
mübarizə ruhunu sındırmaq məqsədinə nail olmadı.

Buna görə də, oktyabrın 11-i gecə saatlarında “Toçka-U” raket sistemindən
istifadə edərək, şəhərdə insanların sıx yaşadığı məntəqəni atəşə tutdu.

Gəncə şəhərinin düz mərkəzi hədəf alındı. Ümumilikdə həmin gecə ermənilərin
Gəncəyə etdiyi raket hücumları 3 yaşayış binasının dağılmasına, 10 mülki şəxsin
ölümünə, uşaqlar da daxil olmaqla 40 nəfərin ağır yaralanmasına səbəb oldu.

Törədilən hərbi cinayət yalnız dinc sakinlərə, evlərə deyil, yaxınlıqdakı
tarixi abidələrə, iaşə obyektlərinə də zərər vurmuşdu.

Ermənistanın bu hücumu da Azərbaycan Ordusunun irəliləməsinə və xalqın
Prezidentin ətrafında sıx birləşməsinə maneə yarada bilmədi.

Həmin gün Ermənistan ordusu Mingəçevir Su Elektrik Stansiyasını da hədəf alıb.
Raketlər Azərbaycan Ordusunun balansındakı hava hücumundan müdafiə sistemləri
vasitəsilə zərərsizləşdirilib.

Qeyd edək ki, Ermənistanın Gəncəyə hücumları ilə bağlı Azərbaycan Baş
Prokurorluğunda cinayət işi açılıb.


Source link