e0624fc8-7652-4cb3-9403-f95ae8981c28.jpg

Gənc oğlan azyaşlı qızı sevdi, anası ilə sevgili oldu, mesajları üzə çıxdı

Baxış sayı: 25 dəfə baxılıb.

İsmayıllı rayonunda 1997-ci il təvəllüdlü Sərxan şəxsi münasibətlər zəminində
mübahisə zamanı 40 yaşlı sevgilisi Südabəni (adlar şərti verilib – red.) qətlə
yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, qətl hadisəsi qəsəbələrdən birində
baş verib.

Sərxan tam orta məktəbin yeni tikilmiş binasının arxa hissəsində yerləşən,
həmin məktəbin istifadəsiz qalmış köhnə binasının birinci mərtəbəsində olarkən
qəsəbədə yaşayan və məktəbdə xadimə işləyən tanışı Südabəni görüb.

Sərxan gizli sevgi münasibətləri barədə Südabənin ailə üzvlərinin və
qohumlarının öyrənmələri, ondan qəsəbəni tərk etməsini tələb etmələri
səbəbindən sevgi münasibətlərini artıq davam etdirə bilməyəcəyini düşünüb. O,
ailə üzvlərindən və qohumlarından dolayı yolla qisas almaq məqsədilə Südabəni
öldürmək qərarına gəlib.

Niyyətini həyata keçirmək üçün üstündə olan ov bıçağını koftasının sağ əl
qolluq hissəsinin altında gizlədərək məktəbin yeni tikili binasının giriş
qapısının qarşısına gedib. Qapını açaraq dəhlizdə oturmuş Südabədən həyətə
çıxmasını istəyib. Qadını məktəbin yeni tikilmiş binasının sol tərəfinə aparıb.

Koftasının sol qolluq hissəsindən bıçağı çıxararaq sağ ovcunda gizlədib. Daha
sonra arxası ilə gələn Südabə ilə üzbəüz 2 metr məsafədə dayanaraq ondan
qorxmamasını və yanına gəlməsini istəyib.

Sərxan Südabəyə yaxınlaşaraq sağ qolundan tutub və ona bıçaq zərbələri vurub.
Ümumilikdə 22 bıçaq zərbəsi alan qadın ölüb.

İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 120.2.4
(xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü
(qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə
etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və
ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham
elan edilib.

“Əsmərin anası olduğunu bildim”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ona elan
olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, 2021-ci ildən orta məktəbdə gözətçi işləməyə
başlayıb: “Orada məktəbdə xadimə işləyən əvvəllər tanımadığım Südabə ilə tanış
oldum. Onun təxminən 2020-ci ilin ortalarından qəsəbədə evlənmək niyyətində
olduğum, lakin azyaşlı olması ilə əlaqədar münasibət yaratmaqdan çəkindiyim
Əsmərin anası olduğunu bildim.

Təxminən 2021-ci ilin iyun ayının sonlarından Südabə ilə aramızda sevgi
münasibəti yarandı. Daha Əsmərlə maraqlanmadım. Eyni zamanda, Südabəyə də qızı
Əsmərdən əvvəllər xoşumun gəldiyini, lakin onun özünü tanıdıqdan sonra Əsmərlə
ailə qurmaq fikrindən daşındığımı bildirdim.

Südabənin evli və 4 uşaq anası olması səbəbindən münasbətlərimizi hamıdan
gizlətdik.

Mən Südabəni çox sevirdim. Hətta bir dəfə Südabə mənə əri Ruhlandan ayrılaraq
mənimlə başqa yerə gedib yaşaya biləcəyini də dedi. Südabə ilə İsmayıllı
şəhərində xatırlamadığım ünvanlarda onun özünün gündəlik kirayəyə götürdüyü
evlərdə bir neçə dəfə cinsi münasibətdə olmuşam”.

“Bacı gözü ilə baxdığımı dedim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 2022-ci ildə axşam
saatlarında xatırlamadığı telefon nömrəsindən Südabənin oğlu Elşən ona zəng
edib və qəsəbəyə gəldiyini, onunla görüşmək istədiyini bildirib:

“Mən orta məktəbdə olduğumu və orada onu gözləyəcəyimi dedim. Təxminən gecə
saat 00:30-da Elşən yenə zəng edərək qohumu Zülfü ilə məktəbin yaxınlığında
olduğunu bildirdi. Mən məktəb binasının arxa qapısından içəri daxil olmalarını
istədim.

Elşənlə Zülfü məktəb binasının arxa qapısından içəri girdilər və orada söhbət
etməyə başladıq. Elşən mənə qəsəbədə anası Südabə ilə aramızda sevgi
münasibətinin olması barədə şayiələrin gəzdyini dedi, buna aydınlıq gətirməyimi
istədi.

Mən ona Südabə ilə sadəcə iş yoldaşı olduğumuzu, ona bacı gözü ilə baxdığımı
dedim. Elşən ilə Zülfü mənə inandıqlarını deyərək getdilər”.

“Anası ilə yazışdığımı dedim”

Sərxan qeyd edib ki, növbəti günlərdə əmisi oğlu Elmar, Elmarın dostları Samir
və Telmanla Qəbələ rayonuna çay içməyə gediblər: “Qəbələdən qayıtdıqdan sonra
Elmarla kafelərin birində oturaraq yeyib-içmək üçün İsmayıllı şəhəri
ərazisindən iki ədəd cipsi və tum aldım. Lakin Elmar işi olduğunu bildirərək
mənimlə kafeyə getmədi.

Təxminən saat 20 radələrində Zülfünün votsapına mesaj yazaraq 2 butulka
çaxırımın olduğunu, İsmayıllı şəhərindən qəsəbəyə gəldikdə xəbər edəcəyimi
dedim, ona birgə çaxır içməyi təklif etdim. Zülfü mənimlə razılaşdı. Təxminən
15 dəqiqə sonra Zülfüyə zəng edərək qəsəbədə orta məktəbdə olduğumu bildirdim
və çaxır içmək üçün məktəbə gəlməsini istədim. Zülfü məktəbə Elşənlə gələcəyini
dedi.

Mən onlarla birlikdə əvvəl birinci mərtəbədə gözətçi üçün ayrılmış otağa
getdim. Lakin orada internet şəbəkəsi tutmadığı üçün sinif otağına getməyi
təklif etdim. Üçümüz ikinci mərtəbədəki qapısı açıq sinif otağına getdik.

Orada Zülfü ilə çaxır içməyə başladıq, Elşən isə spirtli içki qəbul
etmədiyindən bizə qoşulmadı. Təxminən 2 saat ərzində aldığım ya 700 qramlıq, ya
da 1 litrlik olan iki ədəd çaxırdan birini tam, ikinci şüşədən isə yarısını
içdikdən sonra içkinin təsiri altında “WhatsApp”da Südabə ilə yazışmağa
başladım, kövrələrək gözümdən yaş da gəldi.

Bu zaman Elşən yerindən duraraq tualetə gedərkən arxadan keçdikdə telefonla
Südabə ilə yazışdığımı gördü. Əlimdən telefonu aldı, anası ilə danışdığımı
görərək “kiminlə yazışırsan?” deyə soruşdu. Mən artıq çarəsiz qaldım və Elşənə
anası ilə danışdığımı dedim.

Artıq utandığım üçün telefonumu ondan istəmədim, baxmasına razılıq verdim”.

“Telefondakı yazışmanı göstərdi”

Sərxanın sözlərinə görə, bu zaman Elşən onun üz nahiyəsinə yumruq zərbələri
vurub: “Zülfü yerindən duraraq onu tutmaq istədi. Elşən sinif stolunun
üzərindəki boş çaxır şüşəsini götürüb başıma vurmağa çalışdı. Əlimlə başımı
tutduğumdan şüşə əlimə dəydi.

Elşənin hər iki əli bilmədiyim səbəbdən sarğıda olduğundan vurduğu yumruq və
şüşə zərbələri elə də güclü olmadı. Mən günahkar olduğum üçün Elşənə
ümumiyyətlə əl qaldırmadım.

Zülfü Elşəni tutaraq sakitləşdirdi. Elşəngilə gedərək məsələyə aydınlıq
gətirməyi təklif etdi. Üçümüz də oradan çıxdıq və təxminən saat 23 radələrində
piyada Elşəngilə getdik.

Evlərinin həyətinə girən kimi Elşən yüksək səslə anası Südabəni çağırmağa
başladı. Biz evin qapısına çatdıqda Südabə qapını açan kimi Elşən sağ əli ilə
onun üz nahiyəsinə şillə vurdu. Sonra isə evə girdi. Onun arxası ilə Zülfü və
mən evin qonaq otağına daxil olduq.

Elşən evə girəndən sonra Südabənin saçlarından tutaraq digər əlində
telefonundakı yazışmanı göstərdi, yüksək səslə bunun nə yazışma olduğunu
soruşdu. Südabə isə ağlaya-ağlaya mənimlə arasında heç bir münasibətin
olmadığını dedi. Elşən dayılarına da zəng edərək onların evinə gəlməsini
istədi”.

“Qəsəbədən birdəfəlik getməyimi istədilər”

Təqsirləndirilən şəxsin sözlərinə görə, səs-küyə Südabənin əri Ruhlan, Elşənin
bacısı Əsmər, qardaşı Kərim, eyni həyətyanı sahədə yaşayan Əbülfət gəlib:
“Təxminən 5 dəqiqə sonra qonşuluqda yaşayan Səmayə və Əbülfətin arvadı Aytən,
daha sonra Südabənin qardaşları Xəlil və Pənah da gəldilər.

Pənah gələn kimi Elşən ilə Zülfüdən qışqırmamağı, qəsəbəyə biabır olacaqlarını
dedi. Çünki onlar yüksək səslə oradakı şəxslərə Südabə ilə mənim gizlin eşq
yaşadığımızı deyərək arada məni və Südabəni təhqir edirdilər. Yəni “cındır” və
“alçaq” kimi sözlər işlədirdilər.

Elşən dayılarını görən kimi qışqıra-qışqıra onlara anasının mənimlə
yazışdığını bildirdi. Mənim tərəfə gəldikdə Pənah Elşənə sakitləşməsi üçün bir
dəfə şillə vurdu. Daha sonra mənə yaxınlaşaraq üzümə yavaş tərzdə şillə vurdu
və məni Südabə ilə danışdığıma görə təhqir etdi. Südabə isə ağlaya-ağlaya digər
otağa keçərək qapını bağladı. Xəlillə Pənah evə gəldikdən sonra Elşənlə Zülfünü
çölə çıxartdılar. Qonaq otağında mən, Əbülfət, Ruhlan, Pənah və Xəlil qaldıq.
Əsmərlə Kərim də Südabənin olduğu otağa keçdilər.

Əbülfət sakit şəkildə mənimlə Südabə arasında sevgi münasibətinin olduğunu,
Südabənin telefonundakı yazışmaları da gördüklərini bildirdi. Onlar məndən
qəsəbədən birdəfəlik getməyimi, aranın sakitləşməsi üçün bir müddət qəsəbədə
olmamağımı istədilər.

Mən özüm də onlara qəsəbədən gedəcəyimi dedim. Onlar qəsəbədən getməyimi
hədə-qorxu ilə tələb etmədilər. Orada təxminən 1-2 saat qaldım. Lakin həyəcanlı
olmağım səbəbindən həmin müddət ərzində hansı söhbətlərin olmasını tam
xatırlamıram”.

“Münasibətlərimizi xeyli fikirləşdim”

Sərxan qeyd edib ki, gecə saat 1 və ya 2 radələrində Südabəgilin evini tərk
edib: “Məktəbə işimə qayıtdım. Yeni məktəb binasının birinci mərtəbəsindəki
gözətçi üçün ayrılmış otaqda açarı hər zaman məndə olan və bağlı saxladığım
siyirməni açdım. Qəsəbə ərazisində təxminən 2021-ci ilin əvvəllərində
müharibədən qayıtdıqdan sonra dəqiq xatırlamadığım yolun kənarından tapdığım
bıçağı hər ehtimala qarşı Südabənin qohumlarının üzərimə hücum çəkəcəklərindən
ehtiyat edərək özümü müdafiə etmək məqsədilə götürdüm.

Bıçağı şalvarımın sol cibinə qoydum, gödəkçəmi də əynimə geyindim. Məktəbin
köhnə binasının üçüncü mərtəbəsindəki istifadəsiz sinif otağına getdim. Gecəni
səhərədək oturaraq baş verənləri, yəni Südabə ilə aramızda olan münasibətlərdən
onun ailə üzvlərinin və qohumlarının xəbər tutması barədə xeyli fikirləşdim.
Bundan sonra nə edəcəyimi bilmədim”.

Sərxan deyib ki, bu zaman telefonunun Südabənin evində qaldığını bilib: “Lakin
utandığım və mənə hədə-qorxu gəlməsələr belə nəsə edəcəklərindən qorxduğum üçün
gedib telefonumu götürmədim.

İşlədiyim məktəbin girəcəyində gözətçi otağının olmasına baxmayaraq Südabənin
qohumlarının məni öldürə biləcəklərindən ehtiyat etdiyim üçün gecəni orada
qalmadım. Məktəbin köhnə binasının üçüncü mərtəbəsində səhərədək təxminən 1-2
saat yuxu yatdım. Özümlə götürdüyüm bıçağı isə yanıma qoydum”.

“Qisas almaq qərarına gəldim”

Sərxanın sözlərinə görə, növbəti gün təxminən saat 6 radələrində yuxudan
oyanıb və əvvəlki gün baş vermiş hadisə barədə düşünməyə başlayıb: “Saat 9
radələrində məktəbin köhnə binasının üçüncü mərtəbəsində qaldığım yararsız
sinif otağından çıxaraq Südabənin məktəbə gəlib-gəlmədiyinə baxmaq üçün yandakı
sinif otağına keçdim. Oradan məktəbin təzə binasının birinci mərtəbəsindəki
pəncərəsindən dəhlizdə Südabənin dayandığını gördüm.

Südabəni çox sevdiyim üçün və daha birlikdə olmayacağımızı başa düşdüyümdən,
həmçinin onunla məni ayırdıqları üçün qohumlarından qisas almaq niyyəti ilə onu
öldürmək qərarına gəldim.

Gecə qaldığım otağa keçib yerə qoyduğum bıçağı götürdüm və sol əlimin uzunqol
koftasının qolunun içəri hissəsinə gizlədərək dərhal köhnə binadan çıxdım.

Südabənin qohumlarının mənə hücum edəcəklərindən ehtiyat edərək xatırlamadığım
yerdən təxminən 1 metr uzunluğunda plastmas borunu da əlimə aldım, torpaqlı
sahə ilə məktəbin yeni binasının qarşısına getdim.

Məktəb binasının giriş qapısının qarşısından binaya girmədən Südabəni dəhlizdə
gördüm. Onu çağıraraq çölə çıxmasının istədim. Giriş qapısının qarşısında
məktəbin təsərrüfat müdiri mənim içəri girməyimi istədi. Ona bir azdan
gələcəyimi dedim və Südabəni çağıraraq məktəbin sol yan tərəfinə keçdim”.

“Bildirdim ki, heç nə etməyəcəyəm”

Sərxan qeyd edib ki, məktəbin yan tərəfinə keçən kimi gizlətdiyi bıçağı sağ
əlinə keçirib: “Südabə mənim arxamca yanıma gəldi. Məndən təxminən 3 metr
aralıda dayandı və sol əlimdə plastmas borunu gördü. “Məni vuracaqsan?”, –
soruşdu. Mən onu qorxutmamaq üçün əlimdəki borunu kənara atdım. “Yox,
vurmayacağam, gəl sənə söz deyirəm”, – dedim.

Südabə yenə: “mənə neyləyəcəksən?”, – soruşdu. Bildirdim ki, heç nə
eləməyəcəyəm, bura gəl. Südabə inandı və mənə tərəf yaxınlaşdı. Mən də ona
yaxınlaşaraq sol əlimi onun boyun nahiyəsinə atdım və qucaqlayıb sağ əlimdəki
bıçaqla bədəninin sol nahiyəsinə zərbə vurdum. Zərbənin təsirindən Südabə yerə
yıxıldı. Onun bədəninin müxtəlif nahiyələrinə xatırlamadığım sayda zərbələr
vurdum”.

“Özümü öldürmək istədim”

Sərxan qeyd edib ki, Südabənin ölməsinə əmin olub və məktəbin girişinə gəlib:
“Qapını aralayaraq dəhlizdə olan təsərrüfat müdirinə “vurdum, Südabəni oradan
götürün” dedim. Məktəbin köhnə binasına gəldim. Təxminən 5-6 dəqiqə baş
verənlər barədə fikirləşdim. Özümü də öldürmək niyyətində olduğumdan köhnə
əşyaların olduğu istifadəsiz sinif otağına getdim. Oradan işlənməmiş ülgüc
götürüb, həmin yerdən çıxdım. Dəmir setkanın qapısını açaraq tək piyada
gəzə-gəzə meşənin içi ilə İsmayıllı rayonunun kəndi istiqamətində getdim.

Məktəbdən təxminən 500 metr aralandıqdan sonra meşədə dayandım. Bir saat
torpaq səthi üzərində oturdum, cibimdən ülgücü çıxararaq sol qolumun bilək
nahiyəsinə xatırlamadığım sayda zərblə özümü öldürmək məqsədilə xəsarətlər
yetirdim.

Daha sonra fikrimi dəyişərək kəndə getdim. Adını bilmədiyim, kənd sakini kimi
tanıdığım bir kişidən telefon istədim. Daxili İşlər Nazirliyinin “102 qaynar
xətti”nə zəng etdim, təslim olmaq istədiyimi bildirdim. Südabəni öldürdüyüm
bıçağı ətrafda olan kolluğa atdım”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü
ilə Sərxan 17 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Source link