Bakının Nizami rayonunda 1997-ci il təvəllüdlü Rüstəm sosial şəbəkədə tanış
olduğu İlahəni (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Demokrat.az-ın məlumatına görə, Rüstəm 2021-ci ilin iyun ayının sonlarında
“Telegram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu 1988-ci il təvəllüdlü İlahə
ilə pul müqabilində cinsi əlaqədə olmağa razılaşıb.
Rüstəm həmin ilin iyulun 16-da, saat 17 radələrində İlahənin kirayədə yaşadığı
Nizami rayonu, M.Abbasov küçəsindəki mənzilə gəlib. O, mənzilin yataq
otağındakı çarpayının üzərində İlahə ilə bir dəfə cinsi əlaqədə olub.
Bundan sonra İlahə təkrar intim münasibətdə olmaqdan imtina edib və Rüstəmdən
evini tərk etməsini tələb edib. Bunu bəhanə edən Rüstəm İlahəni öldürmək
məqsədilə həmin gün saat 17:40-da mənzilin mətbəxindən götürdüyü bıçaqla onun
bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.
Daha sonra isə Rüstəm mənzildə olan mələfəni İlahənin boğaz nahiyəsinə dolayıb
və onu boğmaq üçün boyun üzvlərini sıxmağa çalışıb. Lakin İlahə aktiv müqavimət
göstərməklə, yaralı vəziyyətdə ondan yayınıb və yaşayış binasının blokuna
çıxaraq, qonşuları köməyə çağırıb. Qonşuların hadisə yerinə gəlməsi ilə
əlaqədar Rüstəm ifşa olunmaması üçün mənzilin pəncərəsindən tullanaraq, hadisə
yerindən qaçıb. İlahə qonşular tərəfindən çağırılmış təcili tibbi yardımın
həkim briqadasının köməyi ilə vaxtında xəstəxanaya çatdırılıb. Ona ixtisaslı
tibbi yardım göstərilməklə həyatını xilas edilib.
İstintaq orqanı tərəfindən Rüstəmin barəsində Cinayət Məcəlləsinin
29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham
elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüstəm ona elan
olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
Ona 10 il azadlıqdan məhrum etmə cəzası təyin olunub. Cəzasını ciddi rejimli
cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan dövlət ittihamçısı tərəfindən apellyasiya protesti
verilib. Dövlət ittihamçısı Rüstəmin Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi
ilə təqsirli bilinməsi, ona 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasının
təyin olunmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısı tərəfindən verilən
protest təmin edilməyib.
Bu qərardan narazı qalan dövlət ittihamçısı kasasiya protesti verib. Ali
Məhkəmənin qərarı ilə kasasiya protesti təmin edilməyib.