ed117e48-668e-4cbf-8443-5b2c8641172e..jpg

Gənc tənqidçi: “Rejissor məni təhdid edib paylaşımımı silməyimi istədi” – MÜSAHİBƏ + FOTO/VİDEO

Baxış sayı: 789 dəfə baxılıb.

Gənc tənqidçi: “Rejissor məni təhdid edib paylaşımımı silməyimi istədi” –
MÜSAHİBƏ + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəzən filmlər haqqında 8-10 dəqiqəlik tənqid videosu çəkmişəm. Bu da həmin
filmin rejissorunun, prodüserinin xoşuna gəlməyib. Məni təhdid edib videonu
silməyimi istəyiblər, silməmişəm. Daha sonra məhkəməyə verəcəklərini deyiblər”.

Cixisyolu.com sosial platformalarda 80 mindən çox, təkcə “TikTok” platformasında isə
30 mindən çox izləyicisi olan film tənqidçisiHacı Səfərov ilə müsahibəni təqdim
edir:

– Hacı Səfərovu bir qədər tanıyaq. Təvəllüdünüz, təhsiliniz, bu sahə ilə
bağlılığınız…

– 1996-cı ildə Bakı şəhərində anadan olmuşam. 2013-cü ildə Azərbaycan Dövlət
İqtisadiyyat Universitetində təhsil almağa başlamışam. Lakin təhsilimi yarımçıq
qoydum və 1 il sonra Türkiyəyə imtahan verdim. Türkiyənin İstanbul
Universitetində Türk dili və Ədəbiyyatı ixtisası üzrə təhsilimi davam etdirdim.
2018-ci ildə ali təhsilimi bitirdim. Həmin ilin dekabrından filmlər haqqında
maraqlı məzmun yaratdım. 2019-cu ildən isə kino tənqidçisi kimi fəaliyyət
göstərirəm. Bundan öncə bir sıra təlimlərdə, festivallarda iştirak etmişəm.
Məsələn Balkanlar və Cənubi Qafqaz üçün vacib olan Sarayevo film festivalının
nəzdində keçirilən “Sarayevo Talant” adlı bölməyə namizəd kimi seçilmişəm.
Varşava film festivalında gənc jürilərdən olmuşam. Bunun kimi bir çox
festivallarda iştirak etmişəm.

– “TikTok” platformasının kifayət qədər bayağı kontentlərlə dolu olduğunu
nəzərə alsaq, sizin səhifənizin yaxşı mənada diqqət çəkməsi əla haldır. Bu
kontenti yaratmaq haradan ağlınıza gəldi?

– Bu kontenti 2018-ci ildən yaratmışam. Hər zaman daha çox auditoriyaya bu
məlumatları çatdırmaq istəmişəm. Bir çox platformalar yəqin ki, bu kontentə
uyğun olmadığı üçün istədiyim auditoriyanı toplaya bilmirdim. İzləyici kütləsi
az olurdu. Daha sonra ”TikTok” platforması ilə maraqlandım. Gördüm ki,
platforma üzərindən qısa, lokanik videolar çox böyük kütlələrə çatdırıla bilir.
Düşündüm ki, niyə də bu platformada öz kontentimi nümayiş etdirməyim? Beləcə,
yavaş-yavaş bu platformada kino ilə bağlı paylaşımlar etməyə başladım. Uğurlu
oldu və düşünürəm ki, “TikTok” platformasında olan boşluğu da bir növ doldurmuş
oldum.

Çünki platformanın qiymətləndirilməsi məzmunlar, kontentlər üzərində
aparılmalıdır. Heç bir platforma pis deyil, əgər yaxşı istifadə etməyi
bilirsənsə, maraqlı kontent yarada bilərsən. Düşündüm ki, yaradıcı kontent
olacaq, insanları maarifləndirəcək videolar olacaq. Artıq bu kontentimi 1 ildən
çoxdur ki, “TikTok” üzərindən aparıram. İnsanlar bir çox Azərbaycan filmləri,
dünya ölkələrində çəkilən filmlər barədə maraqlı məlumatları bu videolar
vasitəsilə öyrənirlər. Gələn rəylərdən başa düşürəm ki, səhifəmi sevə-sevə
izləyirlər.

– İlk belə nöqsan aşkarladığınız film nə zaman və hansı olub?

– Əslində filmlərdə tapılan müəyyən səhvlər insanları qıcıqlandırır. Onlar elə
düşünürlər ki, bu filmlər yaxşıdır. Filmdə səhv olması o filmin pis olması
anlamına gəlmir. Həmin səhvlərlə bağlı çəkdiyim videolar arasında ən məşhuru
“Yeddi oğul istərəm” filmində gözəçarpan nüansdır. Çəkiliş zamanı arxadan
avtobus keçir. Bu nöqsanı da əslində mən yox, bir qohumumuz tapmışdı. O, mənim
kontentimi bilirdi və gözünə sataşan bu səhnəni mənə bildirmişdir.

Həqiqətən də filmi izlədim və gördüm ki, Mirpaşanın öldürüldüyü səhnədə
arxadan avtobus keçir. Film 1920-ci illəri əhatə edir və o dövrdə bu cür
avtobusun olması mümkünsüz idi. Ölkəmizdə avtobuslar 1960-cı illərdən sonra
geniş yayılmağa başlayıb. Həmin səhvi paylaşdım və bu, az qala yarım milyondan
çox insan tərəfindən izlənildi.

– 2023-cü ilin ən bəyəndiyiniz, izlədiyiniz filmləri paylaşmısınız. Bəs sizcə,
ümumiyyətlə ən çox izlənən filmlər hansılar olub?

– Paylaşdığım və ilk 10-luq üzrə qiymətləndirdiyim 2023-cü ildə çəkilən
filmlər mənim şəxsi zövqümdür. Öz izlədiyim filmlər arasında seçimlərə üstünlük
verirəm. Çalışıram ki, yeni çıxan və kinostudiyalara gələn keyfiyyətli
filmlərin hər birini izləyim. İzlədikcə onlar arasında seçimlər edirəm. O
filmləri dünyada hər hansı festivalda iştirak edib-etməməsinə görə, reytinq
göstəricilərinə görə, İMDB və digər filmləri reytinq üzrə qiymətləndirə
biləcəyim platformalara baxaraq seçirəm. İl ərzində 50-70 film izləyirəmsə,
onlar arasında bəyəndiyim 10 filmi seçib izləyicilərimlə paylaşıram. Bu şəxsi
zövq olduğu üçün hər kəsin bu siyahı ilə razılaşmalı olduğunu düşünmürəm.

Elə bir film ola bilər ki, orada hansısa səhnə mənə çox təsir etmiş olsun,
amma digər bir nəfər üçün o film çox sadə gələ bilər. Bu siyahı subyektivdir,
obyektiv olduğunu deyə bilmərəm.

– Türkiyədə hər ay demək olar ki, bir serial, hər il isə filmlər çəkilir.
Aktyor və aktrisalar isə fəaliyyətlərinə görə müvafiq dövrlərdə
qiymətləndirilir, hətta laureat alırlar. Necə düşünürsünüz Azərbaycanda niyə
çəkilən seriallar və orada obrazları canlandıran aktyor və aktrisalar, eləcə
də, çəkilən seriallar gündəm olmur?

– Düşünürəm ki, bizdə çəkilən serialların əsas problemi maliyyədir. İstər
aktyorlar, istər texniki işçilər kifayət qədər maliyyə ayrılmadığı üçün
məcburiyyətdən keyfiyyəti aşağı salmalı olurlar. Amma maliyyə ayrıldığı zaman
keyfiyyətli işlər ortaya qoymaq olur. İTV-də yayımlanan “Əqrəb mövsümü” serialı
kifayət qədər izləndi. Hətta “Youtube”da 1 milyonu keçən baxışları var.

Bizdə film sahəsində yaxşı iş olanda həm gündəm olur, həm də maraqlı
müzakirələr olur. Həmin serialların PR məsələsinə xüsusi diqqət edilmir.
Türkiyə, eləcə də, digər ölkələr də serialların, filmlərin PR məsələsinə xüsusi
diqqət ayrılır. Məncə əsas məsələ düzgün PR, maliyyə və yaxşı iş ortaya
qoymaqdır. Yaxşı iş olduğu zaman hər kəs onu dəyərləndirir.

– Ümumiyyətlə yaşınız az olsa da, film sahəsinə marağınız bu sahə ilə məşğul
olan bəzi insanlardan daha çoxdur. Necə düşünürsünüz, 1970-ci illərdə çəkilən
filmlərdən niyə bu gün çəkilmir?

– Düşünürəm ki, buna səbəblərdən biri Azərbaycanda kinoteatrların sayının o
illərlə müqayisədə azalmasıdır. O illərdə kinoteatr sistemi var idi. Filmlər
çıxanda izlənilməsi üçün kinoteatrlara verilirdi. Filmi izləmək istəyənlər
ödəniş edərək kinoteatrlarda filmləri izləyirdi və bununla da müəyyən bir
maliyyə formalaşırdı. Bir növ filmlər öz-özünü maliyyələşdirirdi. Formalaşan
büdcə ilə də yeni filmlər çəkilirdi. Həmin filmləri təsdiqləyən redaksiyalar
olurdu, keyfiyyətinə nəzarət edən şəxslər olurdu. Daha sonra həmin filmi çəkən
insanlar da təhsilli olurdu, sahəni bilən adamlar olurdu. İstər ölkədə, istərsə
də Rusiyada təhsil alan mütəxəssislər film çəkirdi. Bütün bu nüanslara kompakt
şəkildə normativlər üzrə tətbiq ediləndə ortaya çıxan film də keyfiyyətli,
yadda qalan olurdu.

– 1970-lər ən yaxşı filmlər çəkilən dövrlərimizdən biridir. Siyahı ilə
razısınız?

– Əslində bu illəri Azərbaycan kinosu üçün intibah dövrü hesab etmək olar.
Xüsusilə 1960-cı illərin sonu 1970-ci illərin əvvəlində sovet dövlətlərində
ənənələrə qayıdış ərəfələri kimi hesab edilə bilər. Milli kimliyin tanınması,
özünəxas süjet xəttinin çəkilməsi məsələsi var idi. Çünki ondan əvvəl
sosialist-realizmin təsiri var idi. 1960-cı illərin sonu fərqli hekayə
danışmağa çalışırdılar və bu, öz növbəsində dünya kinosundan da yan keçmədi.

Odur ki, mən bu illəri Azərbaycan kinosunun ən uğurlu dövrü saya bilərəm. Bu
illərdə çox peşəkar, ustad aktyorlar, rejissorlar meydana çıxıb. Onlar bu gün
də Azərbaycan kinosunun ən peşəkar simaları sayılırlar, adlarını sadalamağa
belə, ehtiyac duymuram. Bütün bu komponentlər bir yerə gəldikdə – yaxşı
ssenari, yaxşı rejissor, yaxşı aktyor, texniki heyət, film yaxşı olur. Film
üçün başqa nə lazım ola bilər ki?

– Azərbaycan kinosunun ən yaraşıqlı aktyorlarından biri – Ələsgər İbrahimov
barəsində video paylaşmısınız. Bu hansı meyarlarla seçilib, deyə bilərsiniz?

– Ələsgər İbrahimov həqiqətən də Azərbaycan kinosunun ən yaraşıqlı
aktyorlarından biridir. Burada əsas məsələ meyar deyil. Yəni elə bir meyar
yoxdur ki, deyək bu insan yaraşıqlıdır, ya deyil. Amma onun filmlərdə
canlandırdığı rollara baxmaqla onun film sektorunda hansı yerdə olduğuna qənaət
gətirmək olar. Məsələn “İnsan məskən salır” filmində baş rolda oynayıb. O öz
dövründə dünya kinosunda populyar olan bir çox ulduz aktyorlara da çox
bənzəyirdi.

Düşünürəm ki, mənim bu məsələdə nümayiş etdirdiyim mövqe insanların diqqətini
ona çəkmək olur. Tanımayanlar varsa da belə, o insan öz dövrünün əhəmiyyətli
şəxslərindən biri olub. Çalışmışam ki, izləyiciləri Azərbaycan kinosuna töhfə
vermiş bu aktyor barəsində məlumatlandırım, onun haqqında daha çox məlumat
almağa cəhd etsinlər.

– Hər il Yeni il günlərində bir çoxlarının evinin qonağı olan məşhur “Evdə
Tək” filmi. Siz də qeyd etmisiniz ki, filmin ssenarisi cəmi 9 günə yazılıb.
Amma qazandığı populyarlığa baxın. Bizim filmlər arasında sizin diqqətinizi
çəkən elə bir film varmı?

– Azərbaycanda çəkilən filmlər xüsusilə sovet dövründə çəkilib və o
ərəfələrdə populyar olub. Düşünmürəm ki, o illərdə ssenarisi 9 günə yazılmış
film olsun. O illərdə ssenarilər müəyyən komissiyadan keçirdi, yenidən oxunuş
və baxış olurdu. Filmlər elə də qısa zamanda ərsəyə gəlmirdi. Amma Azərbaycanda
kifayət qədər məşhur və maraqlı filmlər olub ki, dünya səviyyəsində olmasa da,
yerli auditoriyanın marağını çəkib.

Məsələn, “Yuxu” filmi. Bunu çox çətinliklə çəkiblər. 1992-1993-cü ildə
çəkilişlərinə başlanılan filmi yekunlaşdırmaq mümkün olmayıb. Çünki maliyyə
problemi yaranıb. Bu filmin çəkilişləri yalnız 2001-ci ildə yekunlaşdırılıb.
Yaxud da müstəqillik dövründən sonra çəkilən – 1993-cü ildə “Güllələnmə təxirə
salınır” adlı film var. Həmin filmin lentləri itib. Daha sonra uzun müddət 9
-10 il sonra bu filmin itən lentləri tapılıb. Yalnız ondan sonra film nümayiş
etdirilə bilib. Yəni film çəkilişlərində belə maraqlı məqamlar olub. Bu filmlər
bu qədər çətinliklə çəkilib və izləyicilər tərəfindən də kifayət qədər sevilib.

– Çində məşhur “Arşın mal alan” tamaşamızın oynanıldığı barədə məlumatlar
paylaşmısınız. Bu özü də kifayət qədər axtarış, araşdırma tələb edir. Heç bu
layihənizlə bağlı film studiyalarından, Mədəniyyət Nazirliyindən sizə
əməkdaşlıq təklifləri gəlibmi?

– Xeyr, hazırladığım bu kontent və paylaşdığım materiallarla bağlı Mədəniyyət
Nazirliyi tərəfindən heç bir təklif almamışam. Hətta mən özüm öz təşəbbüsümlə
kinoteatrlara müraciət edib, onlarda olan filmlərlə bağlı izləyicilərə müraciət
etməyi, paylaşmağı təklif etmişəm. Lakin onlar bu təklifimə o qədər də maraqla
yanaşmayıblar. Düşünürəm ki, belə olan halda edə biləcəyimiz çox şey qalmır. Bu
videoların davamlı olması və keyfiyyətli qalması üçün başqa mənbələrdən
sponsorlar cəlb edə bilərəm.

Amma əlbəttə kinoteatrlardan və nazirlikdən belə bir layihə üçün dəstək
göstərilməsi yaxşı olardı. Birgə iş görülməsinə hazıram. Amma hazırda belə bir
təklif yoxdur, olsa yaxşı olardı. Olmasa da canları sağ olsun. Bu gün mən bu
işi kinonu və bu sahəni sevdiyim üçün edirəm və davam edəcəyəm.

– Bəs bəzi məqamları mədəniyyət işçiləri bilsə də, çoxları bilmirdi.
Filmlərdəki nöqsanları qeyd etdiyiniz üçün aktyor, aktrisa, rejissorlardan
iradlar gəlibmi?

– Paylaşımlarıma görə aktyor və aktrisalar, rejissorlardan irad gəlməyib,
amma bəzən izləyicilər tərəfindən irad bildirənlər olur. İrad olaraq bu
filmlərin klassik olduğunu deyib, onlarda yox müasir seriallarda səhv axtarmalı
olduğumu yazırlar. Amma seriallarda bir maraq yoxdur. Pis olanı onsuz da hamı
pis kimi görür, heç kim orada hər hansı nüansı müzakirə etməyə zaman
ayırmayacaq. Amma məşhur filmlərdən danışılanda bu, diqqət çəkir.

Sadəcə bir dəfə başıma gələn bir məsələni danışım. Bəzən filmlər haqqında
8-10 dəqiqəlik tənqid videosu çəkmişəm. Bu da həmin filmin rejissorunun,
prodüserinin xoşuna gəlməyib. Məni təhdid edib videonu silməyimi istəyiblər,
silməmişəm. Daha sonra məhkəməyə verəcəklərini deyiblər. Amma heç biri məni
məhkəməyə verməyib, çünki mən heç kimi təhqir etməmişəm. Tənqid ayrı
anlayışdır, təhqir isə tam ayrı. Mən sadəcə tənqid edərək ortaya qoyulan işi
izləyici kimi qiymətləndirmişəm və yaxşı olmadığını bildirmişəm.

– Əgər şansınız olsaydı Azərbaycan filmlərindən hansına çəkilməyi və hansı
obrazı canlandırmağı istəyərdiniz?

– Açığı, kino dili ilə desək fakturam kino çəkilişinə uyğun deyil. Bəlkə də
ona görə elə bir arzum və istəyim olmayıb. Amma bu yaxınlarda bir rejissor məni
epizodik, qısa bir obraza çəkəcəyini demişdi. Mən isə yaxşı aktyor da deyiləm,
inanmıram bacaram. Lakin o, rejissor olaraq bunu həll edəcəyini dedi. Amma
mənim heç vaxt xüsusi olaraq aktyor olub, cəmiyyətdə tanınmaq arzum olmayıb.

– O dövrdə çəkilən hansı filmin bu gün yenidən çəkilməsi bir izləyici kimi
sizə maraqlı olardı?

– Necə deyərlər “hər daş öz yerində ağırdır”. Düşünürəm ki, Azərbaycan
kinosunda da çəkilən əksər filmlərin özünün sanbalı var. Biz onları nə qədər
təkrar çəksək də, həmin o effekti, reaksiyanı ala bilməyəcəyik. Ümumiyyətlə
filmlərin təkrar çəkilməsi və ya davamının çəkilməsi dünya kinosunda da
trenddir. Amma o filmlər franşizalardır, hekayələr onlara uyğundur. Lakin
Azərbaycan kinosunda o qədər böyük və davamlı çəkilə biləcək franşiza yoxdur.
Ümumiyyətlə elə bir yanaşma da yoxdur. Məsələn, biz Üzeyir Hacıbəylinin
dünyasını götürüb, onun bütün həyat dövrünü göstərə bilən əsərlərindən istifadə
edib maraqlı layihə ərsəyə gətirə bilərik. Amma məncə Azərbaycan kinosu keçmişə
baxmaqdan çox, gələcəyə baxmalıdır. Bunu düşünmək lazımdır ki, gələcəkdə
klassikaya çevriləcək, illər keçsə də şöhrət qazanacaq filmlər çəkilsin. Odur
ki, keçmişdən mədət ummaq lazım deyil.

– Bir izləyiciniz “Məkanın melodiyası” adlı filmi əxlaqsız film adlandırmışdı.
Bu barədə sizin fikirləriniz maraqlıdır, həmin film barədə nə deyə bilərsiniz?

– Bu film 2004-cü ildə çəkilib. Filmin rejissoru Hüseyn Mehdiyev, ssenari
müəllifi isə Ramiz Rövşən olub. Çox da maraqlı filmdir, hər kəsə izləməyi
tövsiyə edirəm. Əslində bu filmin xüsusilə də bu səhnənin populyarlaşma səbəbi
bir çox səhifələrdə “bu da köhnə filmlərimiz” deyə başlıqla paylaşılması olub.
Lakin həqiqət belə deyil. Birincisi, göndərilən kadrdakı aktrisalardan biri
Mehriban Zəki, digəri isə Ayan Mirqasımovadır. Hər ikisi çox istedadlı
aktrisalarımızdır. Bu filmdə baş rolda Ayan Mirqasımova oynayır. Aralarındakı
dialoqun baş tutma səbəbi isə Gülyanın Rənadan şübhələnməsi olub. O elə bilir
ki, Rəna onun 80 yaşlı atası Murad ilə münasibət yaşayır. Buna görə də ona məhz
bu cür deyir. Əslində isə Rəna xərçəng qorxusu yaşayan və təsadüfən Muradın
hesabına həyatda qalan bir qadın obrazını canlandırır. “Məkanın melodiyası”
adlı film insan həyatının vacibliyi, keçmiş peşmanlıqlar, yaşamağın gözəlliyi
barədə çoxmənalı mesaj verir. Üstəlik sovet dövründə çəkilməyib. Bəzən
filmlərin konteksti bilmədən filmi mühakimə edən izləyicilər olur, məncə bu,
düzgün deyil. Çox da gözəl filmdir.

– Bəs bakılıların etirazına səbəb olan film barədə nə deyə bilərsiniz. Sizcə
etiraz haqlı idi?

– Yəqin ki, söhbət “Bir cənub şəhərində” filmindən gedir. Əslində bu gün
Azərbaycan kinosunun ən sevilən filmlərindən biridir. Bu film həm Eldar
Quliyevin rejissor kimi, Rüstəm İbrahimbəyovun isə ssenarist kimi ilk işi olub.
Düşünürəm ki, çox uğurlu iş olub. Etirazlar isə filmdə Bakını düzgün
göstərilməməsi ilə bağlı olub. Bu film ilk nümayişə çıxanda heç də xoş
qarşılanmayıb, doğrudur. Amma bunun səbəbi Bakının tamam fərqli – insanları
mühafizəkar, adət-ənənələrə bağlı göstərilməsi idi. Bu isə ziyalıların xoşuna
gəlmir. Həmin dövrdə Bakıda belə insanların olmadığı deyilərək, etiraz edilib.
Etirazlar çox olduğu üçün filmin nümayişi də dayandırılır. Yaradıcıları isə
filmin əslində həmin insanları tənqid etdiyi, insanın azadlığı və xoşbəxtliyi
uğrunda bu cür ənənələrə fikir verməməli olduğunu deyir. Maraqlıdır ki, bütün
bu keşməkeşlərə rəğmən “Bir cənub şəhərində” filmi kinomuzun incilərindən
sayılır.

Könül Cəfərli


Source link