61c307f0-6d10-4d96-8edc-9e9d4d54dcdf..jpg

Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirildi – FOTO

Baxış sayı: 725 dəfə baxılıb.

Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirildi – FOTO

Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası
keçirilib.

Şuradan Cixisyolu.com-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf
Məmmədəliyevin sədrliyi ilə keçirilən iclasda Gənclər Fondunun 2022-ci il üzrə
hesabatı dinlənilib, gənclər üçün təhsil və məşğulluq proqramları, gənclər
təşkilatlarına dəstək mexanizmləri, gənclər sahəsində beynəlxalq əməkdaşlıq və
gənclərin asudə vaxtın səmərəli təşkili istiqamətlərində fikir mübadiləsi
aparılıb.

Eyni zamanda 2023-cü il üzrə Fondun Fəaliyyət Planı müzakirə edilərək, təsdiq
edilib. Həmçinin, cari ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələdən
zərərçəkənlərə humanitar dəstək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan
könüllülərinin fəaliyyətinə dair məlumat və video-təqdimat iclas
iştirakçılarının diqqətinə çatdırılıb.

Müşahidə Şurasının sədri 2023-cü ilin ölkə başçısı İlham Əliyev tərəfindən
“Heydər Əliyev İli” elan edilməsini xüsusi qeyd edərək, Ümummilli liderin əziz
xatirəsinin və irsinin gənclər arasında yaşadılması və təbliği məqsədi ilə
müvafiq tədbirlər planının hazırlandığını bildirib və bu günədək həyata
keçirilən layihələrə nəzər yetirilməsini təklif edib.

Bununla əlaqədar, gənclər təşkilatları üçün elan edilmiş 17-ci qrant
müsabiqəsi çərçivəsində “Heydər Əliyev İli”nin prioritet mövzular siyahısına
daxil edildiyi vurğulanıb. Elan Fondun müvafiq internet resurslarında (internet
səhifəsində https://youthfoundation.az/?p=153672, GencApp mobil tətbiqi və
sosial şəbəkələrdə) yerləşdirilib.

Gündəliyə uyğun olaraq, iclasda Müşahidə Şurası tərəfindən Fondun fəaliyyətini
tənzimləyən bir sıra qaydalara dəyişiklər edilib.

İclasda həmçinin, “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü
haqqında” dövlət başçısının 7 iyul 2021-ci il tarixli Fərmanına uyğun olaraq,
Fondun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişafı və Karyera Mərkəzinin
regional mərkəzlərinin yaradılması yolu ilə strukturunun təkmilləşdirilməsi
qərara alınıb. Dəyişikliklər fəaliyyətin effektivliyini saxlamaqla, strukturun
optimallaşdırılmasına imkan yaradacaqdır.

Qeyd edək ki, Gənclər Fondunun Müşahidə Şuranın tərkibinə – Gənclər və idman
nazirinin müavini İndira Hacıyeva, Mədəniyyət nazirinin müavini Səadət
Yusifova, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Elm
və təhsil nazirinin müavini Həsən Həsənli, Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev, Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli, Azərbaycan
Könüllü Təşkilatları İttifaqının (AKTİ) idarə heyətinin üzvü Emiliya Bayramova
və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) idarə heyətinin
üzvü Bəxtiyar İslamov daxildir.

Source link