Gəncləri intiharlardan necə qoruyaq? - MƏSLƏHƏT

Gəncləri intiharlardan necə qoruyaq? – MƏSLƏHƏT

Baxış sayı: 3. 062 dəfə baxılıb.

Təəssüflər olsun ki, bugün Azərbaycan mətbuatında “Gənc oğlan özünü asdı”, “Yeniyetmə qız özünü binadan atdı”, “…özünü metronun altına atdı” kimi xəbərlər olduqca çoxdur.

Həmin şəxslərin problemi, demək olar ki, eynidir: Ailə təzyiqi, cəmiyyətin basqısı, işsizlik və s.

Bu vəziyyət artıq faciəvi hal almağa başlayıb. Gənclərin – gələcəyimizin əllərində olduğu şəxslərin çıxış yolu kimi intiharı seçməsi cəmiyyəti uçuruma aparır.

Belə intihar halları imtahan ərəfəsində yaşanmağa başlayır. Aşağı nəticə göstərən və universitetə qəbul ola bilməyən gənc evdə, cəmiyyətdə olan təzyiqlərdən qorxub, narahat olaraq, çıxış yolunu intihar etməkdə görür.

Gənc intihar edir. Bütün mediada haqqında məlumatlar yazılır, intihar səbəbi araşdırılır.

Bundan sonra həmin intihar səbəbi cəmiyyət tərəfindən müzakirə olunur. Əksər insanların fikrindən eyni şey keçir: “Günah valideyndədir”, “Əgər valideynlər ona qarşı elə olmasaydı, belə olmasaydı…”

Haradasa onların fikirləri ilə razılaşmaq olar. Bəli, bütün valideynlər eyni deyil. “Camaat nə deyər?” düşüncəsi ilə yaşayan valideynlərlə “Eybi yox, canım oğlum (canım qızım)” düşüncəsi ilə yaşayan valideynlər arasında yerlə göy qədər fərq var.

Övladı üçün gecəsini gündüzünə qatıb əziyyət çəkən, hər zaman diqqət göstərən, güldən ağır söz deməyən valideynlər də vardır ki, onların da övladları eyni taleni özünə çıxış yolu seçir. Yəni, “imtahanda yaza bilmədim, sonra nə deyəcəm?” deyib, canına qəsd edir.

Belə olduğu təqdirdə həmin valideynlər nə etməlidir? Bilmirlər, övlad acısı çəksin, yoxsa cəmiyyətin ictimai qınağından qurtulsun.

Ümumiyyətlə, gənclərin intihar etməsində valideynlərin günahlandırılmasının, qınaq obyektivinə çevrilməsinin kökündə nə dayanır? Bu cür halların yaşanmaması üçün valideynlər öz övladları ilə necə rəftar etməlidirlər?

Məsələ ilə bağlı ÇıxışYolu.Com-a danışan Ümumrusiya Professional Psixoterapiya Liqasının həqiqi üzvü, psixoloq Səbinə Bayramova imtahanlara hazırlığın sıxlaşdığı bu günlərdə valideynlərin və abituriyentlərin ağır bir təşviş içində olduğunu deyib.

O bildirib ki, bu cür vəziyyətlərdə hər iki tərəf bir-birini qarşılıqlı şəkildə anlamaq üçün səy göstərməlidir:

Gəncləri intiharlardan necə qoruyaq? - MƏSLƏHƏT

“İmtahanda yüksək bal alıb uğurlu olmaq hər keçən gün daha da çətinləşir. Yüzlərlə abituriyenti təsirləndirən bu müddət, heyf ki, gənclərin psixoloji baxımdan ən enişli-çıxışlı olan həssas yaş dövrü ilə üst-üstə düşür və onların psixoloji inkişaflarına mənfi şəkildə təsir edir.

İmtahanda uğurlu olmaq abituriyentin olduğu qədər, ana-ataların da istəyidir. Ancaq bu dövrün balanslı və sağlam şəkildə aşılması üçün ana-atalara bəzi vəzifələr düşür:

1. Uşağınızın yeniyetməlik dövründə olduğunu unutmayın:

Bu dövr uşağınızın böhran yaşadığı dövrdür. Onun yerinə problem həll etmək istədiyiniz zaman onun sizinlə eyni şeyləri görə bilməyəcəyini bilin. Məsələn, günəşli gözəl bir gündə siz istəmədiyinizə rəğmən, işlərinizi edə bilsəniz də, uşağınız belə havalarda dərs oxumaqda çətinlik çəkəcək.

2. Sorğulamayın, maraqlanın:

“Neçə düzün var? Neçə səhvin var? Sinif yoldaşın neçə bal yığdı? Neçə nəfər səndən çox bal yığdı?” demək yerinə “İmtahanın necə keçdi? Günün necə keçdi?” deyin.

3. Başqası ilə yox, özü ilə müqayisə edin:

Ana-atalarda çox sıx gördüyümüz bir davranış növü də, bəlkə, ona motivasiya vermək məqsədilə edilən, amma əsla motivasiya yaratmayan, uşağının uğurunu çevrəsindəki digər uşaqların uğuru ilə müqayisə etməkdir.

Uşağınızla belə müqayisə ilə qurduğunuz hər dialoq mübahisə ilə bitəcək. Uşağınızın öncəki uğuru yada uğursuzluğu ilə indiki vəziyyətini müqayisə etmək daha çox müsbət nəticə verəcək.

4. Evdə fövqəladə hal elan etməyin:

İmtahana hazırlıq müddətində və ya imtahana qısa bir vaxt qalanda evdəki nizam və ümumi atmosfer “hər zamankı kimi” olmalıdır. Fövqəladə davranışlar dedikdə, az qala bir il boyunca evə qonaq qəbul etməmək, səyahət proqramı qurmamaq, salonda dərs etməsinə icazə verib bir il boyunca televizor heç izləməmək və s. düşünülə bilər. “Bu etdiyinə səsimi çıxarmıram, bu imtahan keçsin, sən ondan sonra görərsən” tərzində hədələyici ifadələr qətiyyən işlədilməməlidir.

5. Sahib olduğu imkanların fərqinə varmasını təmin edin, amma borclu hiss etməsinə səbəb olmayın: 

Ana-ata olaraq bizim seçimimiz olan, imkanlar daxilində etməyə çalışdığımız fədakarlıqlarımızı dilə gətirməyimizin imtahan nəticəsinə heç bir xeyri, heç bir qatqısı yoxdur. “Bütün həyatımızı sənə həsr etdik”, “Hər istədiyini etdik”, “Səni oxutmaq üçün özümüzə filan şeyləri edə bilmədik” kimi sözlər abituriyentin özünü ailəsinə qarşı borclu hiss etməsi xaricində heç bir şeyi dəyişdirməz.

Sahib olduğu imkanların maksimum fərqində olması və bunları məhsuldar şəkildə istifadə etməsini təmin edəcək xatırlatmalar etmək hər zaman ən yaxşısıdır.

6. Qadağan etməyin, məhdudlaşdırın:

Uşağınızın bütün həyatını, sadəcə, dərs oxuyaraq keçirməsini, davamlı ev-məktəb-hazırlıq üçbucağı içində gedib-gəlməsini gözləməyin. Dərsdən başqa hər şeyi qadağan etmək uğur yox, bezginlik gətirəcək. 

7. Güvənməklə gözləntini bir-birindən ayırın:

Ana-ataların uşaqlarını ürəkləndirmək üçün işlətdikləri “Sənə güvənirəm” ifadəsini abituriyentlər çox zaman “Səndən bunu gözləyirəm” şəklində qavradıqlarına görə bu ifadəni tez-tez işlətmək müsbət nəticə verməz və təşvişi artırar.

Bunun yerinə “Bu imtahana hazırlaşarkən nə qədər əmək sərf etdiyini, necə səy göstərdiyini görürəm. Heç bir əmək qarşılıqsız qalmaz” demək hər zaman üçün daha çox təsirlidir.

8. Tənqid edin, günahlandırmayın:

Tənqid edilməsi lazım olan vəziyyətlərdə tənqid edin, ancaq günahlandırıcı olmayın.

9. Alternativli olun:

“İmtahanda uğursuz olarsa, nə olacaq?” sualını birlikdə cavablandırın. Hansı alternativ variantların gündəmə gələcəyini mütləq öncədən müəyyənləşdirin. Hər nə qədər bir çox valideyn bunun abituriyenti arxayın saldığını desə də, bilməlidir ki, alternativsizlik var olan stres və təşvişin aşılmasını daha da çətin vəziyyətə gətirir.

İmtahanı həyatın tək və ən önəmli dönüş nöqtəsi kimi ifadə etmək, abituriyentin onsuz da var olan narahatlığını, stresini daha artırır.

10. Psixoloqdan dəstək alın:

Abituriyentin imtahana psixoloji hazırlığının yaxşılaşdırılması, stressinin qarşısının alınması, imtahanda vaxtını daha düzgün bölüşdürə bilməsi və daha uğurlu bir nəticə əldə edə bilməsi üçün imtahana ən azı 2-3 ay qalmış psixoloq dəstəyi almağa başlaması önəmlidir”.

Psixoloq qeyd edib ki, bu vəzifələrə əməl olunmazsa, müəllimlər də sınaqlarda, qəbul imtahanında gözləniləndən aşağı bal yığan abituriyentlərə günahlandırıcı, soyuq davranarsa, bu zaman abituriyentdə böyük bir yoxluq hissi yaranar:

“Müəllimləri və valideynləri tərəfindən sevilmədiyini zənn edər. Çıxış yolu seçimlərinə, təəssüf ki, çıxış yolu olmadığı halda, intiharı da əlavə edər, ya da keçirdiyi psixoloji vəziyyətdən dolayı əsas çıxış yollarını görə bilməz və intihara meyillənər.

Gərgin bir dövrdə olan abituriyentlərimizin uğurlu addımlar ata bilməsi və ən əsası, gərəksiz addım olan intihara təşəbbüs etməməsi üçün bu vəzifələrə əməl edək.

Heç bir imtahan insan həyatından daha vacib deyil”.

.
www.ÇıxışYolu.Com