Gərməçataq kənd yolu istifadəyə verilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Babək rayonunun ucqar kəndi
Gərməçataqda avtomobil yolunun açılışı olub.
Bu barədə “Nuhçıxan” İnformasiya Agentliyi məlumat yayıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kəndin sakinləri ilə görüşüb, onları yeni
yolun istifadəyə verilməsi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
və Yeni il münasibətilə təbrik edib.
Fuad Nəcəfli qeyd edib ki, həmrəylik günü ulu öndərimizin xalqımıza miras
qoyduğu ən əlamətdar tarixi günlərdən biridir. Dahi rəhbərin ideyaları
ətrafında həmrəy olan xalqımız 2023-cü ili böyük uğurlar və qələbə ilə başa
vurur. Ölkəmizdə “Heydər Əliyev İli” silsilə tədbirlərlə qeyd edilib.
Ən önəmlisi isə bu il suverenliyimiz tam bərpa olunub. Çoxlarına xəyal kimi
görünən bu nailiyyətləri bir neçə ildə əldə etdik. Müzəffər Ali Baş
Komandanımız,İlham Əliyev torpaqlarımızı işğaldan azad etməyi qarşısına başlıca
məqsəd qoydu və Ordumuzu qətiyyətlə zəfərə doğru apardı.
Səlahiyyətli nümayəndə vurğulayıb ki, ölkə başçısının diqqət və qayğısı ilə
Naxçıvan Muxtar Respublikasının daha da inkişaf etdirilməsi, əhalinin sosial
rifah halının yüksəldilməsi ilə bağlı işlər görülür. Prezident cənab İlham
Əliyevin 2023-cü il iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın
təsdiq edilməsi haqqında imzaladığı Sərəncam da bu istiqamətdə atılan
addımlardan biridir.
Proqramın icrası istiqamətində ən ucqar dağ kəndinə bu cür müasir yolun
çəkilməsi də elə bu hədəfə xidmət edir. Sözügedən dövlət proqramı çərçivəsində
yeni ildən daha geniş tədbirlər, o cümlədən infrastruktur layihələri
reallaşdırılacaq. Bir çox kəndlərdə sakinləri narahat edən su problemi müasir
metodlara əsaslanaraq, həllini tapacaq. Ən ucqar kəndlərə bu cür müasir
standartlara uyğun yollar çəkiləcək. Fuad Nəcəfli diqqətə çatdırıb ki, bütün
bunlar dövlət başçımızın birbaşa tapşırığıdır. Bir sözlə, Naxçıvanı gələcəkdə
daha işıqlı yollar gözləyir.
Səlahiyyətli nümayəndə sakinlərə uğurlar arzulayaraq, onları fevral ayında
keçiriləcək prezident seçkilərində fəal iştiraka səsləyib.
Kənd sakini Məhəddin Əhmədov bildirib ki, Gərməçataq əhalisi uzun illərdir
avtomobil yolunun pis vəziyyətdə olmasına görə əziyyət çəkirdi. Bu il qısa
zamanda keyfiyyətli asfalt örtüyünə malik avtomobil yolunun inşa olunması
sakinlərin böyük sevincinə səbəb olub. Məhəddin Əhmədov əlamətdar gündə müasir
avtomobil yolunun istifadəyə verilməsinə görə sakinlər adından ölkə başçısına
minnətdarlıq edib.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki, Nehrəm
qəsəbəsində yeni su-kanalizasiya sistemi qurulur, Cəhri qəsəbəsi, Gülşənabad və
Sirab kəndlərində subartezianlar istifadəyə verilib, Cəhri və Gərməçataqda
yollar yenidən qurulub. Gərməçataq sakinləri daimi işlə təmin olunduqlarından
vaxtilə kənddən köçən ailələr geri qayıdır.
Sonra səlahiyyətli nümayəndə yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi idarə heyətinin sədri Bəhruz
Əsgərov məlumat verib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” əsasında Gərməçataq
kəndinin 4,9 km əsas və 4,5 km daxili yolları yenidən qurulub, keyfiyyətli
asfalt örtük çəkilib. Yolun üzərindəki körpü əsaslı təmir olunub. Avtomobil
yolunun üzərində 3787 metr beton su kanalı, üç su keçidi qoyulub. Yolun
üzərində müvafiq yol nişanları quraşdırılıb, təhlükəsizlik tədbirləri görülüb.
Bildirilib ki, bu il rayonun Cəhri qəsəbəsinin də 3,3 kilometr məsafədə əsas
yolları təmir olunub və yol kənarlarında geniş abadlıq işləri görülüb. Bu işlər
çərçivəsində qəsəbənin 6,3 kilometrlik daxili yolları da yenidən qurulub.