Gecə saatlarında maşınlara qənim kəsilən şəxsə AĞIR CƏZA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Abşeron Rayon Məhkəməsində vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya
digər mühüm şəxsi sənədini talamaqda təqsirləndirilən Samir Məmmədovun (şərti)
cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin
edilib.
İttihama görə, hadisə 2022-ci il gecə saat 3 radələrində Abşeron rayonu
Xırdalan şəhəri 26-cı məhəllə M.Hüseynzadə küçəsində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Samir Məmmədov yaşayış binasının arxasında
saxlanılan zərərçəkmiş Kamil Əsədova (şərti) məxsus “KIA Rio” markalı
avtomobilin qabaq sol qapısının şüşəsini özündə olan yandırma şamla (“sveça”)
sındırıb. Daha sonra o, maşının salonundan zərərçəkmiş şəxsin şəxsiyyət
vəsiqəsini, sürücülük vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat
şəhadətnaməsini, eləcə də 475 manat pul vəsaitini talayıb.
Bundan başqa, Samir Məmmədov özgənin şəxsiyyət sənədini talama məqsədilə həmin
il gecə saat 4 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə,
M.Hüseynzadə küçəsində 2 saylı yaşayış binasının qarşısında saxlanılan
zərərçəkmiş Fahir Həsənzadəyə məxsus “Honda” markalı avtomobilin qabaq sağ
qapısının şüşəsini özündə olan şamla sındırıb. Daha sonra o, maşının salonundan
zərərçəkmiş şəxsin şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini talayıb.
Hadisədən sonra Samir Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.