67790c54-6ebe-46bd-9999-b4df05eba61b..jpg

Gec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi, məşhur müğənninin paltarında səhnəyə çıxdı – FOTO

Baxış sayı: 2. 752 dəfə baxılıb.

Gec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi, məşhur müğənninin
paltarında səhnəyə çıxdı – FOTO

Kulis.az Xalq artisti Gülyanaq Məmmədova haqqında maraqlı faktları təqdim edir.

Məmmədova Gülyanaq Zakir qızı 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə
kəndində, onuşaqlı fəhlə ailəsində dünyaya gəlib. Ailədə altı bacı, dörd qardaş
olublar. Uşaqlıq və yeniyetməlik illəri kolxozda, əkin-biçində keçən Gülyanaq
keçmiş illər haqqında danışanda deyir:

“Mən zəhmətkeş bir ailədə böyümüşəm. Tütün əkirdik, barama saxlayırdıq. Biz o
qədər əziyyətlərdən, zəhmətlərdən keçmişik ki. Ailəlikcə fəhləliyə, işə bağlı
olmuşuq. Gecə-gündüz əkin sahələrində işləmişəm. Əllərimiz işləməkdən
qabar-qabar olub. Tütün sahələrində səhərə qədər gecələdiyimiz olub ki, su
növbəsini qaçırmayaq, gecə tütünlərimizi suvaraq. Tütün yarpaqlarını iynəyə
düzə-düzə bir gözüm kitabda dərs oxumuşam”.

Orta məktəbi Böyük Dəhnə 1 saylı orta məktəbdə başa vurub. 1992-ci ildə
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin (köhnə adı ilə A.
Zeynallı adına Musiqi texnikumu) muğam şöbəsində Nəriman Əliyevin sinfində
təhsil almağa başlayıb. Onunla eyni sinifdə Xalq artisti Nəzakət Teymurova da
oxuyub. Bakıda kirayədə yaşayan Gülyanağın çətin, kasıblıq günləri çox olub.
Bəstəkar Şəfiqə Axundovanın Filarmoniyada yubileyində Gülyanaq da səhnədə
oxumalı olub. Ancaq onun yaxşı səhnə geyimi olmadığından o, rəfiqəsi Nəzakət
Teymurovanın paltarını geyinib səhnəyə çıxmalı olub.

1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
“musiqili teatr və kino aktyoru” fakültəsində aktyor ixtisası üzrə təhsil alıb.
2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib.

1990-1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü
ildən bu günə kimi R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist
vəzifəsində çalışıb. 1995-1997-ci illərdə İsveçin Malmö şəhərində, “Malmö”
festivalında çıxış edib, Stokholm və Koteburq şəhərlərində konsertlər verib,
2000-ci ildə Almaniyanın Hannover şəhərində EKSPO-2000 sərgisində, 2000-ci ildə
Türkiyədə “Boğaziçi” festivalında İstanbul və Ankara şəhərlərində konsertlər
verib.

Gülyanaq Türkiyədə konsert verən zaman orada yaşayan bir azərbaycanlı ailə
onun konsertində iştirak edib. Daha sonra onlar müğənnini bacısı Gülyazla birgə
evlərinə qonaq dəvət ediblər. Qonaqlıqda Gülyanaq gələcək həyat yoldaşı Ziya
ilə tanış olub. Onu sənəti ilə birgə qəbul edən bəy düz beş il Gülyanaqdan “hə”
cavabı alacağı günü gözləyib. Nəhayət, onlar ailə qurublar. Bu evlilikdən
cütlüyün 3 övladı dünyaya gəlib.

Müğənni haqqında son illər yayılan şayiələrdən biri isə onun həyat yoldaşından
ayrılması xəbəri olub. Ancaq bu barədə ondan soruşanda, deyib:

“Yanlış xəbərdir. Çox xoşbəxt ailəm, üç gözəl balam var. Allah hər kəsə belə
gözəl ailə nəsib etsin. Ailə qurmaq üçün gec qaldım. Sənətə yönəldim, daha da
püxtələşmək, öz sözümü deyə bilmək üçün evliliyi sonraya saxladım və 33 yaşımda
ailə qurdum. Buna baxmayaraq, sevinirəm ki, dərk etdiyim bir vaxtda ailə
qurmuşam. Şükür ki, həyat yoldaşım da anlayışlıdır, məni başa düşür.
Hamiləliyin doqquzuncu ayında Beynəlxalq Muğam Mərkəzində Gülyaz xanımla
konsert verdim. Çox uğurlu alındı. Elə başa düşülməsin ki, mən hamiləliyin
doqquzuncu ayında oxudum, konsert verdim. Oturmuşdum, qavalı da qabaqda
tutmuşdum. Dedilər ki, müğənnilər bu vəziyyətdə konsert verirlər ki, gündəmə
gəlsinlər. Dedim ki, yox. Əksinə, mən elə bir paltar geyinmişəm ki, hamiləliyi
gizlətməyə çalışmışam”.

Bir müddət əvvəl müğənni həyat yoldaşının xəstəliyi ilə bağlı açıqlama verərək
deyib:

“Həyat yoldaşım xəstə idi. Onun xəstəliyini gizlədirdim. İndi şükür, yaxşıdır.
İstər Azərbaycanda, istər Türkiyədəki həkimlər sağ olsunlar. Həkimlər sayəsində
indi hər şey yaxşıdır”.

1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2014-cü ildə Xalq
artisti adına layiq görülüb.

Source link