General-mayor Polad Həşimovun xatirəsi yad edilib – FOTO/VİDEO
Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları,
ictimaiyyətin nümayəndələri, eləcə də Milli Qəhrəmanın ailə üzvləri
Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə onun
məzarını ziyarət ediblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
General-mayor P. Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam
kəndində anadan olub. Ailələri ilə birgə Sumqayıt şəhərinə köçdüyündən Sumqayıt
şəhər 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Sonra o, taleyini
hərbçilik peşəsinə bağlamaq üçün indiki Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbinə daxil olub və bu xüsusi təyinatlı təhsil ocağını
müvəffəqiyyətlə bitirib.
Taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək yüksələn
P.Həşimov, cəbhə bölgələrində xidmət edərək qarşıya qoyulmuş əmr və
tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy göstərib.
2016-ci ilin Aprel döyüşləri zamanı ölkəmizin ərazi bütövlüyünün qorunub
saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusu qarşısında qoyulmuş
tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 20 aprel
2016-cı il tarixli müvafiq sərəncamına əsasən P.Həşimov 3-cü dərəcəli “Vətənə
xidmətə görə” ordeni ilə təltif edilmişdir.
2019-cu il iyunun 24-də Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Polad
Həşimova “general-mayor” ali hərbi rütbəsi verilmişdir.
P.Həşimov 14 iyul 2020-ci il tarixdə Azərbaycan-Ermənistan dövlət sərhədinin
Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən
qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr
2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adına layiq görülüb.
Anım mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidin ailəsinə
başsağlığı verilib, məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və
ehtiramla anılıb.