424bad71-1172-4515-bbf6-c09b4f4f6f85..jpg

General Nizami Məmmədovun məhkəməsi: “Bəziləri at kimi üzümə durur, hamı burada pul qazanıb” – FOTO

Baxış sayı: 547 dəfə baxılıb.

General Nizami Məmmədovun məhkəməsi: “Bəziləri at kimi üzümə durur, hamı
burada pul qazanıb” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin
sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ)
Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların
maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal
Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə
baş tutan prosesdə Rəfail Xələfov ifadə verib.

O bildirib ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin nəzarət və
təftiş şöbəsinin müdiri vəzifəsində işləyib, polkovnik rütbəsində olub.

Prosesdə sədrlik edən hakim Fikrət Əliyev bildirib ki, Dövlət Təhlükəsizliyi
Xidmətindən əldə olunan məlumata görə, Rəfail Xələfovun barəsində Cinayət
Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə
saxtakarlığı) maddələri ilə ayrıca icraatda cinayət işi davam etdirilir. Hakim
əlavə edib ki, Rəfail Xələfovun təqsirləndirilən şəxs qismində barəsində
cinayət işi aparılır və bu səbəbdən o, bu məhkəmədə də təqsirləndirilən şəxsin
hüquqlarından istifadə olunmaqla ifadə verir.

Rəfail Xələfov ibtidai istintaqa verdiyi ifadələri təsdiqləyib. O qeyd edib
ki, onun şöbəsi maliyyə məsələləri ilə bağlı hərbi hissələrdə təftişlər həyata
keçirib:

“2017-ci ilin sonundan 2021-ci il yanvarın 1-ə qədər qurumda mənimsəmələrə yol
verilib. Maliyyə idarəsinə ayrılan pullar idarə, şöbə və hərbi hissələrə
paylanılıb. Həmin vəsaitlərin 20 faizi maliyyələşdirmədə, 30 faizi isə təftiş
vaxtı geri alınıb. Bu isə idarədə bir qayda olub. Bu qaydaları da idarə rəisi
qoyub. Heç kim də buna etiraz etməyib, hamı da buna razı olaraq işləyib.
Məsələn, xərclərdən artıq 10 min manat pul ayrılıbsa, bunun iki min manatını
maliyyələşdirmə alırdı, üç mini təftiş şöbəsi, beş min manatı isə özlərinə
qalırdı. Bütün bunlar Nizami Məmmədova məruzə edilirdi”.

Sabiq şöbə rəisi qeyd edib ki, 2021-ci ildə N saylı hərbi hissədə təftiş
zamanı 1 milyon 700 min manat yeyinti olması aşkar olunub:

“Həmin təftişi Həsən Paşayev aparırdı. Təftişin sonunda 500 min manat pul
alındı. Həmin pullar barədə də idarə rəisinə məruzə edildi və vəsait təhvil
verildi. Daha sonra nazirliyin Təlim Tədris Mərkəzində 470 min manat yeyintiyə
yol verilməsi müəyyən edilib. Həmin təftişi aparan Teymur Teymurov tərəfindən
400 min manat mərkəzdən alınaraq mənə verildi. Həmin pulu gətirib idarə rəisinə
təhvil vermişəm. Bundan başqa təftişlərdən savayı nazirliyin özünün
inspeksiyaları hərbi hissələrə maliyyə şöbələrinə yoxlama aparırdı. Nizami
Məmmədovun tapşırığı ilə gedib o məsələləri həll edirdim. Yoxlamalar zamanı
çıxan problemlərə görə pullar alınıb, məsələnin həlli üçün istifadə olunub”.

Rəfail Xələfov deyib ki, Vətən müharibəsindən sonra pul almaq söhbətləri bitib:

“İdarə rəisi hamını yığıb bu cür işləməyə son verdiklərini deyib. 2021-ci ilin
yanvarın 1-dən bu məsələlərə son qoyulub”.

O, prokurorun suallarını cavablandıran zaman dəymiş ziyandan 4 milyon 100 min
manat ödədiyini deyib.

Bu zaman digər təqsirləndirilən şəxslərdən Cəlal Kazımov replika ataraq Rəfail
Xələfovun 25 milyon manatdan çox pul mənimsədiyini deyib.

Bundan sonra tərəflər arasında mübahisə düşüb, hakim hər iki şəxsə xəbərdarlıq
edib.

Sualları cavablandıran Rəfail Xələfov deyib ki, ildə iki dəfə idarə rəisi
tərəfindən xüsusi tapşırıqlar alıb:

“Xüsusi tapşırıq olurdu, maliyyələşmə və bizim təftiş şöbəsi hərəyə bir milyon
200 min manat pul toplayıb idarə rəisinə verirdik, onun həmən pulu kimə
verməsindən xəbərim yoxdur”.

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin suallarını cavablandıran
təqsirləndirilən şəxs istintaq və məhkəmə dövründə verdiyi ifadələrin
ziddiyyətli olmasını izah edə bilməyib.

Vəkil “20 nəfərlə istintaq zamanı üzləşmən olub, sizə böyük məbləğlərdə pullar
verilib, həmin pullarla bağlı rəhbərliyə məruzə etməmisiz?” sualına Rəfail
Xələfov belə cavab verib: “Bütün vəsaitlərlə bağlı Nizami Məmmədova məruzə
etmişəm”.

Vəkilin sualına cavab verən şəxs qeyd edib ki, ümumi dəymiş ziyan olan 143
milyon manat yeyintinin olmasına inanmır:
“İş üzrə dediyim kimi yeyintilər olub, amma mənim fikrimcə zərər 143 milyon
manat ola bilməz”.

Təqsirləndirilən şəxslər – Cəlal Kazımov, Bayram Bayramov və Vüsal Əlizadə də
Rəfail Xələfova pul verdiklərini deyiblər.

Vüsal Əlizadə deyib ki, Rəfail Xələfova 10 min manat verib. Bu faktı etiraf
edən Rəfail Xələfov deyib ki, hansısa bayramda Vüsal Əlizadə ona pul verib:

“Vüsal Əlizadə pulu stolun üstünə qoydu. Mən də götürdüm. Bunu da idarə
rəisinə məruzə etmədim. Bayramda, ad günlərində hədiyyələr verilirdi, bunun
məruzə olunması üçün əsas yox idi. İstintaq dövründə həmin vəsaiti də etiraf
etdim və ödədim”.

Daha sonra Cəlal Kazımovla Rəfail Xələfov arasında mübahisə yaranıb. Cəlal
Kazımov deyib ki, onun tərəfindən pullar Rəfail Xələfova verilsə də, Rəfail
Xələfov bunu etiraf etməyib. Bu zaman Cəlal Kazımov onu ittiham edib:

“Deyirsiz ki, gəlib etiraf etmirlər, at kimi üzə dururlar. Sizin özünüz də
burada at kimi üzə durursunuz. Bütün maliyyə xidmətləri rəislərinə tapşırıqları
Nizami Məmmədov yox, Rəfail Xələfov verib. Bütün pullar ona verilib. Dəfələrdə
aldığı pullardan rəisinin sonradan xəbəri olub. Bunu maliyyə xidmətlərinin
rəisləri istintaqda da, məhkəmədə də təsdiq ediblər. Rəfail Xələfov aşağıları
da, yuxarıları da aldadıb. Aşağılardan çox pul alıb, yuxarılara az verib”.

Rəfail Xələfov isə Cəlal Kazımovu yalan danışmaqda ittiham edib. Bildirib ki,
Cəlal Kazımov baş qərargah rəisi Nəcməddin Sadıkovun otağına sərbəst
girib-çıxanlardan biri olub: “Bəziləri at kimi üzümə durur. Nədir, bütün
pulları mənimlə Nizami yeyib? Hamı burada pul qazanıb”.

Daha sonra suallara cavab verən Rəfail Xələfov deyib ki, baş verənlərdən Baş
Qərargah rəisinin xəbərinin olub-olmamasını bilməyib.

İş üzrə məhkəmə dekabrın 8-də davam edəcək.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə
Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib.

Əməliyyat tədbirləri nəticəsində nazirliyin Maliyyə İdarəsinin rəisi
general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin
sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi
Bayram Bayramov, eyni idarənin zabiti Vüsal Əlizadə və cinayət işləri ayrıca
icraata görülən digər zabitlər həbs ediliblər. Ümumi cinayət işi üzrə dövlətə
dəyən zərər 143 milyon manatdır.

İş üzrə dövlətə dəymiş ziyanın 40 milyon manat təşkil edən hissəsi ödənilib.

Source link