7e01de3c-ef49-42d7-b306-07afa030bab3..jpg

Generalın və keçmiş rəisin qətl törədən qohumu kassasiya şikayəti verdi

Baxış sayı: 810 dəfə baxılıb.

Generalın və keçmiş rəisin qətl törədən qohumu kassasiya şikayəti verdi

Tovuzda hüquqşünas Firudin Ələkbərlini güllələyərək qətlə yetirməkdə
təqsirləndirilən Əli Şəmiyev barəsindəki hökmdən kassasiya şikayəti verib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum
cəzasının yüngülləşdirilməsini istəyib.

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası martın 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2019-cu ilin sentyabr ayında baş verib.

Rayon sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu 1963-cü il
təvəllüdlü, həmyerlisi Ələkbərov Firudin Muxtar oğlunu güllələyib. F.Ələkbərli
3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək
mümkün olmayıb.

Qətlə yetirilən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon
Məhkəməsinin) sabiq sədri olub. O, 1995-ci ildə vəzifədən azad edilib və xalq
hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub, daha sonra hüquqşünas
kimi nümayəndəlik fəaliyyəti ilə məşğul olub.

Əli Şəmiyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) və 228.1-ci
(qanunsuz odlu silah saxlama) maddələri ilə ittiham verilib.

Olayın səbəbinə gəlincə, ilkin araşdırma zamanı məlum olub ki, F.Ələkbərli
Ə.Şamiyevə məxsus rayonunun Yanıqlı kəndi ərazisindəki “Su səsi” istirahət
kompleksinin və iki çimərlik hovuzunun qanunsuz inşa edilməsi, həmin kompleksin
istifadəsi zamanı zərərli tullantı sularının axıdılaraq rayon mərkəzinin və
digər yaşayış məntəqələrinin içməli su təchizatını təmin edən Zəyəm çayının
çirkləndirilməsi ilə bağlı ayrı-ayrı dövlət orqanlarına, aidiyyəti üzrə
qurumlara çoxsaylı şikayət ünvanlayıb.

Bundan başqa, F.Ələkbərli Tovuz Rayon Məhkəməsinə də müraciət edib. Lakin
məhkəmə iş adamının xeyrinə qərar çıxarıb.

Bütün bunlar hüquqşünasla iş adamı arasında münaqişəyə səbəb olub və ağır
cinayətlə nəticələnib.

Ə.Şəmiyev ifadəsində bildirib ki, F.Ələkbərli işi məhkəmədə uduzduğu üçün onu
təhdid edib, müxtəlif formada hədələyərək puldan imtina etməyə məcbur etmək
istəyib. Son görüşdə F.Ələkbərli tərəfindən təhqirə məruz qaldığı üçün silaha
əl atdığını deyən Ə.Şəmiyev könüllü şəkildə polisə təslim olub.

Məlumatlara görə, Ə.Şamiyev Tovuz Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı
Tofiq Zeynalovla və nəqliyyat nazirinin keçmiş müavini, “Azərbaycan Dəmir
Yolları” QSC-nin sabiq rəhbəri Arif Əsgərovla qudadır. “Göl Əli” ləqəbi ilə
tanınan Ə.Şamiyevin qızları Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovla və Arif
Əsgərovun oğlu Rahib Əsgərovla evləniblər. Tofiq Zeynalov isə Daxili İşlər
Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz
Zeynalovun qardaşıdır.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Şəmiyev 10 il 6 ay müddətinə
azadlıqdan məhrum edilib. Daha sonra məhkum bu hökmdən narazı qalıb və
apellyasiya şikayəti verib.

Source link