Geostrateji rəqabət şiddətlənir: Bakıda aparılacaq müzakirələr – TƏHLİL + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mərkəzi Asiya regionunun (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və
Tacikistan) liderləri Bakıya gəlirlər.
Onlar BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üzrə Xüsusi
Proqramının (SPECA) Bakıda keçiriləcək sammitində iştirak edəcəklər.
SPECA Mərkəzi Asiyada subregional əməkdaşlığı və onun dünya iqtisadiyyatına
inteqrasiyasını gücləndirmək üçün 1998-ci ildə fəaliyyətə başlayıb.
SPECA ölkələri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan,
Türkmənistan və Özbəkistandır.
Bakıda keçiriləcək tədbir Avropa və Çin arasında Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutunda (Orta Dəhliz) yeni çağırışlar qarşısında nəqliyyat
əlaqələrinin rolunun artırılmasına həsr olunub.
Çağırışlar təkcə iqtisadi-ticari layihələndirməni əhatə etmir. Eyni zamanda,
təbii ki, təhlükəsizlik problemlərinin həllini də tələb edir.
Təhlükəsizliklə əlaqədar ortaya çıxa biləcək məsələlər indi qeyd edəcəyimiz
tezislər fonunda işıqlana bilər.
Çünki Orta Dəhlizin parametrləri geosiyasi və geostrateji mübarizənin
şiddətləndiyi bir zamanda bir sıra təhlükəsizlik dilemmalarını üzə çıxarır.
Çin, Türkiyə, Mərkəzi Asiya regionunda Qazaxıstan, Cənubi Qafqazda Azərbaycan
və Gürcüstan uzun müddətdir ki, Şərqi Asiyanı Avropa ilə birləşdirəcək Orta
Dəhliz marşrutunu yaratmağa çalışırlar.
Bu ticarət trayektoriyası Şimal-Cənub Nəqliyyat Dəhlizindən yan keçir, yəni
Rusiya, İran və Hindistan bu marşrutdan nəsiblərini götürmürlər.
Orta Dəhlizin Rusiya, Hindistan və İrandan yayındırılması layihədə iştirak
edən Cənubi Qafqaz ölkələrinin və Mərkəzi Asiya dövlətlərinin alternativ
maraqlardan yararlanmaq ümidlərini artırır.
Bu nöqtədə ABŞ Hindistanla sövdələşməyə gedib Çinin yüksələn nüfuzu fonunda
Orta Dəhlizin inkişafına maneə yaratmağa çalışır.
Hətta bir az da irəli gedərək, Vaşinqtonun Avropa İttifaqına təzyiqləri də
qaçılmazdır, lakin Aİ formalaşan yeni dünya siyasi nizamında Çinlə əməkdaşlığın
dərinləşməsi ehtiyacını hiss edir.
Çünki Avropa nöqteyi-nəzərindən Orta Dəhliz Mərkəzi Asiya və Qafqaz regionunun
inkişaf edən bazarlarına, həmçinin Gürcüstan və Türkiyə limanları vasitəsilə
Yaxın Şərq, Şimali Afrika, Avropa Aralıq dənizi regionuna daha sürətli çıxış
təklif edir.
Rusiya və İran böyük bir həvəslə Azərbaycanın da iştirak etdiyi Şimal-Cənub
Beynəlxalq Nəqliyyat Marşrutunun tellərini Çinin moderatorluq etdiyi Orta
Dəhlizə inteqrasiya etməyə çalışırlar. Orta Dəhlizin xəritəsinə baxsaq, belə
bir şeyin hipotetik olaraq mümkünlüyü görünür, hərçənd ki, bununla əlaqədar bir
razılaşma yoxdur.
Burada ən güclü strateji mövqe Qazaxıstan və Azərbaycana aiddir, çünki onlar
bir növ qovşaq rolunu oynayırlar.
Çinin Mərkəzi Asiyada yüksələn profili Orta Dəhlizin diversifikasiyasını
stimullaşdırır. Pekin Orta Dəhlizin əzələlərini möhkəmləndirməkdən ötrü
Çin-Özbəkistan-Qırğızıstan-Xəzər dəmir yolu layihəsinin inkişafına təkan verir.
Qlobal rəqabətin çevik olaraq şiddətli fazaya keçdiyi, maraqlarda güzəşt
amilinin aşağı düşməsi fonunda meydana çıxan təhlükəsizliklə əlaqədar
aspektlərin motivləri suallar yarada bilər.
Orta Dəhlizdə Özbəkistanla Türkmənistanın faktiki iştirakı barədə də qısa
məlumat verək.
Özbəkistan Türkmənistanın Türkmənbaşı limanı vasitəsilə daha çox ixracata
başlayıb.
Orta Dəhliz, həmçinin, Özbəkistanın özünü regional logistika mərkəzi kimi
qurmaq planlarını həyata keçirməyə kömək edir.
Özbəkistan Orta Dəhlizin genişləndirilməsindən faydalanmalıdır, çünki tranzit
və infrastrukturun inkişafı Avropa və Asiya bazarlarına çıxışı yaxşılaşdıra
bilər.
Bundan əlavə, Orta Dəhliz marşrutunun tam gücü ilə işləməsi üçün bir sıra
inzibati, infrastruktur, maliyyə və siyasi çətinliklərin öhdəsindən gəlmək
lazımdır. Elə Mərkəzi Asiya ölkələrinin SPECA sammitində iştirak üçün Bakıya
gəlmələri qeyd olunan genişspektrli müzakirələr aparıb növbəti hədəf
portfelləri hazırlamağı qarşıya məqsəd qoyur.
Yekun olaraq:
– Orta Dəhliz boyunca yerləşən dövlətlərin maraqlarını öz tərəflərinə
çəkməkdən ötrü ABŞ, Rusiya və Çin arasında geostrateji mübarizənin böyüyəcəyini
söyləmək olar.
– Bakıdakı sammit ümumilikdə Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və
Türkiyənin maraqlarını birləşdirəcək Orta Dəhliz ideallarından geri
çəkilməyəcəyini göstərir.
Aqşin Kərimov