252f2222-338f-4e41-8911-fed11cb48ead.jpg

“Global Media Group” və BMT-nin Qlobal Sazişi arasında memorandum imzalanıb

Baxış sayı: 187 dəfə baxılıb.

Oktyabrın 9-da “Global Media Group”un idarə heyətinin sədri Elnur Abdullayev
və BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov arasında
Anlaşma Memorandumu imzalanıb.

Cixisyolu.com xəbər verir ki, imzalanan sənədə əsasən müvafiq qurumlar dayanıqlı
biznes təcrübələrinin və BMT-nin Qlobal Sazişinin 10 prinsipinin cəmiyyətdə
təbliği istiqamətində birgə tədbirlər həyata keçirəcək.

Bir müddət öncə Qlobal Sazişə üzv kimi qoşulan “Global Media Group” ekoloji,
sosial və korporativ idarəetmə (ESG) sahələrində məsuliyyətli biznes
prinsiplərinin təşviqi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG)
sadiqliyini nümayiş etdirib.

“Global Media Group”un Korporativ Sosial Məsuliyyət strategiyası da dayanıqlı
inkişaf dəyərlərinə və məsuliyyətli biznes təcrübələrinə əsaslanır. Bu
strategiya çərçivəsində şirkətlər qrupu bir sıra təşəbbüsləri reallaşdırmağa
davam edir. Enerji səmərəliliyinin artırılması, proseslərin
avtomatlaşdırılması, tullantıların azaldılması və onların emalı üçün aidiyyəti
qurumlarla əməkdaşlıq edilməsi, sənədlərin rəqəmsallaşdırılması nəticəsində
kağız sənədlərin istifadəsinin minimuma endirilməsi, ədalətli iş mühitinin
təmin edilməsi, sosial mühitə töhfələr verilməsi, işçiləri təkmilləşdirməklə
sıx əməkdaşlığa təşviq edilməsi və s. istiqamətlərdə öz töhfələrini verməyə
davam edir.

“Dayanıqlılıq bugünkü qlobal iş dünyasında əvəzolunmaz prioritetə çevrilib.
“Global Media Group” olaraq biz də missiyamızı davamlılıq prinsipləri üzərində
qurmağı öz öhdəliyimizə götürmüşük. “Global Media Group”un tərkibinə daxil olan
“Global Management”, “Report” İnformasiya Agentliyi, Baku TV və Cixisyolu.com
şirkətlərinin hər biri keyfiyyətin idarə edilməsindən ətraf mühitin
mühafizəsinə, əməyin mühafizəsindən təhlükəsizliyinə qədər ISO 9001, ISO 14001
və ISO 45001 beynəlxalq sertifikatlarına sahibdir.

BMT-nin Qlobal Sazişində iştirakımız bizə ekoloji məsuliyyətdə irəliyə doğru
hərəkət etməyə, bu istiqamətdə əmin addımlar atmağa imkan verir. Biz holdinqin
və tərkibində olan şirkətlərin strategiyasına, əməliyyatlarına və mədəniyyətinə
dayanıqlılıq prinsiplərini inteqrasiya etdirməyi, prosesləri daha şəffaf
şəkildə idarə etməyi hədəfləyirik. Bütün bu addımlar şirkətin davamlılıq
sahəsində aktiv və məsuliyyətli rol oynamasına kömək edir və nəticə olaraq,
sosial, ekoloji və iqtisadi baxımdan da müsbət təsir yaradır. Belə ki, “Global
Media Group” bu memoranduma əsasən Qlobal Sazişə yalnız üzv olmaqla
kifayətlənməyərək, daha böyük layihələrdə birgə əməkdaşlıq etməyi
planlaşdırır”, – “Global Media Group”un idarə heyətinin sədri Elnur Abdullayev
bildirib.

“Bu gün media maarifləndirməni artırmaq, ictimai rəyi formalaşdırmaq və
ekoloji, sosial və iqtisadi məsələlərdə hesabatlılığı təşviq etməklə dayanıqlı
inkişafda mühüm rol oynayır və bununla da, daha davamlı gələcəyə doğru
kollektiv fəaliyyətə təkan verir. “Global Media Group”un BMT-nin Qlobal
Sazişinə sadiqliyi və tərəfdaşlığı təkcə şirkət və onun tərkibindəki qurumların
özlərinin dayanıqlı olması üçün deyil, eyni zamanda, Azərbaycanda fəaliyyət
göstərən özəl sektorların təmin etməyi hədəflədiyimiz qlobal gələcəyi üçün
onları səfərbər etmək adına da mühüm bir dönüş nöqtəsidir”, – BMT-nin Qlobal
Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov bildirib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və Prezidentİlham Əliyevin
25 dekabr 2023-cü il tarixli sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya
naminə həmrəylik ili” elan edilməsi ilə bu ilin ölkəmiz üçün mühüm il olacağını
göstərir. Davamlılıq sahəsində beynəlxalq platformalarda daha böyük töhfələr
vermək istəyən “Global Media Group” iş dünyasında davamlılığı təşviq etməyə və
“yaşıl” bir dünya üçün bu istiqamətdə səy göstərməyə davam edəcək.

“Global Media Group” haqqında

Azərbaycanın ən böyük media-holdinqlərindən biri olan “Global Media Group”
2017-ci ildən fəaliyyətə başlayıb. “Global Media Group”a Azərbaycanda və ölkə
xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri,
xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

“Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün
http://www.gmg.az/ saytına və ya şirkətin müxtəlif sosial
şəbəkələrdə olan səhifələrinə (Facebook
| Instagram
| LinkedIn
) müraciət edə
bilərsiniz.

BMT-in Qlobal Sazişi haqqında

BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş 160-dan çox
ölkədə 15 mindən artıq biznes və 3800 qeyri-biznes tərəfdaşlarını bir araya
gətirən korporativ dayanıqlılıq təşəbbüsüdür. Azərbaycandan SOCAR,
“AzInTelecom”, “Azerbaijan Airlines”, “PASHA Technology”, “Azercell”, “Neqsol
Holding”, “Pasha Bank” və digər qabaqcıl şirkət artıq bu təşəbbüsə qoşulub.

Qlobal Saziş haqqında daha ətraflı məlumat əldə etmək üçün
https://unglobalcompact.org saytına keçid edə
bilərsiniz.

Source link