e43ad856-ffa8-4789-ab64-a30dd68d52b2..jpg

Goranboyda arxeloji qazıntılarda rəngli muncuqlar, saxsı qablar, insan skeletləri tapılıb

Baxış sayı: 612 dəfə baxılıb.

Goranboyda arxeloji qazıntılarda rəngli muncuqlar, saxsı qablar, insan
skeletləri tapılıb

Goranboy rayonunun Tatarlı kəndi ərazsində Muncuqlutəpə nekropolu tapılıb.

APA-nın yerli bürosuna AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər
Hüseynov bildirib ki, ərazidə insan sümükləri, saxsı qablar və metal əşyalar
aşkar edilib. Aşkar edilənlərin eramızdan əvvəl təxminən 8-7-ci əsrə aid olduğu
güman edilir. Qazıntı işləri təxminən bir hektar ərazini əhatə edən nekropolun
hələlik iki yüz kvadratmetrlik sahəsində aparılıb. Aşkarlanan qəbirlərdən çoxlu
muncuq aşkarlandığından nekropola “Muncuqlutəpə” adı verilib.

Qazıntı aparılan ərazi çay yatağından bir qədər aralıda yerləşir. Yaxınlıqda
Qalaboyunu qədim yaşayış yeri, Gölyeri eneolit və erkən tunc dövrü yaşayış yeri
var, ərazi kurqanlarla əhatə olunub. Ərazi qədimdə sıx məskunlaşılıb, konkret
bu nekropola gəldikdə burada dəfn olunanların Qalaboyunu yaşayış yerinin
sakinləri olduğu ehtimal edilir. Aşkarlanan qəbirlərdə insan skeletləri ilə
yanaşı məişət əşyalarına da rast gəlinir. Kənd ərazisində son tunc erkən dəmir
dövrünə aid 30-a qədər qəbir aşkarlanıb.

Dosent Müzəffər Hüseynov bildirib ki, Tatarlı kəndinin ərazisində aşkarlanan
“Muncuqlutəpə” nekropolu 2007-ci ildə qeydə alınıb:

“Həmin ildən bu ilə qədər qazıntılar davam edib. Burada olan bütün qəbirlər
Azərbaycanın digər ərazilərindən aşkar olunmuş qəbirlərdən bəzi
xüsusiyyətlərinə görə seçilir. Qəbirlərdə zoomorf tipli qablar, kişi
qəbirlərində silahlar, qadın qəbirlərində bəzək əşyaları üstünlük təşkil edir.
Bəzək əşyaları əqiqdən, sedalitdən, tuncdan hazırlanıb, bəzi bəzək əşyaları var
ki, onlar assuriya tiplidir, yəni gətirilmədir, ümumiyyətlə, buradan bir neçə
assuriya tipli qablar da aşkar olunub. Nəlbəki formalı vaza tipli qablar isə
eradan əvvəl 8-7-ci əsrdə bu ərazinin tayfaları ilə ön Asiyanın tayfaları
arasında mədəni iqtisadi əlaqələri göstərir. Goranboy rayonu ərazisində 28
dövlət qeydiyyatında olan abidə var. 40 yeni aşkar olunmuş abidə var.

Son dövrlərdə rayonun Qaraçinar kəndində arxeoloji qazıntı işləri aparılıb.
Rayonun ərazisində aparılan qazıntı işlərində Azərbaycan arxeoloqları ilə
bərabər xarici arxeoloqlar da iştirak ediblər. Bunların içərisində İtaliya və
Fransa arxeoloqları da olub. Qeyd edək ki, Goranboy rayonu ərazisində yerləşən
“Muncuqlutəpə” nekropolunda qazıntı işləri davam etdirilir. Oradan aşkar edilən
maddi-mədəniyyət nümunələri laborator şəraitdə tədqiq olunacaq və müəyyən
nümunələr xarici ölkələrə göndəriləcək”.

Source link