Görkəmli aktyor İsmayıl Dağıstanlının doğum günüdür – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün görkəmli aktyor İsmayıl Dağıstanlının doğum günüdür.
Bənzərsiz yaradıcılığı ilə özündən sonrakı aktyor nəsillərinə örnək olan,
intəhasız zəhməti ilə sənətin uca zirvələrinə yüksələn sənətkarlarımızdan biri
də Xalq artisti İsmayıl Dağıstanlı olub.
Azərbaycanın və SSRİ-nin Xalq artisti, görkəmli sənətkar İsmayıl Dağıstanlı
sənətin, səhnənin ona ehtiyacı olduğu, ən gərəkli, lazımlı vaxtlarda səhnəyə
çıxıb. Məsləyinə sarılaraq müxtəlif xarakterli rolları maraqlı, koloritli
təqdim etməklə çoxsaylı tamaşaçı auditoriyasının diqqətini çəkib, sevgisini
qazanıb.
1907-ci il yanvarın 6-da Qax rayonunun Zərnə kəndində dünyaya gələn İsmayıl
Dağıstanlı teatr fəaliyyətinə 1925-ci ildə Şəki mərkəzi fəhlə-kəndli klubu
nəzdindəki dram cəmiyyətində başlayıb.
1926-1930-cu illərdə Bakı Teatr Texnikumunda təhsil alıb. Həmçinin 1927-ci
ildən təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış
edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında
(1936-1937) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və
aktyoru olub (1932-1933).
1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində yerli və xarici
dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda özünəməxsus tərzdə və
orijinal üslubda maraqlı obrazlar qalereyası yaradıb.
Müasirləri, görkəmli sənət adamları onun yaradıcılığını, aktyorluq qüdrətini
yüksək qiymətləndiriblər. Tanınmış rejissor və pedaqoq Aleksandr Tuqanov
İ.Dağıstanlı haqqında söz düşəndə deyərmiş: “İsmayıl Dağıstanlı Şekspir
obrazlarını oynamaq üçün səhnəyə gəlib”.
U.Şekspirin “Otello”, A.N.Ostrovskinin “Tufan”, A.P.Çexovun “Vanya dayı”,
C.Cabbarlının “1905-ci ildə”, “Od gəlini”, S.Vurğunun “Vaqif”, “Xanlar” və s.
tamaşalarda ifa etdiyi baş rollar İ.Dağıstanlının geniş diapazonlu aktyor
olduğunu göstərib.
Akademik Dram Teatrının aparıcı aktyorlarından olan sənətkar geniş potensiala
və sənət duyumuna görə kinorejissorların diqqətini çəkib, müxtəlif janrlı 10-a
yaxın filmdə yaddaqalımlı ekran obrazları yaradıb.
Kinoda görkəmli kinorejissorlardan Hüseyn Seyidzadə, Ağarza Quliyev, Rza
Təhmasib, Mikayıl Mikayılov və digər sənətkarlarla işləyən aktyor yaradıcılıq
qismətinə düşən rollarını dolğun və inandırıcı oynamağa müvəffəq olub.
Kinoda debüt (Səbuhi) rolunu “Səbuhi” filmində ifa edən İsmayıl Dağıstanlı
Azərbaycan maarifçisi, dramaturqu, filosofu Mirzə Fətəli Axundzadənin
prototipini özünəməxsus ifa və jestlərlə yaradıb. Dövrünün qabaqcıl ideyaları
uğrunda mübariz kimi çıxış edən mütəfəkkirin həyat mövqeyini, düşüncələrini
inandırıcı göstərməyə nail olub.
Filmdə Mirzə Fətəli Axundzadə dövrünün reallıqları fonunda xalqını kədərdən,
bədbinliklərdən, əsarət içində yaşamaqdan qurtarmağa çalışan, bu yolda bilik və
bacarığını əsirgəməyən mübariz ədibin nigarançılığını, ictimai mövqeyini, ədəbi
və ictimai fəaliyyətini izləyirik. Obrazın təfsirində yaxın keçmişin tarixi
gerçəkliklərini görür, məzlumların kədərli həyat hekayələrini müşahidə edirik.
İstedadlı aktyorun “Koroğlu” tarixi-bioqrafik filmində oynadığı vəzir surəti
də orijinal üslub tərzinə görə maraqlı və baxımlıdır. Azərbaycan xalqının
yadelli işğalçılara və yerli zülmkarlara qarşı apardığı mübarizədən bəhs edən
filmdə vəzir obrazının təfsirində dövrünün insanlarını əsarət altında saxlayan
zülmkar vəzirin insanlara yaşatdığı faciələrin şahidinə çevrilir,
feodal-cəmiyyət münasibətlərini, haqsızlıqların sonsuzluğunu görürük.
Ümumiyyətlə hər bir yaradıcılığı ilə peşə bilicisi kimi tanınan İsmayıl
Dağıstanlının fərdi yaradıcılığı orijinal zəmin üzərində yaranmış, özünəməxsus
tərz və üslubda inkişaf etmişdir. Aktyorun digər ekran rolları, o cümlədən
“Böyük dayaq” sosial dramındakı Kərəmoğlu, “Kölgələr sürünür” dram-macəra
filmindəki Zahidov, “Qara daşlar” dram-macəra filmindəki Aslanov və digər
rolları ekran əsərlərinin ideya-məzmununun tamamlanmasına, filmlərin maraqla
izlənməsinə təkan verib.
Ömrünün 50 ildən çoxunu sənətə həsr edən, sənəti daim uca tutan aktyor bir
neçə müddət pedaqoji fəaliyyət göstərib, Azərbaycan İncəsənət İnstitutunda
kafedra müdiri vəzifəsində çalışıb. Həmçinin o, bir neçə aktyor və teatr
haqqında kitabların müəllifidir.
Görkəmli sənətkar sənətdə qazandığı uğurlarına görə 1940-cı ildə respublikanın
Əməkdar artisti, 1949-cu ildə Xalq artisti, 1974-cü ildə isə SSRİ Xalq artisti
fəxri adlarına layiq görülüb. Xalq yazıçısı Ənvər Məmmədxanlının “Şərqin
səhəri” pyesi əsasında hazırlanan tamaşadakı Kirov roluna görə Stalin mükafatı
(1948), Xalq yazıçısı İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” dramındakı Böyük
bəy roluna görə isə Dövlət mükafatı ilə təltif olunub (1972).
İsmayıl Dağıstanlı 1980-ci il aprelin birində vəfat edib.