a8fd6917-9db7-4bba-98e5-31221388df35..jpg

Görkəmli bəstəkar Qara Qarayevin doğum günüdür

Baxış sayı: 697 dəfə baxılıb.

Görkəmli bəstəkar Qara Qarayevin doğum günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin doğum günüdür.

Cixisyolu.com xatırladır ki, sənətkar 1918-ci ildə Bakı şəhərində məşhur həkim,
təbabət professor Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevanın ailəsində
anadan olub.

Qara Qarayev fortepiano ifaçılığı təhsili alıb. 1926-cı ildə Azərbaycan Dövlət
Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib. 1930-cu ildə
konservatoriyanın nəzdində fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin
fortepiano sinfinə daxil olub. 1935-ci ildə konservatoriyanın bəstəkarlıq
fakültəsində professor Leopold Rudolfun sinfində oxuyub.

1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilib. 1938-ci ildə
Moskva Dövlət Konservatoriyasının tələbəsi olub. 1941-ci ildə professor Üzeyir
Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsasları üzrə dərs alıb. Hacıbəyov ilk
andan Qara Qarayevin gələcək istedadını aşkarlaya bilib.

Üzeyir Hacıbəyovun yaradıcılığında və Azərbaycanda ilk skripka, violonçel və
fortepiano triosunda həyata keçirilən aşıq üslubu Qara Qarayevi 1965-ci ildə
həmin əsərin “Aşıqsayağı” simfonik transkripsiyasını yaratmağa ilhamlandırıb.

1938-ci ildə ilk böyük əsərini – xor, simfonik orkestr və rəqs ansamblı üçün
Rəsul Rzanın sözlərinə “Könül mahnısı” kantatasını – bəstələyib.

1941-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii
rəhbəri vəzifəsində çalışıb. 1943-cü ildə ilk simfoniyanı yazıb. 1944-cü ildə
Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyəti sədrinin müavini olub.

1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində
müəllim işləyib. 1946-cı ildə SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi
seçilib. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının dosenti olub.
1949-cu ildə Üzeyir Hacıbəyov adına İncəsənət İnstitutunun musiqi bölməsinin
rəhbəri təyin olunub. Qara Qarayev 1950-ci ildən 1953-cü ilə qədər Üzeyir
Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində
çalışıb. 1952-ci ildə Sülh uğrunda Müdafiə Komitəsinin üzvü seçilib, 1953-cü
ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri təyin olunub. Həmin
ildə Ümumittifaq Sülh həmrəyliyi tərəfdarlarının IV konfransının nümayəndəsi
seçilib və Leninqrad Dövlət Kiçik (“Malıy”) opera teatrında “Yeddi gözəl”
baletinin ilk tamaşası qoyulub. O, 1954-cü ildən 1982-ci ilə qədər SSRİ Lenin
və Dövlət mükafatları komitəsinin üzvü, 1955-ci ildən 1976-cı ilə qədər SSRİ
Ali Sovetinin IV-IX çağırış deputatı olub.

1956-cı ildən 1973-cü ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqının birinci
katibi olaraq fəaliyyət göstərib, 1956-cı ildə Azərbaycan Bəstəkarlarının I
qurultayına nümayəndə, 1957-ci ildə SSRİ Kinematoqrafiya İşçiləri İttifaqının
üzvü seçilib. Həmin ildə “Don Kixot” filminə musiqi bəstələyib.

1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Həmin
ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq
kafedrasının professoru olub. Moskvada Azərbaycan incəsənət dekadasının
iştirakçısı olub. Çexoslovakiyada “Yeddi gözəl” baletinin premyerasında iştirak
edib.

1963-cü ildə “Yeddi gözəl” baleti Birləşmiş Ərəb Əmirliklərində və CAR-da
səhnəyə qoyulub.

Qara Qarayevin yaradıcılığında Vətən mövzusu bir sıra əsərlərin özəyini təşkil
edib. İkinci simfoniya, Cövdət Hacıyevlə yazdığı “Vətən” operası, “Ürək
mahnısı” kantatası, “Səadət mahnısı”, “Azərbaycan” süitası belə əsərlərdəndir.

Qara Qarayev Tatyana Neçayeva ilə ailə həyatı qurub və bu cütlükdən Fərəc adlı
oğlu və Züleyxa adlı qızı dünyaya gəlib. O, öz həyat yoldaşını çox sevib, başa
düşüb və etibar edib. Həyat yoldaşına həsr olunmuş yeganə musiqi əsəri –
“Prelüdiya lya major”u Qarayev yuxuda eşidib, səhər isə qələmə alaraq Tatyanaya
təqdim edib. 1982-ci il mayın 13-də Moskva şəhərində vəfat edib, Bakıda Fəxri
xiyabanda dəfn olunub.

1982-ci ildə Azərbaycan Dövlət Kamera Orkestrinə bəstəkarın adı verilib,
1984-cü ildə “Bəstəkar Qara Qarayev” gəmisi dənizə buraxılıb, 1989-cu ildə
səkkizillik orta musiqi məktəbinə Qara Qarayevin adı verilib. 1991-ci ildə Bakı
şəhərində metronun “Avrora” stansiyasının adı dəyişdirilərək bəstəkarın
xatirəsinə “Qara Qarayev” adlandırılıb. Həmin ildə Bakı şəhərinin küçələrindən
birinə Qara Qarayevin adı verilib. 1998-ci ildə “Qara Qarayev” poçt markası
buraxılıb. 2007-ci ildə Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı
keçirilib.

TÜRKSOY 2018-ci ili “Qara Qarayev İli” elan edib. 2018-ci il oktyabrın 1-də
Bakının Nizami küçəsində yerləşən ev-muzeyinin açılış mərasimi olub.

Source link