Görkəmli yazıçı İsmayıl Şıxlının doğum günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünas, pedaqoq, ssenaristi İsmayıl
Şıxlının doğum günüdür.
Cixisyolu.com xəbər verir ki, sənətkar 1919-cı il martın 22-də Qazax rayonunun İkinci
Şıxlı kəndində müəllim ailəsində anadan olub. 1928-ci ildə Qazax rayonunun
Kosalar kənd orta məktəbinə daxil olub. Orta məktəbi bitirdikdən sonra
1934-1936-cı illərdə Qazax Pedaqoji Texnikumunda təhsil alıb. Texnikumda təhsil
alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olub. Qazax Pedaqoji
Texnikumunu bitirdikdən sonra 1936-1937-ci illərdə Kosalar kənd orta məktəbində
müəllimlik edib. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub və 1941-ci ildə ali
təhsilini bitirib.
İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali
Qafqaz, Krım, III Belarus cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən
orduda sıravi əsgər) olub. Tərxis edildikdən sonra 1946-cı ildə altı ay Kosalar
kənd məktəbində tədris hissə müdiri işləyib. 1946-1949-cu illərdə Azərbaycan
Pedaqoji İnstitutunun filologiya fakültəsində aspirant olub. Müəllim, baş
müəllim işləyib. Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət
1965-1968-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi kimi çalışıb.
1976-1978-ci illərdə “Azərbaycan” jurnalında baş redaktor, 1981-1987-ci
illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar
İttifaqının katibi olub. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri
seçilib. 1991-ci ildə isə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının
sədri seçilib.
1949-cu ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1984-cü ildə Azərbaycan SSR
xalq yazıçısı, 1976-cı ildə Azərbaycan SSR komsomolu mükafatı laureatı, 1954-cu
ildə filologiya elmləri namizədi, 1986-cı, 1990-cı illərdə Azərbaycan
Respublikasının Ali Sovetinin deputatı olub.
İlk mətbuat əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc
olunub. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap
etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlayıb. Bundan sonra dövri mətbuatda
müntəzəm çıxış edib. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə
tərcümə olunub.
İctimai işlərdə fəal çalışıb. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı
(1967-1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986-1995),
Azərbaycan KP Bakı şəhər komitəsinin (1968-1970), Azərbaycan KP MK-nın
(1986-1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar
İttifaqının idarə heyətinin üzvü seçilib. 26 noyabr 1991-ci ildə təşkil edilən
Azərbaycan Respublikası Ali Sovetinin Milli şurasının tərkibinə daxil edilib.
Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək
bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi”(1985) ordenləri və
medallarla təltif edilib. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973)
və Azərbaycan Respublikasının “Şöhrət” ordenini alıb.
1995-ci il iyulun 26-da Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. 28
yanvar 2019-cu ildə Azərbaycan Prezidenti İsmayıl Şıxlının 100 illik
yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.